ABŞ və İran prezidlentlərinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışları ik ölkə arasında münasibətlərin hərbi müstəvidə çözülmə ehtimalını bir qədər də artırdı. Belə görünür ki, tərəflər artıq hərbi sahədə bundan sonra bir-birinə qarşı intensiv hazırlıq işləri aparacaq. Eyni zamanda İsrail də açıq şəkildə İrana qarşı güc amilindən istfiadəni gündəmə gətirir. Elə bu səbəbdən BMT Baş Assambleyasının 72-ci sessiyası bu dövlətlər üçün artıq dönüş nöqtəsi sayılır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Baş Assambleyada ilk çıxışında Şimali Koreya, İran və Venesuelanı xüsusi qeyd edərək, bu ölkələri tənqid hədəfinə çevirib. Tramp İranla bağlanmış nüvə sazişini yenə də tənqid edib. O, dünya gücləri ilə İran arasında 2015-ci ildə imzalanmış nüvə sazişini “ən pis razılaşma” adlandırıb.
İranı "təcrid olunmuş ölkə" adlandıran Tramp bu ökədəki rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb. Tramp İranın rəhbərliyini də “terrorçu qrupları maliyyələşdirdiyini” deyərək ciddi tənqidlərə məruz qoyub: “İran hökuməti korrupsiyalaşmış diktatorluğu saxta demokratiya pərdəsi altında maskalayır. Hökumət zəngin tarixə və mədəniyyətə malik ölkəni rəhbərləri zorakılıq, qan tökülməsi və qarışıqlıq yaradan, iqtisadi cəhətdən zəifləmiş yaramaz bir ölkəyə çevirib”. Bunun qarşısının alınması üçün isə ABŞ bütün variantların masa üzərində olduğunu da bəyan edir. İran prezidenti Həsən Ruhani də BMT Baş Assambleyasındakı çıxışında ABŞ-a sərt cavablar verib. O bildirib ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur: “ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edərək özünə olan etimadı sarsıdır”. İran prezidenti Donald Trampın BMT-dəki çıxışını “kobud, absurd və nifrət dolu” adlandırıb.
İran ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti isə yaranmış şəraitdə İranın ABŞ və digər Qərb ölkələri ilə yeni müzakirələr aparmayacağını vurğulayıb: “İran heç vaxt nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət planı ilə bağlı yenidən danışıqlar aparmayacaq”. O bildirib ki, İran müzakirələrin yenidən aparılmasını heç vaxt qəbul etməyəcək: “Müzakirələr bir dəfə aparılıb. İran və 5+1 ölkələri uzunmüddətli müzakirə aparıb və müsbət nəticə əldə olunub".Vilayəti qeyd edib ki, amerikalılar region ölkələrini zəiflətməyə çalışır: “Müxtəlif tayfaların hamisi olaraq regionda gərginlik yaradır. Amerika və bəzi Qərb ölkələri Suriyadakı gərginliyin yaranmasına birbaşa səbəbkar idilər. Eləcə də sionistlər onlarla birlikdə İŞİD-i yaratdılar və Suriyanı dağıtmaq istədilər, ancaq bacarmadılar. İran və müttəfiqləri qələbə qazandı". Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib. Amma indi ABŞ və İsrail İranı öhdəlikləri pozmaqda ittiham edir. BMT Baş Assambleyasında çıxışı zamanı İsrail baş naziri Benyamin Netanyahu bir daha Tehranın təhlükəli oyun oynadığıın bildirib: “İranla razılaşmanı müdafiə edənlər bir zamanlar Şimali Koreya ilə nüvə razılaşmasından danışanlar idi. Bunun axırının necə olduğu hamımız gördük. Heç nə etməsək, bu müqavilənin də axırı Şimali Koreya kimi olacaq. Mən xəbərdar etmişdim ki, sanksiyalar götürüləndən sonra İran özünü ac pələng kimi aparacaq. İran bu gün özünü mən dediyim kimi aparır. Biz İranın Suriyada hərbi bazalar qurmasına, Suriya və Livanda bizə qarşı öldürücü silahlar istehsal etməsinə izn verməyəcəyik”. Bu, İrana qarşı açıq savaş mesajı kimi dəyərləndirilir. Baş verənlərlə bağlı “İsrail Times” qəzeti Yaxın Şərqdə baş verən hadisələrdə İranın qələbə qazandığını bildirərək, bütün müqavimət qüvvələrinin İrandan maliyyələşdiyini yazıb: “İran qapımıza qədər gəlib çatıb. Yaxın Şərqdə vəziyyət çox dolaşıqdır. Bu, İsrail üçün olduqca həssas bir məsələdir. Belə davam edərsə, İsrail İranın dəstəklədiyi qüvvələrlə savaşa başlayacaq”. Qəzetdə bir neçə İsrail rəsmisinin müsahibəsi də yer alıb. Onların fikrincə, İran Suriya, İraq və Livanda kifayət qədər nüfuz qazanıb: “Onlar bütün müqavimət qüvvələrinə dəstək verməkdədir“. Livanın İsraillə sərhədi boyunca ərazilərinə “Hizbullah“ döyüşçülərinin və İranın dəstəklədiyi qrupların nəzarət etdiyini və bunun İsrail üçün böyük təhlükə olduğunu bildirən rəsmilər İsraili ciddi addımlar atmağa məcbur olacağını bildirib. İranlı general Əbdürrəhim Musəvi cavab olaraq bəyan edib ki, İsrail xırda xətaya belə yol versə, Hayfa və Təl-Əviv şəhərləri yerlə-yeksan olacaq.
O, İsrailin ömrünün son günlərini saymalı olduğunu da bildirib.
Nahid SALAYEV