Vüqar Qədirov: “Əslində, heç o cür reputasiyaya malik olan cinayətkar birisinə BMT-də çıxış etmək imkanı verməyin özü də yanlışlıqdır”
Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını yalanın, saxtakarlığın göstəricisi kimi dəyərləndirmək olar. O, BMT tribunasından çıxış edərək üzv dövlətlərə BMT-nin əsas prinsiplərindən biri olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini arxa plana keçirməyə, yalnız xalqların öz müqəddəratını müəyyən etmək prinsipinə əsaslanmağa çağırıb.
Sarkisyan çıxışında özü də etiraf edib ki, indiyə kimi 4 dəfə eyni məzmunda BMT kürsüsündən çıxış edib və 19 sentyabr 2017-ci ildə etdiyi bu çıxışı 5-cidir. Amma göründüyü kimi, beynəlxalq birlik onun bu cür qeyri-adekvat, əsassız və beynəlxalq hüquqa zidd çıxışına lazimi reaksiya verməyib. Eyni zamanda, Sarkisyanın yalvarışları nəticəsiz qalıb.
Ermənistanın ən yaxın, hətta sərhədlərini və hava məkanını təhvil verdiyi tərəfdaşı Rusiya belə Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımayıb. Çünki Helsinki Xartiyasına görə, Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən addıma - referenduma və sairəyə Azərbaycan icazə verməlidir. Məhz buna görədir ki, ATƏT-in Minsk Qrupunda Ermənistana havadarlıq edən həmsədr ölkələr - Rusiya, ABŞ və Fransa münaqişənin həllini öz nəzarətlərinə götürüb Madrid prinsipləri adlı uzunmüddətli diplomatik vaxt öldürməni icad edəndən sonra həmişə Azərbaycanı Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirməyə razı salmağa çalışıblar.
Bir sözlə, Sarkisyan növbəti dəfə BMT tribunasından sərsəm fikirlər səsləndirdi. BMT rəhbərliyi onun bu yalanlarına niyə reaksiya vermir?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, bunu etmək üçün BMT rəhbərliyinin əlində kifayət qədər əsas var: “Çox təəssüf ki, biz onlardan heç bir hərəkət görmürük. Rəsmi Bakı üzərinə düşən nə varsa edir. Artıq BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı olduğunu sübut edən 4 qətnamə qəbul edilib. İndi keçirilən 72-ci sessiyada isə Gürcüstan, Türkiyə və Azərbaycan birlikdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü tanımaqları barədə bəyanat verəcəklər. Düzdür, Serj Sarkisyan BMT tribunasından iddia edib ki, Türkiyə sərhədləri açmazsa və “soyqırım”ı tanımazsa, 2009-cu ildə imzaladıqları əməkdaşlıq protokollarını ləğv edəcəklər. Amma prezident Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməzsə, Ermənistanla heç bir diplomatik əlaqə qurulmayacaq. Bütün bunlardan görünür ki, ayrı-ayrı ölkələr Ermənistanın yalanını ifşa edir. Ancaq təəssüflər olsun ki, BMT rəhbərliyi bu məsələdə prinsipiallıq göstərmir. Biz onlardan bunu tələb etməliyik. Sarkisyanın etdiyi çıxışda yalanları ifşa etmək çətin deyil. Əslində, heç o cür reputasiyaya malik olan cinayətkar birisinə BMT-də çıxış etmək imkanı verməyin özü də yanlışlıqdır”.
Məhəmmədəli QƏRİBLİ