Həyat Məhərrəmova: “Türküstan vilayəti qəsbkar erməni millətçilərin törətdiklərinin şahidinə çevrilib” Zaur Əliyev: “Ermənilər yalnız Azərbaycanda deyil, digər türk ellərində də qanlı cinayətlər törədib”
Erməni terrorundan ancaq Azərbaycan xalqı əziyyət çəkməyib. Dünyada analoqu olmayan erməni terror təşkilatları digər türk xalqlarına qarşı da müxtəlif vaxtlarda kütləvi soyqırım və terror aktları həyata keçirib. Uzun illər məxfi saxlanan bu hadisələr barədə sənədlərin çoxu son dövrlər aşkarlanıb. Məlum olub ki, ermənilər Orta Asiyada da qanlı terror olayları törədib. Ermənilərin türk xalqlarına qarşı həyata keçirdiyi bu qanlı cinayətlərdən on minlərlə insan zərər çəkib, qətlə yetirilib, ev-eşiyindən didərgin salınıb.
Bilirik ki, özbək alimi, tarixçi Şöhrət Barlas müəllifi olduğu “Türküstan və Cənubi Qafqaz XIX - XX əsrlər. Daşnaklar - Qarabağdan Fərqanəyə qədər” kitabında bu məsələni ətraflı işıqlandırıb.
Ş.Barlas müsahibələrindən birində qeyd edib ki, bu geniş araşdırmada müxtəlif mənbələrin faktlarından istifadə edilməklə, Qafqaz və Türküstanda xarici qüvvələr tərəfindən yaradılmış süni problemlər dəqiq analiz edilib: “Araşdırma nəticəsində Qafqaz və Türküstanda XIX əsrin birinci yarısında baş vermiş dəhşətli hadisələrin üzərinə işıq salındı. Hər iki regionun xalqlarının xarici qüvvələr tərəfindən başına gətirilən dəhşətli bəlalar haqda faktlar ortaya çıxdı”.
Ermənilərin Orta Asiyada törətdiyi cinayətlərdən danışan kitab müəllifi qeyd edirdi ki, bu faciə haqda, Türküstanda daşnak-bolşevik qırğınları barədə özbək müəllifləri çox yazıblar: “Yazıçılar, şairlər, publisistlər, müstəqil müəlliflər və araşdırmaçı tarixçilər baş vermiş hadisələri dərindən araşdıraraq və analiz edərək həmin dövrlər Türküstanda daşnaklar və boşeviklər tərəfindən minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsini sübut ediblər. Məsələn, özbək tarixçi-alimi Şamaqdiyev özünün “Fərqanə vadisindəki vətəndaş müharibəsinin oçerkləri” kitabında hələ 1961-ci ildə erməni daşnaklarının Fərqanə və Türküstan muxtariyyətinin digər şəhərlərində törətdikləri vəhşiliklərdən yazıb. Özbək alimi M.Həsənov özünün “Kokand muxtariyyəti” kitabında erməni daşnaklarının Türküstandakı vəhşilikləri barədə məlumat verib. Məlumdur ki, Sovet dövründə bu haqda yazmaq qadağan idi, ona görə də bu faktlar heç vaxt ictimailəşdirilməyib”.
O, həmçinin, qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin milli arxivlərində erməni-daşnak qırğınları ilə bağlı kifayət qədər fakt var və o bu faktları araşdırıb: “Bütün Mərkəzi Asiya respublikaları adından danışa bilmərəm, çünki onların arxivlərində olmamışam. Erməni-daşnak qırğınları Fərqanədə baş verdiyindən, bu haqda materiallar əsasən Özbəkistanın arxivlərində saxlanır. Fərqanə vadisinin əhalisi erməni daşnakları və bolşeviklər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bu haqda həm Özbəkistanın Mərkəzi Arxivində və Özbəkistan Prezidentinin Arxivində kifayət qədər material var. Fərqanə, Əndican və Namanqan vilayətlərinin arxivlərində də daşnak qırğınları haqda onlarla fakt var. Qafqaz və Türküstan əhalisinin günahı nə idi? Nəyə görə erməni daşnakları və bolşeviklər paralel olaraq 1918-ci ildə hər iki bölgədə dinc insanları amansızcasına qırıblar? Erməni daşnak banditlərinin bolşeviklər tərəfindən seçilməsi və bu qırğınları törətmələrinə şərait yaradılması onlarda müqəddəs heç nəyin olmaması ilə əlaqədardır. Bundan başqa, belə çirkli işi ruslar qısdən ermənilərə gördürüblər ki, gələcəkdə buna görə özlərinə qarşı çox nifrət qazanmasınlar. Ermənilər bu işdə ruslara türk düşmənı kimi sadiq quduz köpək xidməti göstəriblər. Ermənilərdəki türkofobiya və islamofobiya həmin illərdə ruslar tərəfindən çox məharətlə istifadə olunub. Erməniləri "Böyük Ermənistan" yuxusuna verən Rusiya onlardan həm Osmanlı imperiyasına qarşı istifadə edib, həm də Rusiyanın daxilində ən çirkin işlərdə, azərbaycanlılara, Türküstan əhalisinə qarşı qırğınlarda istifadə edib”.
Orta Asiyada erməni və bolşevik birləşmələrinin törətdiyi cinayətlərin əsl soyqırım olduğunu qeyd edən özbək tarixçisi vurğulayıb ki, ümumiyyətlə bolşevik ekspansiyası Türküstanda milyonlarla insanın ölümü ilə nəticələnib: “Bu qırğında erməni daşnaklarının rolu böyükdür! Dinc əhalidə qorxu yaratmaq üçün onun vəhşicəsinə qırılması əsl terrordur, etnik təmizləmədir və soyqırımdır... Özbək tarixçisi Ş.Şamaqdiyevin arxiv materialları əsasında ortaya çıxardığı rəqəmlərə görə, 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib və cinayətin izini itirmık məqsədilə daşnaklar bütün meyitləri yandırıblar. Türküstanda bütün bu bolşevik-daşnak terroru arxiv materialları ilə təsdiqlənir. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 özbək öldürülüb. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər öldürülüb”.
O qeyd edib ki, daşnak-bolşevik cəlladlarının cinayətləri Fərqanədə törətdikləri soyqırımla bitmir. Onun fikrincə, onlar bütün Mərkəzi Asiyada belə qırğınlar törədiblər. “Türküstanın milli azadlıq mübarizəsi isə müasir Özbəkistanın tarixində öz əksini tapıb və ümumtəhsil müəssisələrində tədris olunur. Ali məktəblərdə bu haqda mühazirələr oxunur və bu mövzu dövlət imtahanına salınıb. Sovet dövrü Özbəkistan Respublikasının tarixində "Sovet kolonial dövrü" kimi öz əksini tapıb” - deyə tarixçi vurğulayıb.
Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində qeyd etdi ki, Orta Asiyada törədilən qətliamların ermənilərin birbaşa iştirakı ilə həyata keçirilməsi ona göstərir ki, erməni daşnakları, terror təşkilatları türklərə qarşı bu işləri etnik təmizləmə zəminində həyata keçiriblər: “Erməni daşnak millətçiləri müxtəlif illərdə Azərbaycanda qətliamlar törədiblər və bu bizim yaxın keçmişimizin ən qanlı və unudulmaz səhifələrindən biridir. Erməni cəlladlarının əli təkcə Azərbaycan əhalisinin yox, həm də Türkiyə, Mərkəzi Asiya regionlarında yaşayan türk-müsəlman, habelə digər millətlərə mənsub günahsız insanların da qanına bulanıb. İndiki türkdilli respublikaların sələfi sayılan Türküstan vilayəti qəsbkar erməni millətçilərinin törətdiklərinin şahidinə çevrilib. Həm Rusiya imperiyası, həm sovet hakimiyyəti dövrlərində öz çirkin məqsədlərinə nail olmaq üçün “sədaqət” göstərməyə çalışan ermənilər onlara isti yuva, yaşayış bəxş etmiş bu türk ellərinə qarşı xəyanətkar simasını göstərmişdi. Tarixi faktlara görə, 1918-ci ildən etibarən 1919-cu ilə qədər daşnaklar tərəfindən Fərqanə vadisinin, demək olar ki, bütün şəhərləri qarət olunmuş və məhv edilmişdi. 1918-ci ilin 13 fevralında Kokand və ətraf qışlaqların əhalisinə qarşı amansız soyqırım həyata keçirilmişdi. Daşnaklar üç gün ərzində, sadəcə, bədbəxtsizlikdən onların qarşılarına keçən bütün müsəlmanları öldürür, ev və dükanlarını qarət edirdilər. Lakin Kokand muxtar vilayətinin özbək müdafiəçiləri ilə yanaşı, həm də Türküstan muxtariyyətinin müdafiəçiləri olan farslar, yəhudilər, hətta ruslar və onların azsaylı icmaları yaş və cins fərqi olmadan qəddarcasına qətlə yetirilmişdi”. Kokand vilayətinin dağıdılması və Birinci Dünya Müharibəsi dövründə əsir düşmüş, lakin kifayət qədər hərbi təcrübəyə malik macar, avstriyalı, almanlardan təşkil olunmuş Qızıl qvardiyanın Kokandı işğal etməsindən sonra erməni icmasının nümayəndələri, bir sözlə, bütün bərbərlər, qəssablar, şərabçılar və alverçilər onlara qoşuldu. Şəhər administrasiyasının həm vətəndaş, həm hərbi əhəmiyyətli əsas vəzifələri ermənilərin əlinə keçdi. Aktiv ermənilərin hamısı “Daşnaksütun”da birləşdirilmiş və öz qrup maraqlarını sərbəst şəkildə müdafiə etməyə davam etmişlər”.
H.Məhərrəmova bildirdi ki, son illər arxivlərin alimlərin üzünə açılması nəticəsində ermənilərin Orta Asiyada törətdiyi qətliamlar haqqında ciddi dəlillər, faktlar ortaya çıxıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bizimlə söhbətində ermənilərin Orta Asiyada törətdiyi qətliamların əsl soyqırım cinayəti olduğunu bildirdi: “Bütün dünya bilməlidir ki, erməni terrorçuları türk xalqlarına qarşı böyük terror, qətliam aktları həyata keçirib. Bu cinayətlər saymaqla bitmir. Ermənilər yalnız Azərbaycanda deyil, digər türk ellərində də qanlı cinayətlər törədib. Harada terror varsa, ermənilər oradadır. Ermənilərin Orta Asiyada həyata keçirdiyi soyqırım haqqında alimlər ortaya ciddi faktlar çıxarıb. Bu barədə özbək tarixçi Şuxrat Salamov yazır: “Erməni şovinizmi müsəlmanlıq yox, türkçülük əleyhinə hazırlanıb”. Müəllif bu fikrə gələrkən Azərbaycanla yanaşı, Mərkəzi Asiyanın türk dövlətlərində baş verən hadisələrə əsaslanır. Özbəkistanda Fərqanə vadisinin şəhərlərində və kəndlərində 1918-ci ilin fevral ayında erməni daşnaklarının bolşeviklərlə birlikdə insanlığa qarşı törətdikləri vəhşilikləri insanlar bu günə qədər unutmayıblar. Elə həmin ilin mart ayının 31-də isə erməni daşnakları həmin müsibətləri Bakıdakı müsəlman türklərin də başına gətirdilər. 1897-ci ildə 120.000 əhalisi olan Kokandın 1926-cı ildə 69.300 əhalisi qalmışdı. Yandırılmış, viran olmuş şəhərlər və kəndlərlə birlikdə, insanları da amansızcasına məhv etmişlər”.
İradə SARIYEVA