Məhəmməd Əsədullazadə: “BMT-nin qətnamələri şəksiz yerinə yetirilməlidir”
"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi həmin bölgədəki istiqlalın açarıdır". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında çıxışı zamanı deyib.
O xüsusi olaraq vurğulayıb ki, Cənubi Qafqazda münaqişələrin həll edilməsi ilə bağlı daha çox səy göstərmək lazımdır: “Sülh, istiqlal və rifahın hakim olması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Bu səbəbdən Yuxarı Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik.
Bu gün görməməzlikdən gəldiyimiz hər bir böhranın sabah regional, hətta qlobal qarşıdurmanın fitilini alovlandıra biləcəyini əsla unutmamalıyıq”.
Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub. Açılışda dünyanın əksər ölkələrinin dövlət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak ediblər.
Aydın məsələdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır və zaman-zaman müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə edib. Bir sözlə, bu məsələdə Türkiyə nə mümkündürsə onu edir. Bu baxımdan Ərdoğanın münaqişənin həlli ilə bağlı BMT tribunasında səsləndirdiyi fikirləri ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “BMT-nin Baş Assambleyasında Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Qafqaz regionu ilə bağlı, xüsusilə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün həll olunmasını irəli sürməsi dünya ictimaiyyətini bir daha bu yüksək tribunadan məlumatlandırmış oldu. Hazırda Cənubi Qafqazda geosiyasi vəziyyət stabil deyil. Çünki Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü pozulub. Belə vəziyyət regionda destabilizasiya yaradır. BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı məlum qətnamələrinin yerinə yetirilməməsi cənab Ərdoğanın vurğuladığı məsələdir. Qeyd edim ki, Türkiyə prezidentinin gündəmində Qarabağ münaqişəsi daim prioritet olub. Bunu bir daha BMT tribunasından səsləndirməsi Azərbaycana verdiyi dəstəyin bariz nümunəsidir. Hesab edirəm ki, BMT-nin Qarabağla bağlı məlum qətnamələrinin yerinə yetirilməməsi Təhlükəsizlik Şurasının daimi üzvlərinin birbaşa siyasətinin nəticəsidir. Qeyd edim ki, BMT-də islahatların aparılması ilə bağlı çağırışlarda bu kimi məsələlərin həlli də gündəmdə olmalıdır. BMT-nin qətnamələri şəksiz yerinə yetirilməlidir. Cənab Ərdoğanın Qafqazla bağlı bəyanatları bir daha göstərir ki, Türkiyə daim Azərbaycanın yanındadır”.
Vidadi ORDAHALLI