Əli Orucov: “Nalbandyan BMT-də keçirilən sessiya dövründə ona görə belə açıqlama verdi ki...”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq 25 ilə yaxındır danışıqlar davam etdirilir. Lakin ötən ilin aprelində təmas xəttində baş verən hadisələrdən sonra Ermənistan tərəfi danışıqlardan yayınır. ATƏT-in Minsk Qrupu həmsədrləri isə danışıqları Ermənistanın irəli sürdüyü absurd təkliflər üzərində qurur. Amma bu da Ermənistana kömək etmir. Çünki Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq arenada apardığı ardıcıl siyasət və təmas xəttində hərbi üstünlüyə nail olması Ermənistanı faktiki olaraq dalana dirəyib. Rəsmi İrəvan yaxşı başa düşür ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır.
Ermənistan XİN başçısı Edvard Nalbandyanın 18 sentyabrda İrəvanda keçirilən ümumerməni “Ermənistan-Diaspora” forumunda ölkəsinin güzəştə gedə biləcəyini deməsi müxtəlif müzakirələrə səbəb olub. Erməni nazir “Ermənistan təhlükəsizlik baxımından Dağlıq Qarabağı təhdid etməyən 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparır” - deyə bildirib.
Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”.
Bu arada digər erməni rəsmisi Şavaş Köçəryan isə tamam fərqli açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, heç bir rayonun qaytarılmasından söhbət gedə bilməz. Bu cür ziddiyyətli açıqlamalar Ermənistan hakimiyyətində ikitirəliyin yaranması kimi başa düşülə bilərmi?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu daha çox Ermənistan hakimiyyətinin oyunbazlığına bənzəyir: “Ona görə də birmənalı şəkildə bunu ölkə hakimiyyətində ikitirəliyin yaranması kimi dəyərləndirmək çətindir. Çünki forpost ölkə olan Ermənistanda hakimiyyət avtoritar formada idarə olunur. Ermənistan hakimiyyət rəsmilərinin ərazilərin qaytarılması ilə bağlı fərqli açıqlamalar verməsi əsasən danışıqlarda vaxtı uzatmağa hesablanıb. Onların öz niyyətinə gəldikdə isə, ərazilərin bir qarışını belə qaytarmaq istəyində deyillər. Sadəcə, Nalbandyan BMT-də keçirilən sessiya dövründə ona görə belə açıqlama verdi ki, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatsın. Guya ki, Ermənistan münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıdır. Bəzi ərazilərin qaytarılması fikrini səsləndirməklə, barələrində “sülhpərvər” rəy formalaşdırmaq istəyirlər. Əslində, Ermənistan danışıqlarda güzəştə getməkdə maraqlı deyil. Serj Sarkisyanın BMT tribunasında Azərbaycana yönəlik aqressiv açıqlamaları bunu bir daha sübut etdi”.
Vidadi ORDAHALLI