Bu gün Rusiyanın enerji siyasətinin müəyyən olunmasında buradakı neft və qaz şirkətlərinin də mühüm rol oynadığı birmənalı həqiqətdir. Onlar sırasında Azərbaycan əsilli Rusiya vətəndaşı, "LUKoyl" neft şirkətinin prezidenti
Vahid Ələkbərov da hər zaman xüsusi yer tutub. Bu arada "Bloomberg Billionaires Index" reytinq cədəvəlində yer alan məlumatlara əsasən, dünyanın ən varlı 500 adamı arasında Vahid Ələkbərov 104-cü yerdədir. Siyahıya 85,56 milyard dollarla "Microsoft" şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Ondan sonrakı iki yeri 78,9 milyard dollarla sərmayəçi Uorren Baffett və 53 milyard dollarla telekommunikasiya maqnatı Karlos Slim tutur. Azərbaycanlı Vahid Ələkbərov isə 11,4 milyard dollara sahibdir. Amma yayılan məlumatlardan belə bəlli olur ki, Vahid Ələkbərovun Rusiyada işləri son dövrlərdə o qədər də yaxış getmir və bu, sırf iqtisadi vəziyyətlə bağlı deyil. "Moscow-Post" qəzeti yazır ki, belə vəziyyətdə Vahid Ələkbərov və onun ortağı Leonid Fedun Rusiyanı tərk etməyə hazırlaşır. Nəşr qeyd edir ki, Vahid Ələkbərov və Leonid Fedunun aktivlərini Rusiyadan çıxarmaq barədə düşündükləri ilə bağlı yayılan şayiələr dolayısı ilə təsdiqini tapır. Belə ki, keçən ilin nəticələrinə görə, şirkət neft hasilatını 2015-ci illə müqayisədə 8,6% azaldıb. Amma "LUKoyl"un gedişləri sırf iqtisadi səbəblərdən qaynaqlanmır. Rusiya mediasında yayılan bilgilərdən belə bəlli olur ki, "LUKoyl" rəhbərinin Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin "boz kardinal"ı sayılan "Rosneft" prezidenti İqor Seçinlə uzun müddətdir problemi var. Bu həmin İqor Seçindir ki, Rusiyada sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsinə nail olub. Məlumatlara görə, Seçin naziri Federal Təhlükəsizlik Xidmətinin əlilə həbs etdirib. Hələ o vaxt məsələni şərh edərkən politoloq Stanislav Belkovski bildirirdi ki, əslində Seçinin iqtisadi inkişaf nazirini həbs etdirməsinin arxasında onun "LUKoyl" prezidentini sıradan çıxarmaq planları dayanır: "Seçin Ələkbərovla mübarizə aparır, Ulyukayev də elə buna görə həbs olunub. Ulyukayevlə bağlı situasiyanın dramatikliyi göstərir ki, "Rosneft"in səhmlərinin 19.7 faizlik hissəsinin "LUKoyl" tərəfindən alınması ehtimalı böyükdür. Seçin başa düşür ki, bu ssenarinin qarşısını almaq lazımdır. O məhz bununla məşğuldur". Yuxarıda qeyd olunduğu kimi, Seçinlə Ələkbərovun münasibətlərinin gərgin olduğu çoxdan məlumdur. Onların mübarizəsi dəfələrlə açıq müstəviyə, mətbuat səhifələrinə və məhkəmə çəkişmələrinə qədər gedib çıxıb. Yaranmış vəziyyətdə mövqelərini gücləndirmək üçün Vahid Ələkbərovun istəyi əsasında Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin oğlu Andrey Patruşev "LUKoyl" şirkətinin "Qazprom"la birgə müəssisəsinin direktorlar şurasının rəhbəri təyin edilib. Vahid Ələkbərovun "Qazprom"la yaratdığı "Sentrkaspnefteqaz" birgə müəssisəsi Xəzərdə neft-qaz hasilatı ilə məşğul olacaq. 37 yaşlı Andrey Patruşev Nikolay Patruşevin kiçik oğludur. 2015-ci ildə o, "Qazpromneft"in dəniz şelfinin inkişafı üzrə direktor müavini təyin olunub. Bu vəzifəni şirkətdə məhz Andrey Patruşevə görə yaradıblar. Əvvəllər isə Patruşevin oğlu "Qazprom"un Cənubi-Saxalin şelfi üzrə törəmə müəssisəsinin direktoru idi. İndi onunla işbirliyi yaratmaqla Vahid Ələkbərov həm də Rusiya Təhlükəsizlik Şurasından dəstək ala biləcək və bu da ona Seçinlə mübarizədə çox lazımdır. Amma buna paralel olaraq, Vahid Ələkbərov hər ehtimala qarşı aktivlərinin bir hissəsini də Rusiyadan kənara köçürür, həmçinin Rusiyanın özündə hasilatı azaldır. Bunu şirkət Rusiyanın və OPEK-in mövcud siyasəti ilə əsaslandırır və əvəzində dövlətdən kompensasiya alacağına ümid edir.
Bununla belə, "LUKoyl" öz investisiya maraqlarını tədricən Rusiyanın hüdudlarından kənara çıxarır. Ələkbərov özü də etiraf edir ki, "LUKoyl" xarici istiqamətlərə fəal baxır: "Biz neft emal edən zavodların olduğu Belçikada və Hollandiyada öz iştirakımızı artırdıq. Balkanlarda da çox güclü iştirakımız var və bu mövqeyimizi daha da gücləndirməkdə davam edirik. Öz fəaliyyətimizi Türkiyənin ərazisində də aktivləşdirmək niyyətindəyik, çünki bizim zavodlarımız bu bazara istiqamətləndirilib".
"Moscow-Post"a danışan ekspertlər isə istisna etmirlər ki, tezliklə Vahid Ələkbərovun biznesinin çox hissəsi özü və onun top-menecerləri ilə birlikdə Birləşmiş Ştatlarda peyda olacaq. Şirkətin pulu, deyilənlərə görə, son illər fəal şəkildə xaricə axır. İndi prezident Vladimir Putinin buna necə yanaşacağı xüsusi maraq doğurur və Vahid Ələkbərovun gedişləri dövlət başçısından xəbərsiz olsa, "LUKoyl" rəhbərini xeyli çətin günlər gözləyir.
Tahir TAĞIYEV