Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı Ermənistana çox ciddi xəbərdarlıq idi.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, dövlət başçısı yüksək tribunadan Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırdı: "Dövlət başçısı Ermənistanı işğalçı dövlət kimi bir daha təqdim etdi. Prezident İlham Əliyev xüsusən də Ermənistan hakimiyyətinə hərbi caninin rəhbərlik etdiyini böyük cəsarətlə bəyan elədi. Prezident bunu faktlara əsaslanaraq bildirdi. Çünki Sarkisyan özü də etiraf edib ki, Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi-komandir kimi iştirak edib. Bir dövlətin ki rəhbəri hərbi cani, cinayətkar ola, o dövlətin özü nə olar? Prezident İlham Əliyev həmin tribunadan Ermənistana çox ciddi xəbərdarlıq da etdi və aprel döyüşlərini xatırlatdı ki, bu döyüşdən onlar nəticə çıxarsın və dinc əhaliyə qarşı iyrənc təxribatları dayandırsınlar".
E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev çıxışında həmçinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeritdiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını da sessiya iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan Prezidenti bir çox problemləri 5 dəqiqəyə sığışdıra bildi
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə APA-ya açıqlamasında deyib ki, prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72- ci sessiyasının açılışında etdiyi çıxış həm Azərbaycan həqiqətlərinin nüfuzlu beynəlxalq aktorlara çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi olub: “Prezident İlham Əliyev ilk növbədə orta əsr təfəkkürü ilə yaşayan despotik və korrupsiyaya uğramış hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını diqqətə çatdıraraq bunun yolverilməz olduğunu bildirdi. O, azərbaycanlılara qarşı soyqırım törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək bu vaxta qədər problemin həll edilmədiyinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan dövlət başçısı artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını söylədi. Bu təklif hazırda islahatların aparılmasının zəruri olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə yetirilmir. BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda dünyanı xaos bürüyür, etnik separatçılıq baş alıb gedir, milli dövlətlər dağılır ki, bu da beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyev məhz bu kontekstdə bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini diqqətə çatdıraraq hazırkı mərhələdə Ermənistana beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdırlar. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT doğurdan da öz Nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə gətirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır”.
H. Babaoğlu prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında işğalçı Ermənistana xəbərdarlığını önəmli sayıb: “Azərbaycan prezidenti işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər. Ona görə də, beynəlxalq birlik Ermənistan rejiminin faşizm və terror siyasətinə son qoymalıdır. Yüksək tribunadan səsləndirilən bu cəsarətli fikir əslində Ermənistanla bərabər həm də onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycan inkişaf edən, hüquqi demokratik dövlətdir. Ölkəmizdə ksenofobiya, etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan çox böyük regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələr ətrafında olduqca geniş əməkdaşlıq platforması yaranıb. Ölkəmiz beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu daima artır. Həyata keçirilən bu siyasət sayəsində regionumuzda sabitlik hökm sürür. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Prezident İlham Əliyevin BMT Baş Asambleyasındakı çıxışı ən aktual beynəlxalq və regional problemlərin həlli ilə bağlı irəli sürülən rasional təkliflərlə yadda qalmaqla, həm də Azərbaycanın mühüm və nüfuzlu tədbirdə ən yaxşı təqdimatı kimi səciyyəvi oldu”.
Politoloq Qabil Hüseynli APA-ya açıqlamasında bildirib ki, Ermənistan prezidentinin çıxışı ilə müqayisə edildikdə Azərbaycan prezidentinin çıxışı çox əhəmiyyətli və aydınlaşdırıcı idi: “İşğalçı dövlətin rəhbəri Xocalı soyqırımının iştirakçısı ola-ola Azərbaycanı təqsirləndirməyə başladı. Dövlət başçımız ona çox layiqli cavab verdi ki, bu gün Ermənistan prezidenti vaxtilə Xocalı soyqırımının başında dayanıb, torpaqlarımızı işğal edib və 30 mindən çox insanın həlak olmasında təqsirkarlardan biridir. Üstəlik, prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və 1 milyondan çox insanın didərgin düşməsi faktını vurğulamaqla dünya ictimaiyyətini bu məsələnin tənzimlənməsinə kömək etməyə çağırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var, elə qətnamələr var ki, bir gündə həyata keçirilir, amma torpaqlarımızın işğalı ilə bağlı qəbul edilmiş qətnamələr 25 ildir həyata keçirilmir. Dövlət başçısı sual etdi ki, bu ikili standartlar nə üçün baş verməlidir, BMT kimi nüfuzlu təşkilat qətnamələrin icrasını niyə təmin etmir? Bugünkü Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir? Dövlət başçısının çıxışı 5 dəqiqə oldu. Bütün problemləri 5 dəqiqəlik çıxışa sığışdırmaq mümkün deyil. Amma hər halda Azərbaycan prezidenti bir çox problemləri 5 dəqiqəyə sığışdıra bildi. Özü də Azərbaycan prezidenti Ermənistan prezidentindən fərqli olaraq, ingilis dilində çıxış etdi və bu da Azərbaycan prezidentinin çıxışına rəğbəti artıran amillərdən biridir. Hesab edirəm ki, Azərbaycan prezidentinin çıxışı BMT Baş Assambleyasının bütün üzvləri tərəfindən rəğbətlə qarşılandı”.
“Prezident İlham Əliyev düşmən ölkə başçısının sözlərinin sərsəmləmə və böhtandan ibarət olduğunu sübut etdi”
“Cənab Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakı və çıxışı ilə bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin BMT-dəki çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldı:
“Birincisi, cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistanın kriminal rəhbərini ifşa etdi, düşmən ölkə başçısının sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, cənab Prezident münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu faktlarla sübut etdi. Dördüncüsü, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bəzi dairələrin ikili standartlı siyasətinə baxmayaraq, bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Beşincisi, Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi”.
"Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular", - deyən millət vəkili əlavə edib ki, sadalanan faktorlar bir daha Prezident İlham Əliyevin ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, onun Azərbaycanda alternativsiz lider olaraq qəbul edildiyini isbatladı.
“Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi”
Bu gün ölkəmizin sürətli inkişafı, həyata keçirdiyimiz regional və qlobal layihələr, ümumiyyətlə, Azərbaycan həqiqətləri dünyanın bir çox ölkələrində ali tribunalardan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışını xüsusi olaraq vurğulamaq lazımdır. Ümumiyyətlə, ölkəmizin başçısının ABŞ-a səfəri, bu mötəbər tədbirdə iştirak və çıxış etməsi, eyni zamanda, keçirdiyi bir sıra mühüm görüşlər Azərbaycanın artan nüfuzundan xəbər verir. Bunu isə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi əsaslı və mühüm fikirlər dünya ictimaiyyətinə bir daha dəqiq mesaj oldu: “Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Nə qədər ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayıb, Ermənistanın təcavüzü nəticəsində işğal altında olan 20 faiz torpağımız azad edilməyib Azərbaycan həm hərb, həm də informasiya məkanında öz mübarizəsini və haqlı təbliğat siyasətini davam etdirəcək. Prezidentin bu sahədə yürütdüyü siyasət təqdirəlayiqdir və xalqımız tərəfindən dəstəklənir.”
YAP Siyasi Şurasının üzvü vurğuladı ki, Azərbaycan Prezidentinin sessiyada çıxışı zamanı Xocalı faciəsi ilə bağlı toxunduğu məqamlar bir daha dünya ictimaiyyətində Ermənistanın terrorçuluq siyasəti ilə bağlı aydın fikir formalaşdırdı: “Hər kəsə məlumdur ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı böyük soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın bir sıra ölkələrində rəsmi şəkildə tanınıb. Prezident “bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir” fikirləri isə Sarkisyanın bir daha beynəlxalq birlik qarşısında dəqiq faktlarla ifşa edilməsidir.”
“İki sahil” qəzetinin baş redaktoru əlavə etdi ki, Prezident İlham Əliyev cəsarətli şəkildə BMT tribunasından dünyanın beynəlxalq təşkilatlarına çağırış edərək ikili standartlara son qoyulmasını tələb etdi: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Bizim isə tələbimiz odur ki, Ermənistan bu qətnamələri icra etsin. Əgər etmirsə Ermənistana təzyiq edilsin və cəzalandırılsın. Təəssüf ki, sadaladıqlarımızın heç biri baş vermir. Əvəzində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bunun isə bir adı var-ikili standartlar. Ölkəmizin başçısı isə haqlı olaraq bəyan edir ki, bu yanaşma qəbuledilməzdir.”
V.Rəhimzadə onu da bildirdi ki, Azərbaycan Prezidentinin BMT-nin ali tribunasından ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olması, sosial və iqtisadi sahələrdə nail olduğumuz böyük inkişaf, dövlətimizin beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi tanınması ilə bağlı səsləndirdiyi dəyərli fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionun ən qüdrətli ölkəsidir və böyük güclərin əsas tərəfdaşlarındandır.
“Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Ermənistana ciddi xəbərdarlıq etdi”
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında təcavüzkar Ermənistana ciddi xəbərdarlıq etdi. Millət vəkili qeyd edib ki, Prezidentin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı çox maraqla qarşılanıb: "Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü qeyd edərək Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Mədəniyyətlərarası Dialoq forumlarının keçirilməsindən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini bildirib".
R.Əliyev bildirib ki, dövlət başçısı öz çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti bir daha dünya ictimaiyyətinin nəzərinə çatdıraraq qeyd edib ki, 25 ildən çoxdur Ermənistan Azərbaycan ərazilərinin 20 faizini – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlayır:
"1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan 24 ildir ki, bu qətnamələrə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Prezident qeyd edib ki, bəzi hallarda BMT-nin qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standartlara əsaslanan yanaşmadır".
Deputat əlavə edib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsinin zəruriliyini vurğulayıb: "Dövlət başçısı bu çıxışında dünya ictimaiyyətinin diqqətini bir daha bu münaqişəyə yönəltdi, eyni zamanda təcavüzkar Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin Xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq.
Prezident İlham Əliyev öz çıxışında müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyindən, böyük uğurlar əldə etdiyindən danışaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bir daha göstərdi ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduqda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".