ABŞ-ın yeni hökumətinin xarici müstəvidə yeridəcəyi siyasət bu gün dünya miqyasında ən aktual mövzulardan birinə çevrilib. Hesab olunur ki, yeni xarici siyasət, xüsusən də Rusiya ilə müəyyən məsələlərdə uzlaşmalar beynəlxalq müstəvidə tamam fərqli vəziyyət yarada bilər. Bu xüsusda Qafqazda da tamam fərqli situasiyanın yaranması, ilk növbədə tərəflərin bölgədəki konfliktlərin, o cümlədən Qarabağ münaqişəsinin həllində ortaq mövqedən çıxış edə bilməsi belə istisna edilmir.
İndilikdə isə hər şey prezident Donald Trampın xarici siyasət kursunun əsas prioritetlərindən asılı olacaq. Vaşinqtondakı Xarici Siyasət İnstitutunun təhlilçisi Maykl Çeçire də bu fonda "Amerikanın Səsi" radiosuna müsahibəsində ABŞ-ın yeni administrasiyasının Qafqaz bölgəsində mümkün siyasəti ilə bağlı çox maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, yeni administrasiyanın təkcə Cənubi Qafqaz bölgəsi deyil, bütünlüklə Avrasiya regionu ilə bağlı əsas prioritetlərinin nədən ibarət olunacağına dair qeyri-müəyyənliklər var, amma ABŞ-ın bölgədə fəallaşması da istisna olunmur: "Hər şey yeni administrasiyanın əvvəlki administrasiyanın artıq gördüyü işlərə münasibətindən, bunların davam etdirilməsi imkanının olub-olmamasından asılı olacaq". Ekspert bu məsələdə Qarabağ münaqişəsinin də xüsusi əhəmiyyət kəsb etdyini vurğulayır.
Öncə cəbhə xəttində toqquşmalardan danışan Maykl Çeçire bildirir: "Heç bir şübhə yoxdur ki, regionda vəziyyət təhlükəlidir. Dağlıq Qarabağ və onun ətrafında, bufer zonasında son gərginliklərlə, şübhəsiz ki, yeni müharibənin başlayıb-başlamayacağı sualı ortaya çıxır. Keçən il aprel ayında müşahidə etdiyimiz səviyyədə toqquşmalar presedenti olmayan qarşıdurmadır. Bunlar, təbii ki, təkcə iki ölkə deyil, bütün regionda dağıntı və qırğınların mümkünlüyü ilə bağlı həyəcan doğurur. Mənə elə gəlir ki, biz bu mərhələdə yaxın gələcəkdə açıq və davamlı münaqişənin baş verə biləcəyinin mümkünlüyünə hazır olmalıyıq. Ara-sıra atışmalar və döyüşlərin olması faktı onu göstərir ki, hansısa mərhələdə gərginlik baş verəcək.
Amma Rusiya və Birləşmiş Ştatlar açıq müharibənin baş verməməsinə çalışır. Mən inanmıram ki, Rusiya açıq münaqişənin olmasını istəyir. Buna inanmaq üçün yaxşı əsas var. Düzdür, Rusiya münaqişədən öz məqsədləri naminə istifadə edib. Amma onlar nəticədə Azərbaycan və Ermənistan arasında davamlı açıq münaqişənin olmasını istəmir. Hər iki ölkənin Rusiya ilə yaxşı münasibətləri var. Ermənistanın daha yaxın, amma bəzilərinin dediyi kimi, Azərbaycan burada daha böyük üstünlüyə malikdir. Buna görə də onlar münaqişənin Rusiyanın, Türkiyənin və nəticədə, ola bilsin, İranın da cəlb edildiyi regional konfliktə çevrilməsini istəmir. İran da cəlb olunsa, o zaman yeni narahatlıqlar əlavə olunur. Çox ciddi faktorlar ortadadır".
Maykl Çeçire bildirir ki, regionda gücə və nüfuza malik Rusiya kimi ölkə də daxil olmaqla, heç bir ölkənin münaqişədə böyük rol oynayacağını demək mümkün deyil: "Dağlıq Qarabağ münaqişəsində bir çox cəhətdən Birləşmiş Ştatlar və Rusiya eyni mövqedədir. Minsk Qrupu, ABŞ, Rusiya və Türkiyə həqiqətən də Azərbaycan və Ermənistan qüvvələri arasında münaqişədə yalnız müəyyən dərəcədə rol oynaya bilər. Buna görə də Rusiya, ya da hər hansı bir ölkənin sülhə aparan hansısa bir həll yolunu tutması çox çətindir. Problemin bir tərəfi ondan ibarətdir ki, Rusiya regionda həllə nail olmaq üçün öz nüfuzundan istifadə etməyə çalışsa, o zaman nüfuzunu itirmiş olacaq. Ermənistan Rusiyaya ona görə yaxındır ki, onun təhlükəsizliyi Rusiya ilə müdafiə müqaviləsinə bağlıdır. Azərbaycanla da münasibətlər ona görə balansda saxlanır ki, Rusiya aqressiv şəkildə bu və ya başqa tərəfi dəstəkləməyə meylli olmasın. Hansı ölkənin bunu edə biləcəyini demək çətindir. Fikrimcə, əsas məsələ ilkin mərhələdə münaqişə yerində beynəlxalq sülhü mühafizə və monitorinq qüvvələrinin yerləşdirilməsi və işğal olunmuş ərazilərdən hərbi qüvvələrin çıxarılması prosesində etibarın yaradılması üçün sabitliyə nail olunmasıdır".
Münaqişənin nizamlanması perspektivləri ilə bağlı hər hansı ümid olmasına gəlincə, ekspert bildirir: "Son illərdə bu işdə müəyyən mənada bir impulsun olduğunun şahidi olmuşuq. Ümid etmək olar ki, bunun vasitəsilə də bir dönüşə nail olmaq mümkündür. Amma bunu söyləmək ifrat nikbinlik hesab edilə bilər. Münaqişənin həlli ilə bağlı indiki durumda bizim ümid edə biləcəyimiz məsələ gərginliyin qarşısının alınmasına nail olunmasıdır. Son 3-4 ildə, hətta deyə bilərik ki, son 10 ildə təmas xəttində münaqişənin intensivliyi baxımından getdikdə Azərbaycan və Ermənistan qüvvələri arasında gərginliyin artdığını görürdük. Biz gərginliyin artmasının qarşısını ala bilərik və danışıqların davam etdirilməsi üçün şəraitin yaradılmasına, bəlkə hətta hansısa güzəştə nail ola bilərik. Amma bu, indiki şəraitdə bir neçə mərhələdən ibarət bir prosesdir. Hazırkı siyasi ab-hava da bu fəaliyyətlər üçün əlverişli deyil. ABŞ-ın, elə Rusiyanın, Türkiyənin və Minsk Qrupunun da nəzərincə, bu gərginliyin artmasının dayandırılmasına nail olmaq üçün birgə səylərə ehtiyac var". Maykl Çeçire hesab edir ki, məhz Rusiya və ABŞ-ın birgə səyləri bölgədə konfliktin yenidən alovlanmasının qarşısını ala bilər. Amma bunun üçün ABŞ Qafqazda fəallığını artırmalıdır.
Tahir TAĞIYEV