Bu il XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümü tamam oldu. Soyqırımın ildönümü öncəsi Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyan qətnamə qəbul etdi. Parlament üzvlərinin 80%-nin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin vəhşi hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. Bu, növbəti dünya ölkəsinin Azərbaycana qarşı ədalət jestidir.
Ermənistanın iç üzü
Tarix boyu mənfur erməni xalqı Azərbaycanın əzəli-əbədi torpaqlarına göz dikib. "Böyük Ermənistan" xülyası ilə yaşayıb. 1988-ci ildən başlayaraq etnik təmizləmə siyasətini həyata keçirən ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşətli Xocalı faciəsini törətdilər. Bu elə soyqırım siyasəti idi ki, məqsəd türk millətinin kökünü kəsməyə hesablanmışdı. Ümumiyyətlə, 1988-1992-ci illərdə planlı şəkildə etnik təmizləmə həyata keçirən ermənilər Azərbaycan torpaqlarının 20%-ni - Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal ediblər. Bir milyondan artıq məcburi köçkün ata-baba yurduna qayıtmaq həsrəti ilə yaşayır. Mənfur Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Önəm kəsb edən məsələlərdən biri odur ki, Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll olunsun. Azərbaycan beynəlxalq təşkilatlardan ərazi bütövlüyünün tam həllinə nail olmaq üçün güc nümayiş etdirir.
"Yalan ayaq tutar? amma yeriməz" - belə bir atalar sözü var. İşğalçı Ermənistan da hər vəchlə tarixi Azərbaycan torpaqlarını mənimsəməyə cəhd etsə belə? bütün dünya gerçəkliyi çox yaxşı bilir. Faktdır ki, ümummilli lider Heydər Əliyevin diplomatik bacarığı sayəsində Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılıb. Bununla da Ermənistanın təcavüzkar siyasəti ifşa edilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların öz ev-eşiklərinə qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Bunun ardınca 1994-cü ilin mayında atəşkəs elan olunub. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yolla həllinə nail olmaq üçün işlər görülüb. Həmçinin, ABŞ Konqresinin müstəqil Azərbaycana birbaşa yardım göstərməsini qadağan edən Azadlığa Dəstək Aktına ədalətsiz "907-ci Düzəliş"in icrası dayandırılıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan "Azərbaycan" internet portalı çox böyük əhəmiyyətə malikdir. Adıçəkilən portalda Azərbaycan haqqında bilgilərə sahib olmaq olar. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsindən, erməni vandalizmindən bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. 2008-ci il mayın 8-də Şuşanın növbəti ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il dünyanın hər yerində erməni vəhşiliyi pislənir. Maraqlı hal odur ki, bu kampaniyada gənclər daha aktiv çıxış edir.
2016-cı ilin "aprel hadisələri". Dünya Azərbaycanın gücünü bir daha gördü
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsi bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən elə xarici səfər yoxdur ki, orada Dağlıq Qarabağ münaqişənin həll olunmasına toxunulmasın.
2016-cı ilin fevralında Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi: istiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən müzakirədə çıxış edərkən deyib:
"Azərbaycan tərəfi Ermənistanı işğala görə günahlandırır. Bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT TŞ erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənəd qəbul edib. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımımıza görə günahlandırırıq və bu soyqırım 10-dan artıq ölkə tərəfindən tanınır".
Prezidentin çıxışından da göründüyü kimi, Ermənistan hökuməti beynəlxalq təşkilatlar qarşısında təcavüzkar siyasətindən əl çəkməlidir. Həmçinin, prezident dəfələrlə deyib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün hər kəsin boynuna vəzifə düşür. Qələbə gününün yaxınlaşmasını təmin etmək üçün hərə öz sahəsində töhfəsini verməlidir.
2016-cı ilin aprel hadisələri isə bir daha dünyanın, beynəlxalq təşkilatların Azərbaycana olan münasibətini dəyişdi. Hətta prezident aprel hadisələrini tarixi hadisə kimi qiymətləndirib. Aprel hadisələri göstərdi ki, Azərbaycan hansı gücə və potensala malikdir. Azərbaycan əsgərində, zabitində hansı döyüş ruhu var. Sevindirici haldır ki, bir daha gücümüzü dünyaya nümayiş etdirə bildik. Bu güclə artıq dünya hesablaşa bilir. Beynəlxalq aləmdə bizə olan münasibət xeyli dəyişdi. Hətta diaspor təşkilatlarının rəhbərləri öz çıxışlarında deyiblər ki, aprel döyüşlərindən sonra başımızı dik tuta bildik.
Erməni yalanları beynəlxalq qurumlar tərəfindən necə ifşa olunur?!
Milli Məclisin deputatı, politoloq Elman Nəsirlinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq səviyyədə qiymət verilməsi davam etdirilir.
Əsas hədəflərimizdən biri odur ki, dünya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilsin və dərk etsin. Bilsin ki, təcavüzkar kimdir, təcavüzə məruz qalan kimdir. Prezidentin xarici siyasətinin bir nömrəli vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaqdır. Bu məsələni təkcə cəbhədə deyil, həm də informasiya müharibəsində də həll etməyi hədəf seçmişik. Prezident bütün səfərlərində, keçirdiyi xarici görüşlərdə beynəlxalq auditoriyaya bu münaqişənin mahiyyəti haqqında məlumat verir. Ermənistanın təkcə Azərbaycan torpaqlarını işğal etmədiyini, 20 mindən artıq şəhidimizin olmadığını, eyni zamanda, bizim tarixi və mədəni abidələrimizi məhv etdiyini ən yüksək tribunalardan çatdırıb.
2008-ci ildə Leyla Əliyevanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində 70-dən çox ölkədə Xocalı ilə bağlı hadisələr işıqlandırılıb. Bu prosesin nəticəsində ABŞ-ın 23 ştatı, dünyanın bir çox ölkələri Xocalı faciəsinə Xocalı soyqırımı kimi qiymət verib. Bunlar bizim böyük nailiyyətlərimizdir. Xarici ölkələrdəki səfirliklərimizdə mədəniyyət xidmətləri fəaliyyət göstərir. Biz təkcə faciə ilə bağlı deyil, həm də Azərbaycan mədəniyyətini, incəsənətini dünyaya yaymalıyıq. O səbəbdən ki, görsünlər, belə böyük mədəniyyətin, incəsənətin sahibi olan bir xalq təcavüzə məruz qalıb. Bu da əsas hədəflərimizdən biridir. Bu istiqamətdə də xeyli işlər görülüb".
Siyasi şərhçi deyir ki, münaqişəyə beynəlxalq qiymətin verilməsi məsələsi hər zaman gündəlikdədir.
"Xarici siyasətimizin bir hissəsi də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq konteksində Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırırıq. Bu ardıcıl işin sayəsində İslam Əməkdaşlıq Təşkilatı ilk dəfə 1991-ci ildə Azərbaycanın mövqeyini müdafiə edən qərarlar qəbul edib. Xocalı hadisəsini soyqırım kimi tanıyıb. Ermənistanı təcavüzkar elan edib. Bundan başqa, Avropa Şurası da analoji addım atıb. Avropa Parlamenti 2010-cu ildə belə bir qətnamə qəbul edərək Ermənistanı işğalçı dövlət elan edib. Bundan savayı Qoşulmama Hərəkatı, NATO-nun müvafiq sənədləri var. BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsi var. Bunlar uzun bir diplomatik mübarizənin nəticələridir. Hələ də bizi narahat edən məsələ odur ki, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı adlandırıb, münaqişənin mahiyyətini açan qətnamələr qəbul edilsə də, həmin qətnamələr işlək vəziyyətə gətirilmir. Hətta İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibəsi zamanı deyib ki, bu gün müsəlman dünyası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəfələrlə qərarlar qəbul edib. Amma təəssüf ki, təşkilat çərçivəsində bunu edirlər, amma bəzi müsəlman ölkələri fərdi şəkildə Ermənistan dövləti ilə münasibətləri genişləndirir. İslam həmrəyliyinə yaraşmayan bir davranış tərzi nümayiş elətdirirlər ki, bu da bizi narahat edən məsələlərdir. Ona görə də ikili standartlardan narahatıq".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyir ki, artıq dünya Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.
"Əvvəllər bu iş qənaətbəxş səviyyədə getmirdi. Son bir neçə ildə Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi dünyaya daha intensiv formada çatdırılmağa başlanıb. Təbii ki, nəticələr də var. Xocalı soyqırımının tanıdılması istiqamətində Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çox yaxşı nəticələr verir. Məsələn, Amerikanın 26 ştatı, Meksika parlamenti, o cümlədən Avropanın bir sıra ölkələrində Xocalı faciəsi soyqırım kimi tanınıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında həqiqətlər artıq dünya tərəfindən qəbul edilir. İslam Əməkdaşlıq Təşkilatı erməni təcavüzünü pisləyən qərar qəbul edib. Avropa Şurasının Parlament Assambleyası yenə də Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Avropa Birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bəyanat yayıb. Amerkanın özü belə bir neçə dəfə işğalçı Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını problemin həllində ilk addım kimi dəyərləndirib".
Namidə BİNGÖL
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.