Elşən Mustafayev: “ABŞ-dakı diasporun dəstəyindən məhrum olmaq onun maliyyədən və beynəlxalq lobbiçilikdən məhrum olması deməkdir”
Ermənistan prezidenti ABŞ-da olduğu dönəmdə həmin ölkədə fəaliyyət göstərən tanınmış diaspor fəalları tərəfindən ciddi tənqid atəşinə tutulub.
ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyan deyib ki, Ermənistanda hakimiyyət hədsiz dərəcədə xəsislik edir və ölkədəki mövcud vəziyyət prezident Serj Sarkisyanı, eləcə də başqa məmurları silkələməlidir: “Hakimiyyət tamahkardır. Bitib-tükənməyən acgözlük kampaniyası başlayıb və bu dayanmaq bilmir. Əlbəttə, bunları dəyişmək olar. Ancaq Ermənistanla bağlı belə təəssürat yaranır ki, elə bil bir qrup qayıqla buralara gələrək, acımadan yerli əhalini çapıb, talayıb. Elektrik enerjisinin qiymətini qaldırırlar. Bu nə deməkdir? Çünki onların yeni ideyası yoxdur. Kommunal xərclərin qiymətini qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyətinin dəyişiklik etmək üçün ideyası yoxdur. Onların bu əməlləri nəticəsində əhali Ermənistanı tərk edir. Onlar əlindən gələni edir ki, əhali ölkəni tərk etsin. Katalikos I Aramın dedikləri erməni xalqının ürəyindəndir. Ancaq Serj Sarkisyan və ermənilərin katalikosu II Qareginin dedikləri isə aydın deyildi. Mən onlardan həqiqəti deyəcəklərini gözləmirəm”.
“Diaspor nümayəndələri Ermənistan hökumətinə inanırmı, ölkəyə sərmayə qoya bilərmi” sualına cavabında o deyib: “Etibar və etimad sıfırdır. Onlar talan edir. Bu şikayətlərə məhkəmədə baxılmır. Mənim Ermənistanda 4 biznes obyektim var. Onlar elə bahalı da deyillər. Hər birinin dəyəri 30 min dollardır. Bu obyektlər qazanc gətirməkdənsə, məni qarət edir. Məhkəmə bununla bağlı ədaləti nə vaxt təmin edəcək?”.
Məlumata görə, Zare Palyan diqqəti Ermənistan hakimiyyətində təmsil olunanların bioqrafiyasına da çəkib: “Dövlət vəzifəsinə talançılar təyin olunur. Bu faciədir. Mən naziri öz cibinə deyil, xalqın rifahına işləməyə necə məcbur edə bilərəm? Ermənistanda düz adama “özündən razı”, “lənətlənmiş axmaq” deyirlər. Pul-para xatirinə hər işi görənlər isə istedadlı, bacarıqlı sayılırlar. Belə bir vəziyyət bizi hara sürükləyir?”.
Sarkisyanın ABŞ-dakı erməni diasporundan belə “sürpriz” münasibətlə üzləşməsini necə qiymətləndirmək olar?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, bu faktın özü Ermənistan hakimiyyətinin tamamilə dayaqlarını itirməsinə əyani sübutdur: “Ermənistan hakimiyyəti bütün parametrlər üzrə dalana dirənib. Xarici siyasət kursunda yenilik edib, Rusiyadan uzaqlaşıb Qərbə meyllənmək istəyirlər, ancaq Rusiya buna imkan vermir. Onlara sərt barmaq silkələyir. Dağlıq Qarabağla bağlı manevr etmək imkanları sıfıra enib. Hazırda bütün dünya ictimaiyyəti onlardan konstruktiv mövqe tələb edir. Ölkənin daxilində vəziyyət acınacaqlıdır. Əhali dözülməz həyat şəraitinə görə Ermənistanı tərk edir. Vəziyyət o həddə çatıb ki, orduda qulluq etməyə adam tapa bilmirlər. Tez-tez yeni konsepsiyalar ortaya atırlar ki, orduya meyli artırsınlar. Bilirsiniz ki, Ermənistanın ən böyük dayağı xaricdə fəaliyyət göstərən erməni diasporudur. Onlardan ən böyüyü və təsirlisi isə ABŞ-dadır. Düzdür, Tramp hakimiyyətə gələndən sonra əl-ayaqları bir az yığışıb. Buna baxmayaraq, Ermənistan üçün ciddi lobbiçilik edirlər. Həmin diasporun ən tanınmış simalarından biri Sarkisyanı oğru, quldur adlandırırsa, deməli vəziyyət kritikdir. Belə bir çııxışın Sarkisyanın ABŞ-a səfər etdiyi dönəmdə olması da təsadüfi deyil. Bununla bütün dünyaya və xüsusilə də ABŞ-a mesaj verilir ki, Sarkisyan ciddi adam deyil. Əslində, bu, Sarkisyan üçün olduqca ciddi siqnaldır. Cünki ABŞ-dakı diasporun dəstəyindən məhrum olmaq onun maliyyədən və beynəlxalq lobbiçilikdən məhrum olması deməkdir. Belə olan halda isə, Sarkisyanın bir yolu var, istefa vermək”.
Məhəmmədəli QƏRİBLİ