Elman Nəsirov, Qüdrət Həsənquliyev, Qabil Hüseynli də oxşar fikirlər sərgilədilər…
Türkiyəli nazirlərin Niderlanda buraxılmaması təəssüfedici bir haldır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, bu həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır: “Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi, əlbəttə, yaxşı hal deyil. Sözsüz ki, Niderlandda yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və referendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişikliklər haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi".
Birinci vitse-spiker qeyd edib ki, nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması deməkdir: "Belə olan halda ortaya bir sual çıxır: insan hüquqlarından dəm vuran Avropa insan hüquqlarına bu cür yanaşırmı?! Bu cür yanaşmanı və münasibəti qəti şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətiriləcək".
Millət vəkili Elman Nəsirov deyib da deyir ki, Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir. Millət vəkili bildirib ki, Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir: "Bu, dünya tarixində anoloqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmir".
Millət vəkili qeyd edib ki, Niderlandın bu davranışı beynəlxalq hüquq normalarına sığmır: "Türkiyə artıq sanksiyalar tətbiq etmək barədə mövqeyini ortaya qoyub. Hesab edirəm ki, Niderland bu məsələyə düzgün qiymət verməli və Türkiyə ilə münasibətləri bərpa etməyə çalışmalıdır".
“Son vaxtlar həm ABŞ-da, həm də Avropada islamofobiya meyllərinin gücləndiyi müşahidə olunur”. Bunu isə APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, özünü demokratiyanın beşiyi sayan, demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələr demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxırlar: “Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdırırlar. Bu, bizi hiddətləndirir”.
BAXCP sədri hesab edir ki, Türkiyə hökuməti bu cür təxribatlara emosional və kəskin reaksiyalar verməməlidir: “Çünki Avropa ilə münasibətlərin tamamilə korlanması Türkiyənin dövlət maraqlarına cavab vermir. Türkiyənin rəsmiləri daha təmkinli davranmalı, bu cür konfliktlərdən qaçmalıdırlar. İmkan verməməlidirlər ki, Türkiyəyə qarşı böyük bir informasiya savaşı açılsın və Türkiyənin dünyadakı imici tamamilə korlansın. Çünki dünyanın aparıcı KİV-i Qərbin nəzarətindədir və bu baxımdan Qərblə bu qarşıdurma Türkiyənin və müttəfiqlərinin dövlət maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan Türkiyə hökumətinin daha təmkinli davranmasını arzulayardım. Türkiyəni təxribatlara çəkirlər və Türkiyə bu təxribatlara getməməlidir”.
Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında çox mürəkkəb situasiyanın yarandığını vurğulayıb: “Qərb ölkələrində demokratik dəyərlərin böhranı təsiri bağışlayan hərəkətlərə yol verilir. Türkiyə Avropa türklərinin arasında təbliğat işlərini qurmaq üçün diplomatik protokola uyğun variantlar seçə və həmin ölkələrin siyasi rəhbərliyinin razılığını alaraq bunu edə bilərdi. Amma xüsusən Hollandiyada baş verənlər ətürpədicidir.
Türkiyənin Rotterdamdakı Konsulluğunun ətrafına toplaşmış dinc insanlara qarşı atlı və itli polislərdən istifadə edilməsi heyrət doğurur. Xəsarət alanlar var, üstəlik, 15 nəfər həbs edilib. Bütün bunlar Hollandiyanın demokratik ölkə kimi imicinə ciddi xələl gətirir. Məsələn, Almaniya bu məsələdə sonda tolerant hərəkətlər etməklə vəziyyəti bir qədər yumşaltmağa çalışdı. Yəni Almaniyada PKK terror təşkilatının simvollarının yayılmasına və Abdullah Öcalanın portretlərinin gəzdirilməsini qadağan edən qərar qəbul edildi. Bu, PKK-nın terror təşkilatı kimi Almaniyada fəaliyyətinin müəyyən qədər məhdudlaşdıran addım sayıla bilər. Amma bütövlükdə referenduma görə Türkiyəyə xeyli turist axınını təmin edən Avropa ölkələri ilə münasibətlərin pozulmamasına çalışmaq lazımdır”.
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.
Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.
Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə iki nota ünvanlayıb.