Həyata keçirdiyi işğalçılıq siyasəti bu gün Ermənistanın bölgədə təcrid vəziyyətinə düşməsi ilə yanaşı, onun sosial-iqtisadi sahədə vəziyyətinin sürətlə pisləşməsinə səbəb olmaqdadır. Bu fonda Ermənistanda indi gedərək daha çox belə etiraflara rast gəlinir ki, Dağlıq Qarabağ münaqişəsinə son qoyulmayınca, Ermənistanın hansısa müstəqil inkişafından, eləcə də dövlət olaraq varlığını davam etdirməsindən söhbət gedə bilməz.
Erməni mediasında isə bu fikirlər də yer alır ki, məhz Dağlıq Qarabağ konflikti Ermənistana forpost dövlət statusunu üzərindən atmağa imkan vermədi. O da açıq qeyd edilir ki, münaqişənin həlli bir qədər də uzansa, Ermənistanın adına yalnız tarix dərslərində rast gəlmək mümkün olacaq, onun özünün isə real varlığına son qoyulacaq.
Belə vəziyyətin yaranmasının əsas səbəbləri sırasında Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi pressinq siyasəti də göstərilir və maraqlıdır ki, bu pressinq siyasətinin mövcud vəziyyətin yaranmasında əsas rol oynadığını düşmən ölkədə açıq bəyan edirlər. Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın göstərilən xüsusda fikirləri çox maraqlıdır. Onun sözlərinə görə, bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır. O bildirib ki, ölkənin xarici borcları durmadan artır: "Bu isə Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. Bu sürətlə heç yerə gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq". Sabiq baş nazir əlavə edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi təkcə rəsmi məlumatlarda 23 faizdən 30 faizə yüksəlib. Baqratyan vurğulayıb ki, əslində yoxsulluğun real səviyyəsi bundan da yüksək, yəni 38 faiz təşkil edir. Onun sözlərinə görə, xarici borc və yoxsulluq problemini həll etmək üçün bir sıra tədbirlər görmək, o cümlədən ÜDM-in artım tempini sürətləndirmək lazımdır. Amma bunun üçün Ermənistanın xarici ticarət əlaqələri genişlənməli, ölkə regional layihələrə qoşulmalıdır. Lakin Baqratyan da xüsusi olaraq vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın regional layihələrə qoşulması, ölkəyə xarici sərmayələr cəlb etməsi mümkün olmayacaq. Bu mənada o, vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzunması Ermənistana iqtisadi müstəvidə gözlənildiyindən də çox zərər gətirir. "Armenianreport" portalı isə burada Azərbaycanın gedişlərinin böyük önəm kəsb etdiyini vurğulayır. Portal yazır ki, məhz Azərbaycan sayəsində bu gün bir çox müsəlman dövlətləri Ermənistanla hansısa əlaqə saxlamır. Qeyd edilir ki, Türkiyə ilə münasibətlərin yoxluğu mövcud iqtisadi şəraitdə Ermənistan üçün daha böyük itkilərə yol açır. Bundan başqa xatırlanır ki, Ermənistan uzun müddətdir Səudiyyə Ərəbistanı ilə yüksək səviyyəli münasibətlər yaratmaq istəsə də, ərəb investorların sərmayəsinin gəlişinə cəhd göstərsə də, Azərbaycan buna imkan vermir. Belə ki, Azərbaycanla münasibətləri nəzərə alan Səudiyyə Ərəbistanı Ermənistanın istəklərinə rədd cavabı verir. Bu fonda Ermənistanın sosial-iqtisadi zərərlərinin Azərbaycanın pressinq siyasəti nəticəsində daha da çoxalacağını düşmən ölkədə qəbul edənlərin sayı gedərək artır. Elə bu səbəbdən, Serj Sarkisyan hakimiyyətindən fərqli olaraq, indi Ermənistanda Qarabağ münaqişəsinin həllinin tezləşməsini istəyən, bunun üçün Azərbaycanda danışıqlar prosesində konstruktiv mövqeyə getməyə hazır olan qüvvələrə də rast gəlmək olur. Özü də bu məsələ Ermənistanda gələn ay keçiriləcək parlament seçkiləri fonunda xeyli aktivləşib. Görünən odur ki, Qarabağ kartı üzərində hakimiyyətə gələn və elə bu əsasda da iqtidarda qalmaqda davam edən Serj Sarkisyan iqtidarına qarşı indi kifayət qədər güclü dayaqlara malik müxalifət formalaşıb. Bu müxalifət isə həm hakimiyyəti əvəzləmək, həm də Qarabağ məsələsində yeni vəziyyət yaratmaq istəyir. Onlar bu qənaətdədir ki, Azərbaycanın təzyiqlərinə uzun müddət tab gətirmək mümkün olmayacaq. Bu səbəbdən Bakı ilə danışıqlara getmək ən yaxşı yol sayılır.
Qeyd edək ki, aprel seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar bunlardır: hakim Respublikalar Partiyası, "Daşnaksütyun" federasiyası, "Azad demokratlar" Partiyası, "Erməni dirçəlişi" Partiyası və Ermənistan Kommunist Partiyası. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən bloklar isə aşağıdakılardır: "İşıqlı Ermənistan" Partiyasının rəhbəri Edmon Marukyanın təsis etdiyi "Çıxış Yolu" bloku, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Haqik Çarukyanın yaratdığı "Çarukyan"bloku, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" Partiyasının lideri Raffi Ovanisyanın təsis etdiyi "Ohanyan-Raffi-Oskanyan" bloku və rəhbəri keçmiş prezident Levon Ter-Petrosyan olan Ermənistan Milli Konqresi. "Daşnaksütyun" federasiyasını çıxmaq şərtilə, digərləri Serj Sarkisyan iqtidarına qarşı müxalifətdədir. Onlar arasında "Ohanyan-Raffi-Oskanyan" bloku və Ermənistan Milli Konqresi hakimiyyəti əvəzləyə biləcək kifayət qədər güclü qüvvələr hesab olunur.
Bundan başqa, Ermənistan Milli Konqresi ilə "Ohanyan-Raffi-Oskanyan" blokunun siyasi görüşlərində uzlaşan məqamlar var. Xüsusilə hər iki qüvvə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün ağır nəticələrə səbəb olduğu fikrini paylaşır. Erməni Milli Konqresinin fraksiya rəhbəri Levon Zurabyan bildirir ki, Azərbaycanla mütləq razılaşmaq lazımdır. Son illər ərzində Ermənistanla Azərbaycanda silahlanmanın artmasından danışan Zurabyan qeyd edir ki, bu gün Ermənistan qarşı tərəfdən ən azı 8-10 dəfə geri qalır. O bildirib ki, hazırkı vəziyyətdə Ermənistan üçün silahlanma yarışı heç bir müsbət nəticə verməyəcək və Azərbaycana çatmaq mümkün olmayacaq: "Sülh sazişini əldə etmək lazımdır. Bütün kommunikasiyaları açmaq, regionda sülh vəziyyəti yaratmaq, Gürcüstan, Azərbaycan, Türkiyə ilə münasibətlərimizi inkişaf etdirmək lazımdır. Bunu mümkün hesab edirik". Xatırladaq ki, Ermənistan Milli Konqresi parlament seçkilərinə Qarabağda sülh şüarı ilə gedir. Zurabyan rəsmi təbliğatı nəzərə alaraq etiraf edir ki, təmsil etdiyi partiyanın sülh proqramı risqlidir: "Bizi təslimçi kimi də, ölkəni zəiflədən qüvvə kimi də təqdim etməyə çalışırlar. Bu gün hər şey bizə qarşı yönəlib. Çox risqlidir. Sülh proqramının işləyib-işləməyəcəyini deyə bilmərəm". Keçmiş müdafiə naziri Seyran Ohanyan da bu günlərdə eyni mövqedən çıxış edərək, Azərbaycanla razılaşmanı mümkün sayıdığıın bildirib. O qeyd edir ki, danışıqlar masasındakı variantla razılaşılmalı, güzəştlər edilməlidir. Onun güzəşt dediyi məsələ ərazilərin mərhələli şəkildə qaytarılmasıdır. Zurabyan Ohanyanın fikirlərinə münasibət bildirərkən bunu alqışladıqlarını deyib: "Belə mövqeyi biz yalnız alqışlaya bilərik". O, bu məsələdə "Ohanyan-Raffi-Oskanyan" bloku ilə əməkdaşlıq edə biləcəklərini istisna etməyib. Seyran Ohanyan isə ölkədə vəziyyətin çox gərgin olduğunu da vurğulayır: "Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir". Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: "Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir". Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır. O, bunun üçün Qarabağ münaqişəsinin həllini də vacib sayır.
Beləliklə, aydın görünür ki, əsas müxalif qüvvələr, Sarkisyan iqtidarından fərqli olaraq, Qarabağ məsələsini sülh yolu ilə çözməyin vacibliyini dilə gətirir, Azərbaycanla konstruktiv dialoqu zəruri sayırlar. Çünki bu hal Ermənistanın gələcəyi baxımından da zəruri hesab olunur. Bu da o deməkdir ki, Azərbaycanı bu vaxta qədər Ermənistanla münasibətdə yeritdiyi siyasət özünü doğruldur və tədricən istənilən nəticəni verir. Yəni Ermənistanın özündə də dərk edirlər ki, işğal altındakı ərazilər dinc yolla azad olunmalıdır, əks halda hərb müstəvisində məsələnin çözümü Ermənistan üçün fəlakət olacaq. Digər tərəfdən iqtisadi müstəvidə region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlıq qurulmasa, Ermənistanın məhvi qaçılmaz olacaq. Bunu qəbul edən qüvvələrin parlament seçkilərində qalib gəlməsi Qarabağ məsələsində də vəziyyəti əhəiyyətli dərəcədə dəyişə bilər. Çünki Ermənistanın yeni konstitusiyasına əsasən, aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra ölkədə prezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sistemi tətbiq ediləcək. Düzdür, yeni konstitusiya üzrə də prezident dövlət başçısı hesab edilir, lakin bundan sonra ölkənin əsas hakimiyyət orqanı parlamentdir. Elə ölkə prezidenti də ümumxalq seçkiləri vasitəsilə deyil, parlament tərəfindən seçilir. Parlament çoxluğu tərəfindən formalaşdırılan Nazirlər Kabinetinin rəhbəri, yəni baş nazirin də siyasi rolu xeyli artır. Baş nazir ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında əsas qərarlar qəbul edən şəxs kimi çıxış edir. Digər tərəfdən, yeni idarəetmə sistemi üzrə ölkə prezidenti ali baş komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində bu vəzifəni baş nazir icra edir. Silahlı Qüvvələr də prezidentə yox, hökumətə tabedir və hökumətin qərarı ilə hərəkətə gətirilir. Məhz bütün bunlar parlamentin ölkənin həyatında rolunu artırır. İndi bu şəraitdə parlament seçkilərində Qarabağ məsələsinin həllini istəyən müxalifət qüvvələrinin qalib gəlmək şansı böyükdür. Onlar parlament vasitəsilə idarəçiliyi ələ alsalar, yuxarıda qeyd olunduğu kimi, Qarabağ münaqişəsinin hllində də konkret irəliləyişlər görmək olar. Çünki həmin qüvvələr Qarabağ münaqişəsinin mövcudluğunun Ermənistan üçün böyük təhdid olduğunu aydın görür və bilirlər ki, Azərbaycanla danışıqlar aparılmasa, konkret razılıqlar əldə olunmasa, Ermənistanın bir dövlət olaraq gələcəyi də böyük sual altına düşəcək. Məsələnin maraqlı tərəflərindən biri odur ki, müxaliflərin bu mövqeyi cəmiyyətdə də dəstəklənr. Elə keçirilən rəy sorğuları da erməni cəmiyyətində çoxlarının Qarabağ münaqişəsindən təngə gəldiyini, problemlrinin kökündə bu konfliktin dayanadığını qəbul etdiklərini göstərir. Onlar bu səbəbdən Azərbaycanla danışqlarda Qarabağ məsələsində İrəvanın konkret addımlar atmasını istəyir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.