Ramil Hüseynov: “Hansısa şirkətin həmin ərazilərdə fəaliyyət göstərməsinə imkan vermək olmaz”
“Bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram”. Məlum olduğu kimi, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında deyib.
Nazir təəssüflə qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin, tamhüquqlu regional əməkdaşlığa maneə yaradır: “Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır. Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”.
Bütövlükdə, bu çağırışın əhəmiyyətini siyasilər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən, VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, İslam ölkələri buna ciddi yanaşsalar yaxşı olar: “Zaman-zaman Azərbaycan bu yöndə səylər göstərib. Mümkün olan qədər İslam ölkələrini işğalçı dövlətlə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bir sıra İslam ölkələri – Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı ümumiyyətlə Ermənistanla heç bir əlaqəyə malik deyil. Ancaq təəssüflər olsun ki, bəzi İslam ölkələri Ermənistanla əlaqələrə xüsusi önəm verir. Məsələn, İran, Türkmənistan və Qırğızıstanın adını çəkmək olar. Bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Bakıya səfər etmişdi. Daha sonra o, İrəvana getdi. Bu günlərdə Serj Sarkisyan Türkmənistana səfər etdi və yüksək səviyyədə qarşılandı. İranın Ermənistanla əlaqələri göz qabağındadır və bu çox təəssüf doğurur. İşğal olunan ərazilərdə hansısa formada iştiraka gəldikdə isə, müsəlman ölkələri əsla buna yol verməməlidirlər. Hesab edirəm ki, İslam ölkələri bu çağırışa son dərəcə həssas yanaşmalıdırlar. Hansısa şirkətin həmin ərazilərdə fəaliyyət göstərməsinə imkan vermək olmaz”.
Vidadi ORDAHALLI