"Mən onların bu addımını bir neçə qurumda Ermənistanla birgə təmsil olunduqları faktoru ilə izah edə bilmərəm"
Qırğızıstan hökumətinin Azərbaycanla bağlı tutduğu mövqe rəsmi Bakının etirazına səbəb olub. Söhbət Bişkekin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasından gedir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məsələyə münasibət bildirib.
"Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur". Bunu müsahibəsində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmamasına münasibət bildirərkən deyib. H.Hacıyevin sözlərinə görə, ECO-nun zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir: "Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur".
Qeyd edək ki, Ermənistan mətbuatı müsəlman və türk respublikanın anti-Azərbaycan siyasətindən xeyli məmnun olub və bununla bağlı xəbərlər yayıblar.
Qırğızıstanın son davranışını necə izah etmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Qırğızıstanın son hərəkəti ciddi narazılığa səbəb olsa da, o qədər də qeyri-adi görünmür: "Təbii ki, bir türkdilli müsəlman ölkəsinin bu cür davranışı bizi narahat etməyə bilməz. Məlum olduğu kimi, islam dövlətləri ECO məkanında münaqişələrin mövcudluğunun iqtisadi inkişafı və əməkdaşlığı əngəllədiyini yekdilliklə qəbul edərkən Bişkek fərqli mövqe ortaya qoyub. Qırğızıstan bu prinsipin əleyhinə getməklə, faktiki olaraq, Ermənistana dəstək nümayiş etdirmiş olub. Tarixə ekskurs etsək görərik ki, Qırğızıstanın analoji mövqeyi əvvəllər də olub və onlar bu istiqamətdə digər türkdilli ölkələrdən kəskin fərqlənir. Yadınızdadırsa,
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərək "soyqırım" abidəsinə gül-çiçək qoymuşdu.
Qırğızıstanın Ermənistanla ciddi iqtisadi münasibətlərinin olmadığını nəzərə alsaq, onda belə nəticəyə gəlmək olar ki, onlar bu hərəkəti Rusiyaya sadiqlik nümunəsi göstərmək üçün edirlər. Mən onların bu addımını bir neçə qurumda Ermənistanla birgə təmsil olunduqları faktoru ilə izah edə bilmərəm. Çünki həmin qurumda olan Belarus, yeri gələndə, çox prinsipial addımlar atılmasından çəkinmir".
Məhəmmədəli QƏRİBLİ