Azərbaycan diplomatiyasının qarşısında duran mühüm vəzifələrdən biri Ermənistanın işğalçı siyasətinin mahiyyəti, onun yaratdığı ağır nəticələr barədə hər fürsətdə dünya ictimaiyyətini məlumatlandırmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq arenada səsləndirməkdir. Bu xüsusda Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı Prezident İlham Əliyevin Qarabağ münaqişəsinə ayrıca diqqət yetirməsi tamamilə təbii sayıla bilər.
Qeyd edək ki, bu çıxışı ilə dövlət başçısı həm Ermənistan prezidenti Serj Sarksiyanın Qarabağla bağlı söylədiyi yalanları tam alt-üst edib, həm də əsl reallıqların nədən ibarət olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Xatırladaq ki, BMT Baş Assambleyasının sessiyasında çıxış edən Sarkisyan, öz terrorçu xislətinə uyğun olaraq, erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri gizlətməyə çalışdı. O, dünyanın adi reallığı görmədiyini sanaraq, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək cəhdlərini “aqressiya”, “demokratiyanın pozulması”, “insan haqlarının tapdalanması” kimi qələmə verməyə də cəhd göstərdi. Amma bütün bunların faydasız olduğunu əslində, Sarksiyan özü də daxil olmaqla, ermənilərin böyük əksəriyyəti yaxşı başa düşür. Digər tərəfdən, BMT-də çıxışı ilə Prezident İlham Əliyev Sarksiyanın dediklərinin tam cəfəng olduğunu yenidən bütün dünyanın nəzərinə çatdırdı. Ermənilərin törətdiyi cinayətləri konkret fakt və rəqəmlərlə diqqətə çatdıran dövlət başçısı burada İrəvan və onun hamilərəinə daha bir sərt xəbərdarlıq da etdi: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.
Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq“. Bununla Prezident ötən ilin aprel dərslərinin yenidən təkrarlana biləcəyini istisna etmir. Bu, ekspertlərə görə, həm də Ermənistanın hamiləri üçün növbəti sərt xəbərdarlıqdır. Belə vəziyyətdə aydın mesaj verilir ki, işğal altındakı ərazilər tezliklə azad olunmasa, Azərbaycan güc variantına əl atmalı olacaq. Bunun nə ilə nəticələnəcəyi isə yenə ötən ilin aprelindən yaxşı məlumdur. Ekspertlər də qeyd edir ki, bu çıxış Ermənistanın küncə sıxışdırılmasının növbəti təzahürü oldu. Hazırda ölkəmizin hərbi-siyasi və diplomarik səyləri nəticəsində ermənilər əslində gedərək daha çox küncə sıxışdırılır. Onlar da yaxşı görür ki, Azərbaycan mütləq öz suveren hüquqlarını bütün ərazisi üzərində bərpa edəcək. Bunun ən yüksək səviyyədə ifadəsi BMT tribunasından bir daha səsləndirildi. Bu mənada İlham Əliyevin BMT-də çıxışı Ermənistana bu ali təşkilatda vurulan növbəti sərt zərbə sayılır. Özü də bütün bunlar o fonda baş verir ki, Ermənistana Qarabağ münaqişəsinin həlli istiqamətində artıq real addımlar atması üçün də beynəlxalq təzyiqlər var. Xüsusən də Rusiya və ABŞ-ın qismində bu təzyiqlər özünü qabarıq büruzə verir. Belə bir vaxtda ATƏT-in Minsk Qrupunun yeni həmsədri Endryu Şeferin yenidən sələfi Riçard Hoqland tərəfindən açıqlanan altı prinspi Qarabağ münaqişəsinin həllində əsas kimi götürməsi də ABŞ-dan Ermənistana edilən daha bir xəbərdarlıq sayılır. Endryu Şefer bu xüsusda bildirir: “Səfir Riçard Hoqlanda və onun ATƏT-in Minsk Qrupunda ABŞ-ın həmsədri kimi gördüyü işlərə böyük hörmətlə yanaşıram. Hoqland peşəkar diplomat və mənim yaxın dostumdur. Cənab Hoqlandın avqustun sonunda Dağlıq Qarabağ münaqişəsi haqda verdiyi açıqlama ABŞ-ın uzunmüddətli siyasətinin təkrarı kimi qiymətləndirilə bilər. ABŞ-ın Minsk Qrupu prosesinə möhkəm bağlı olduğunu və tərəflərə beynəlxalq hüquqa əsaslanan, Helsinki Yekun Aktını ehtiva edən uzunmüddətli sülh müqaviləsini müzakirə etməkdə kömək etdiyini burda nəzərinizə çatdırmaq istərdim”.Qeyd edək ki, avqustun 24-də, ATƏT-in Misk Qrupunun həmsədri kimi fəaliyyətinin son günündə Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 6 elementi ictimaiyyətə açıqlamışdı. Bunların sırasında rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti statusun verilməsi, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin birmənalı olaraq Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə mütləq hörmət edilməli olduğu haqda bəndləri xüsusi vurğulamaq lazım gəlir. Həmçinin Riçard Hoqland qeyd etmişdi ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır, lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir. Rəsmilər, ekspertlər və proses iştirakçılarında Hoqlandın bu açıqlaması ilə ABŞ-ın Dağlıq Qarabağ mövqeyinin daha aydın və daha praqmatik formada üzə çıxdığı barədə rəy formalaşarkən Ermənistan bunu təkzib etməyə çalışdı. Bir-birinin ardınca təzadlı açıqlamalar verən Sarkisyan nəhayət bu elementləri ABŞ-ın deyil, artıq istefada olan səfir Hoqlandın mövqeyi kimi qələmə verməyə çalışdı. Amma göründüyü kimi, Endryu Şefer bütün bunların ABŞ-ın rəsmi mövqeyi olduğunu bildirir. Bu isə İrəvanın arqumentlərini tamamilə alt-üst edir.
Digər tərəfdən, artıq Ermənistanda hesab edilir ki, İrəvanın beynəlxalq miqyasda Qarabağ təzyiqlərinə davam gətirməsi mümkünsüzdür. Bunun nəticəsidir ki, bir neçə gün öncə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan danışıqlarda Qarabağətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini bildirib: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman danışıqlar dayanar”. Erməni siyasi şərhçi Ramella Mnasakyan bu xüsusda bildirir: “Ermənistan xarici işlər nazirinin Qarabağətrafı ərazilərin qaytarılması ilə bağlı dedikləri əslində danışıqlar masasında müzakirə olunanları gizlətmək cəhdidir”. Mnasakyan iddia edir ki, Nalbandyanın dedikləri erməniləri sakitləşdirməyə hesablanmış sözlərdir: “Əslində isə Ermənistan məğlub olub, hakimiyyət məğlubiyyəti gizlətmək üçün primitiv fikirləri cəmiyyətə sırıyır. Ermənistan üçün hər şey kədərlə başa çatacaq. İndiyə qədər hakimiyyət heç bir ərazinin qaytarılmayacağını deyirdi. Amma “aprel müharibəsi”ndə Azərbaycan ərazilərin bir qismini azad etdi. Sonra hakimiyyət bizi aldatmağa başladı ki, heç nə itirmirik, həmin ərazilərin heç bir əhəmiyyəti yoxdur. Halbuki, bu başlanğıc oldu və görünür, yeni ərazilərin qaytarılmasına hazırlıq gedir”. Qeyd edək ki, indiki vəziyyətdə Ermənistanın dinc yolla Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çarəsi də yoxdur. Bunu beynəlxalq güclər də istəyir. Digər tərəfdən, Azərbaycan Ermənistanın danışıqlar prosesini nəticə olmadan uzatmasına da artıq səbr etmək niyyətində deyil. Elə bu xüsusda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistana xəbərdarlığını da edib. Bütün bunlar o deməkdir ki, ya hərb, ya da sülh yolu ilə Qarabağ məsələsində yaxın tezlikdə müəyyən dəyişikliklər olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.