Məhəmməd Əsədullazadə: “Bunu gündəmə gətirməklə, Avropa və ABŞ-ın Ankaraya qarşı hər hansı bir təzyiq etməsinə çalışır”
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə imzalanan, amma parlamentlər tərəfindən ratifikasiya olunmayan protokollların 2018-ci ildə ləğv olunacağı ilə hədələyib.
Belə ki, o bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasındakı çıxışında bildirib: “Türkiyə hökuməti illər öncə aramızda imzalanan protokolları sonsuzadək girov olaraq əlində saxlayacağını düşünürsə, yanılır. Münasibətlərimizdə hər hansı istiləşmə görünmədiyindən, ən gec 2018-ci ilin yaz aylarında bu protokolları ləğv edəcəyimizi hamı bilməlidir".
Qeyd edək ki, sözügedən protokollar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. 2015-ci ildə Türkiyəni heç bir addım atmamaqda günahlandıran Ermənistan protokolların təsdiqini parlamentin gündəmindən çıxarmışdı.
Türkiyə isə Azərbaycan torpaqları işğaldan azad olunana və Dağlıq Qarabağ problemi həll edilənə qədər Ermənistanla əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Digər tərəfdən, Sarkisyan bu barədə elə hədələyici tonda danışır ki, sanki protokollar ləğv edilsə, bundan itirən Ermənistan yox, Türkiyə olacaq. Əslində, bütün mənalarda bundan itirən Ermənistan olacaq. Necə ki, 1993-cü ildə Türkiyə ilə sərhədlərin bağlı qalması üzündən Ermənistan bundan zərər görür. Bunun da yeganə səbəbi Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Məclisində Türkiyəyə qarşı düşmənçilik mövqeyi bu ölkənin bir daha işğalçı siyasətinin qurbanı olduğunun göstəricisidir: “Çünki məhz bu ölkənin işğalçı siyasəti nəticəsində Türkiyə bu ölkəyə sanksiyalar tətbiq edərək, sərhədləri bağlı saxlayır. Bu da Ermənistanın Avropaya qapısının bağlanması, həmçinin, iqtisadi böhranın əsas səbəbidir. Sarkisyan protokolları bir daha gündəmə gətirməklə, Avropa və ABŞ-ın Ankaraya qarşı hər hansı bir təzyiq etməsinə çalışır. Məhz bu protokolların məğzi sərhədlərin açılmasını ehtiva edir. Göründüyü kimi,Türkiyə öz qərarında prinsipial olduğu üçün belə bir protokolların kağız üzərində qalmasını şərtləndirir. Bundan əlavə, Ermənistan ilkin olaraq işğal etdiyi ərazilərdən çıxmaqla bu protokolların işə düşməsinə zəmin yarada bilər. Halbuki, Sarkisyan rejimi ilkin şərt olmadan Ermənistanın iqtisadi blokadasının yarılmasına çalışır. Türkiyəyə qarşı düşmənçilik mövqeyi bu rejimin mahiyyətini əks etdirir. Bu gün Ermənistan əhalisinin yarısı qeyri-rəsmi olaraq Türkiyənin hesabına dolanır. Çünki qeyri-leqal yolla ermənilər Türkiyədə çalışır və ailələrinə vəsait göndərir. Sabah Türkiyə bu erməniləri geri qaytarsa, bu ölkə aclığa məhkumdur. Hesab edirəm ki, Sarkisyan protokolların ratifikasiyasını istəyirsə, ilk növbədə işğal etdiyi əraziləri boşaltmalıdır. Protokolların ratifikasiyası Türkiyə üçün deyil, Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI