Musa Qasımlı: “BMT-də islahatların aparılmasına dair müzakirələrin də xeyirli olduğu qənaətindəyəm”
ABŞ-da səfərdə olan Prezident İlham Əliyev Nyu-Yorkda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, "Vaad L`Hatzolas Nidchei Yisroel" yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə də görüşüb.
Görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycanlə əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, Bakıda Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirib. Malkolm Honlayn Azərbaycanla ABŞ, eləcə də Azərbaycanla İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirib. Dövlət başçısı Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu vurğulayıb. Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda, digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu deyiblər, ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndiriblər. Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ümumilikdə, İlham Əliyevin keçirdiyi görüşlərin əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Qasımlının fikrincə, sözügedən görüşlər mühüm əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı və keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, ilk növbədə Nyu-Yorkda yəhudi təşkilatlarının rəhbərləri ilə keçirilən görüş faydalıdır. BMT-də islahatların aparılmasına dair müzakirələrin də xeyirli olduğu qənaətindəyəm. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti 2003-cü ildə BMT-də etdiyi nitqində islahatların zəruriliyini vurğulamışdı. O baxımdan keçirilən görüşləri müsbət dəyərləndirirəm”.
Vidadi ORDAHALLI