Yeni neft müqaviləsinin 7 il öncədən imzalanmasında Azərbaycanın xeyrinə saysız görünən və görünməyən elementlər var
Sentyabırın 14-də imzalanmış yeni neft kontraktı barədə dolaşan suallardan biri də budur ki, köhnə neft müqaviləsinin bitməsinə 7 il qalmış yenisi niyə imzalandı. Suala ən müxtəlif cavablar var. Maraqlı yanaşmalar çoxdu. Bununla bağlı baş redaktorumuz Aydın Quliyevin də maraqlı mülahizələri var.
“Kontraktın hazırki və gələcəkdə verəcəyi iqtisadi–maliyə faydaları şübhəsizdir, bunu çoxlarının görmək imkanı var. İlk kontrakt azı 125 milyard manat fayda verdisə, tutumu daha böyük olan yeni kontraktın maliyyə faydası daha böyük olacaq. Xəzərdən Avropayadək böyük bir arenada sülh və təhlükəsizliyə mühüm töhfə olacağı da məlumdur. Ölkəmizin iqtisadiyyatı artacaq. Xarici valyutaların, əsasən dolların hansı kursda olacağından asılı olmayaraq, ölkəyə stabil valyuta axınına təminat yaradıldı. Stabil valyuta axınının nə demək olduğunu isə sübut etməyə ehtiyac yoxdur. Ancaq fikrimcə, çoxlarına vaxtından əvvəl imzalanmış kimi görünən bu kontrakt Ermənistanla bağlı çox strateji bir hədəfi dəqiq vurdu. Məsələ ondadır ki, indiki proseslərin məntiqi ilə çox da uzaq olmayan ən yaxın perspektivdə Qarabağ üzrə ilk sazişin imzalanacağı gözlənir. Ən azı, Qarabağın ətrafındaki rayonların qaytarılması qaçılmazdır və Ermənistan buna məhkum duruma düşüb. Bir tərəfdən Azərbaycan diplomatik yollarla Ermənistanı küncə sıxıb, bir tərəfdən dünya siyasətçiləri və dövlət xadimləri Qarabağ münaqişəsinin əsl mahiyyətinə tam varıblar, bir tərəfdən Azərbaycanın zorən haqlı müharibəyə hazırlaşdığından xəbərdardırlar, bir tərəfdən də BMT-də islahatlar reallaşır ki, Ermənistan üçün burada da təhlükə var. İslahatlar nəticəsində BMT TŞ qətnamələrinin icra mexanizmlərinin təkmilləşdirilməsi də gündəmdədi. TŞ-nin Qarabağ haqda 4 məlum qətnaməsinin hərəkətə gətiriləcəyi Ermənistanı çox qorxudur. Bütün bunlar ehtimal etməyə çox əsaslar verir ki, Ermənistan yaxınlarda ətraf rayonların qaytarılması üzrə ilk Qarabağ sazişinə imza atmağa məcbur ediləcək. Məncə, o zaman Ermənistan rayonlarımızın qaytarılması qarşılığında Azərbaycanın neft layihələrində iştirak payı əldə etmək iddiasını ortaya qoya bilər. Mən bunu çox real görürəm. Ancaq Azərbaycan yeni neft kontraktını məhz indi imzalamaqla Ermənistanın belə iddia ortaya qoymaq şansını tam kəsdi. Müqavilənin çox erkən imzalandığını iddia edənlər bu nüansı unutmamalıdır”.
Namiq QULİYEV