Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi sərsəm fikirlər erməni həyasızlığının növbəti nümunəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir: “Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. Ona görə hesab edirəm ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Serj Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir".
“Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil”
Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bunu isə millət vəkili Elman Məmmədov deyib.
O, qeyd edib ki, Serj Sarkisyanın quldur, cani olduğu BMT-yə məlumdur: "Bu şəxs Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən səhra komandiridir. Azərbaycanın BMT-yə hansı ərazi ilə daxil olması da təşkilatda var. Yəni bütün bu faktların qarşısında Sarkisyanın BMT kürsüsündə danışdığı sərsəm fikirlərin heç bir hüquqi əsası yoxdur. Onun danışdığı şər-böhtandır. BMT rəhbərliyi bilir ki, onların özləri Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğal olunduğunu tanıyıblar və həmin ərazilərdən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə bu qurumun 4 icra olunmamış qətnaməsi var. Onlar özləri Sarkisyana sual verməlidirlər ki, bu qətnamələri niyə icra etmir və Ermənistan qoşunlarının Azərbaycan ərazisində nə işi var? Sarkisyan utanmadan işğal etdikləri ərazidə yeni bir erməni dövləti yaratmaq istədiklərini BMT kürsüsündən elan edir. Mən inanıram ki, Ermənistan prezidentinin bu cür sayaqlamaları BMT rəhbərliyi tərəfindən qanuni qiymətləndiriləcək".
“Sarkisyanın BMT-də çıxışı teatr tamaşasını xatırladırdı”
“Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı yalan və saxtakarlığın klassik formasıdır” deyən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası və Türkiyəni bu gün tarixi saxtakarlıq olan “erməni soyqırımı”nda ittiham etməsindən sonra qonşulara dostluq münasibəti təklif etməsi məlumatsız auditoriya üçün qurulan bir teatr tamaşasını xatırladır: "Sarkisyan sivil, demokratik, müasir düşüncəli bir lider kimi görünməyə çalışır, ancaq Ermənistan dünyada artıq çoxdan beynəlxalq hüquq normalarına riayət etməyən, qonşu dövlətlərlə müharibə və diqtə dilində danışan, öz ölkəsində demokratik dəyərləri tapdalayan bir ölkə kimi tanınır”.
Deputat vurğulayıb ki, Ermənistan bu gün saxta bir oyun oynamağa, beynəlxalq ictimaiyyətdə özünün ləkələnmiş imicini təmizləməyə çalışır: "O, ölkə daxilində indiki hakimiyyətin bir güc və nüfuz olduğunu göstərməyə çalışır. Amma tarix belə saxta oyunları çox görüb. Hesab edirəm ki, Ermənistanın özünü təmizə çıxarmaq və törətdiyi cinayətlərdən yaxasını qurtarmaq mümkün olmayacaq”.
“Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışının növbəti dəfə şahidi olduq”
“BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla bağlı yalan, iftiralarla dolu çıxışının növbəti dəfə şahidi olduq”. Bunu isə millət vəkili Elman Nəsirov deyib. O qeyd edib ki, Sarkisyanın çıxışı bir daha dünyaya nümayiş etdirdi ki, bu dövlət baş tutmuş dövlət deyil və onun başçısının çıxışı kifayət qədər lokal məzmunludur, heç bir beynəlxalq gündəlik müəyyən edən məsələlərə aidiyyəti yoxdur: "Bu bir daha göstərdi ki, dünyanı narahat edən məsələlər Sarkisyanı narahat etmir, onun çıxışı yalnız əsassız ittihamlardan ibarətdir, yalan, iftiralarla qurulan cümlələrdir. Əvvəla, Ermənistan prezidenti yenə çıxışında qondarma "erməni soyqırımı" iddialarını gündəmə gətirib. Bundan sonra isə o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən erməni yalanlarını beynəlxalq tribunada səsləndirib, özünü rüsvay etdi. O,BMT kürsüsündən yenidən ərazi bütövlüyü prinsipini qəbul etmədiyini bildirdi. O bir daha beynəlxalq hüquq prinsiplərini qəbul etmədiyini ortaya qoydu. Bu da beynəlxalq müşahidəçilərin diqqətindən heç bir halda yayınan məsələ deyil".
Deputat qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli tarixi ərazisidir. Sarkisyan isə həmin ərazidə olmayan və yaradılması mümkün olmayacaq qondarma bir rejimin adını çəkir: "Onun bu çıxışı həmçinin BMT rəhbərliyinə hörmətsizlikdir. Ən azından ona görə ki, BMT rəhbərliyinin qəbul etdiyi 4 qətnaməni Sarkisyan rejimi icra etmir. BMT erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə 4 qətnamə qəbul edib. Sarkisyan isə BMT kürsüsündən həmin işğal etdikləri ərazilərdə "demokratik rejim" yaratmaq istədiyini bəyan edir. Sarkisyanın bu çıxışının BMT rəhbərliyi və beynəlxalq müşahidəçilər tərəfindən gülünc fikir kimi qəbul ediləcəyinə şübhəm yoxdur".