"İran islam həmrəyliyi çərçivəsində maraqlarımıza cavab verən addımlar ata bilər"
Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı İran prezidenti Həsən Ruhani, İranın ali rəhbəri Seyid Əli Xameneyi ilə görüşlər keçirib.
Ölkə başçısı Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Azərbaycan Prezidenti, həmçinin, qonşu İrana Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sərgilədiyi mövqeyə görə təşəkkür edib: "Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Biz bu möhkəm təməl əsasında gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində mövqeyinə görə İran İslam Respublikasına minnətdarlığımızı bidirmək istəyirik. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır".
İran prezidenti Həsən Ruhani isə vurğulayıb ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir. Ruhani ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq.
Bütövlükdə, ekspertlər İranın bu yöndə verdiyi dəstəyi necə dəyərləndirir? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, bir sıra məsələlərdə mövqelər yaxın, bir çox hallarda üst-üstə düşür: "Reallıqdır ki, İrandan Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ifadələri eşitdik. Bu bizim üçün önəmlidir. Ermənistanla əməkdaşlıq edən dövlət eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və bunu rəsmi şəkildə səsləndirirsə, Azərbaycanın maraqlarına cavab verən addımdır. İran istəsə, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq edə bilər. Burada İranın xarici siyasətində atdığı addımlardan bir çox məsələlər asılıdır. İranın Ermənistanla müəyyən münasibətləri var. İran islam həmrəyliyi çərçivəsində bizimlə yaxınlıq etsə, maraqlarımıza cavab verən addımlar ata bilər. Bu baxımdan Ermənistana müəyyən təzyiqlər edə bilər. Çünki biz də terrorçuluqla mübarizə aparırıq. Hər iki dövlət regionun təhlükəsizliyində maraqlıdır. Burada bizim yaxın olmağımızdan, bir-birimizin mövqeyini koordinasiya etməkdən çox şey asılıdır. Əminəm ki, Prezident İlham Əliyev görüşlər zamanı bir sıra məqamları qabarıq şəkildə ortaya qoyub. Bunu ictimai xadimlər, diplomatlar, tanınmış şəxslər gündəmdə saxlamalıdır. Bu məsələdə İranla daimi şəkildə təmasda olmalıyıq. Çox istəyərdik ki, islam həmrəyliyi çərçivəsində İran Azərbaycanın maraqlarını daha qabarıq müdafiə etsin və işğalçı Ermənistana təzyiq göstərsin".
Vidadi ORDAHALLI