Ağa Seyidli: “Ən başlıcası isə, Ermənistanın Qərbə doğru meyllənməsinin qarşısını almağa hesablanıb”
Bütün Rusiya və Moskvanın patriarxı Kiril Ermənistanda baş verən son hadisələri şərh edib. Patriarx Kiril Rusiya imperiyasının tarixi və kilsənin dövlətçiliyin möhkəmlənməsindəki rolu haqqında çıxışı zamanı diqqətini son günlər Rusiya əleyhinə nümayişlərin keçirildiyi Ermənistandakı hadisələrə yönəldib.
Bütün Rusiyanın patriarxı deyib: “Erməni dövləti yaranan gündən bu xalqı qoruyuruq. Onlar heç pravoslav da deyillər. Biz həmişə Ermənistanı rus dövlətinin bir parçası saymışıq və azsaylı erməni-katolikləri göz bəbəyimiz kimi qorumuşuq. Belə mürəkkəb coğrafiyada Rusiyasız Ermənistan mövcud ola bilməzdi. İndi isə, diqqət yetirin, hər şey qəfil dəyişir və xeyirxahlıq unudulur. Osmanlı imperiyasının tərkibində olanda katolik dünyası onları heç yada salmırdı. İndi isə ermənilər o vaxt onları taleyin amansız girdabına buraxan dövlətlər nə çalsa, onu da oynayırlar. Ermənilərə sülh arzulayıram. Amma bir həqiqəti unutmasınlar ki, Rusiya olmasa, onlar məhv olarlar. Bu torpaqlarda (Ermənistan ərazisi nəzərdə tutulur-red.) onların xilaskarı, pravoslav rus əsgəri qan tökərək Ermənistanı yaşadıblar, onlar olmasa, erməni dövləti də olmayacaq”.
Patriarxın Ermənistanı bu şəkildə sərt tənqid etməsi nə ilə əlaqəli ola bilər?
Ekspert Ağa Seyidli qəzetimizə bildirdi ki, patriarxın son çıxışında Ermənistana yönəlik sərt notlar var: “Bilirsiniz ki, Kiril Rusiyada böyük nüfuza malikdir. Dövlət adamları və prezident ona böyük ehtiramla yanaşır. Yəni bu ranqda olan bir din xadiminin belə bəyanat səsləndirməsinin arxasında ciddi faktorlar durur. Onun çıxışı həm də Ermənistan üçün bir xəbərdarlıq rolunu oynayır. Fikirlərin sərtliyindən görünür ki, Moskva Ermənistanın özünə yeni yiyə axtarışına çıxmağını dəqiq bilir. Kirilin söylədiyi fikirlərdə erməni milləti faktiki olaraq aşağılanır, onlara nankor deyir. Patriarxın bəyanatında, həmçinin, qeyd edilir ki, Ermənistanın dövlətçilik tarixi belə yoxdur və onlar mövcudluğuna görə Rusiyaya borcludurlar. Hesab edirəm ki, bu, Rusiyanın adından Ermənistana verilən ilk və yumşaq formada olan mesajdır. Ən başlıcası isə, Ermənistanın Qərbə doğru meyllənməsinin qarşısını almağa hesablanıb. Cünki katoliklərin məskəni Avropadır. “Rusiya olmasa, onlar məhv olar” ifadəsinin arxasında da dərin məna var. Bir növ, Ermənistana deyilir ki, ağıllı olmaq lazımdır. İnanmıram ki, Ermənistanın dini lideri özündə cürət tapıb bu məsələyə reaksiya versin”.
Məhəmmədəli QƏRİBLİ