Elşən Həsənov: “Bu adam həm daxili işlər naziridir, həm oliqarxdır, həm də mafiozdur”
Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investorlar üçün risqlər hələ də yüksəkdir. Bunu müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib. Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə soyğunçu dəstələrin hücumları və bəzi qaydalardır.
A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır: “Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək”.
Azərbaycanla Ukraynanın enerji əməkdaşlığına toxunan diplomat qeyd edib ki, SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrinə və neft bazasına sahibdir: “SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyub”.
Səfir müsahibəsində Azərbaycan və Ukrayna iqtisadiyyatına investisiya gətirəcək nəqliyyat dəhlizlərindən də söhbət açıb.
Doğrudan da Ukraynada Azərbaycan əsilli iş adamlarına son vaxtlar olunan basqınların sayı artıb. Hətta iş adamları olan soydaşlarımızın sırasında öldürülənlər də var. Bunun başlıca səbəbi nə ilə bağlıdır?
Ekspert Elşən Həsənovun sözlərinə görə, səfirin qeyd etdiyi məqamda böyük həqiqət var: “Ukraynada çalışan azərbaycanlı iş adamlarına qarşı son 2 ildə baş verən kriminal hadisələr soydaşlarımızın səbrini daşdırdı və onlar bir müddət əvvəl həmin ölkənin Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirdilər. Aksiyanın qətnaməsində etirazın səbəbləri aydın göstərilib. Qətnamədə bildirilirdi ki, məhz Arsen Avakov Ukrayna daxili işlər naziri təyin edildikdən sonra keçən 2 il ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara sui-qəsdlər təşkil edilib. Lakin bu cinayətlərin üstü hələ də açılmayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və daxili işlər nazirinə bununla bağlı çox müraciət ünvanlayıb, lakin bu müraciətlərə də heç bir reaksiya verilməyib.
Qeyd edim ki, Azərbaycanın Ukraynadakı diasporunun fəaliyyəti çox yaxşıdır. Azərbaycan diasporu fəaliyyətində qanunlara riayət edir, heç bir qanunsuz hərəkətə yol vermir, ümumiyyətlə diaspor əlaqələri də çox yaxşı qurulub. Ukraynadakı soydaşlarımızın böyük əksəriyyəti siyasi hakimiyyətdə vəzifə tutmur, nə əldə edirlərsə, yalnız öz çalışqanlıqları, zəhmətləri sayəsindədir. Soydaşlarımız dövlət siyasətinə qarışmır, digər ölkələrdə olduğu kimi, Ukraynada da sadəcə öz işləri ilə, biznesləri ilə məşğuldurlar. Problem Ukrayna hakimiyyətinin daxilindəki nizamsızlıqla bağlıdır. Ukrayna indi Azərbaycanın 1992-ci ildəki durumunu yaşayır. Hakimiyyət daxilində başıpozuqluq, nizamsızlıq var. Sanki Ukraynada bir yox, bir neçə prezident var. Əlində bir balaca siyasi hakimiyyət və maliyyə resursları olan özünü böyük hesab edir, öz hakimiyyətini qurmağa çalışır. Avakov da onlardan biridir. Avakov erməni əsillidir. Bu adam həm daxili işlər naziridir, həm oliqarxdır, həm də mafiozdur. Avakov əgər iqtisadiyyat naziri olsaydı, yenə anlamaq mümkün idi. Amma bu adam daxili işlər naziridir. Görünür, əlində daha çox iqtisadi güc toplamağa çalışır, iş adamlarını öz tərəfinə çəkmək istəyir. Çünki bu adamın həm də biznes maraqları var axı. Ukrayna hakimiyyətində təmsil olunan oliqarxlar bacardıqca çox iqtisadi gücə sahib olmaq istəyirlər. Biznesmenlərə təzyiq, təsir göstərirlər. Azərbaycanlı iş adamlarına qarşı cinayət tərkibli əməllərin kökündə həm də bu amilin dayanması istisna edilə bilməz”.
Məhəmmədəli QƏRİBLİ