Uzun illərdir ki, Azərbaycanda yüksək templi iqtisadi inkişafla yanaşı, ictimai-siyasi həyatda müsbət dəyişikliklərin olması da göz önündədir. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən respublikamız insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin və cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Hüquqların tanınması azadlığın, ədalətin və sülhün əsasıdır
Hüquqşünas İlkin Əliyev deyir ki, demokratik cəmiyyətdə bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin, həmin ailə üzvlərinin bərabər və ayrılmaz hüquqlarının tanınması azadlığın, ədalətin və sülhün əsasıdır. Çünki demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyidir. Bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır: "İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdır və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq müəyyənləşdirilmiş insan hüquqlarına malikdir. Bu baxımdan da insanların hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, həmçinin onların sosial və siyasi fəallığının artırılması dövlətimizin ən ümdə siyasi xəttinə çevrilib və Azərbaycanın ən ali məqsədi elan edilib. Dünya birliyinin tamhüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət yolu seçmiş, insan hüquqları üzrə əsas beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda insan haqlarının təmin edilməsi sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda insan haqları bütün sahələrdə qorunur. Milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın hüquqları Konstitusiyamız çərçivəsində bərabər şəkildə müdafiə edilir".
KİV-lərin bolluğu söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin bəhrəsidir
Ekspertlərin fikrincə, demokratiya şəraitində fikir azadlığı özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikir azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və inkişafının ən zəruri şərtidir. Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Bu gün ölkəmizdə mövcud olan mətbuat bolluğu da cəmiyyətimizdə demokratik mühitin, həmçinin söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin bəhrəsidir.
"Həftə içi" qəzetinin redaktoru Təbriz Vəfalı deyir ki, insanların hüquq və azadlıqlarından, həmçinin demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilməli ən vacib məqamlardan biri də söz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. Bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur: "Bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Ölkəmizdə insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış KİV-lərin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır".
Redaktor bildirir ki, Azərbaycanda fikir və söz azadlğının formalaşmasında, həmçinin ölkə mediasının hazırkı inkişaf yoluna qədəm qoymasında Ümummilli Lider Heydər Əliyevin danılmaz və misilsiz xidmətləri olub. Onun sözlərinə görə, Heydər Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə və demokratiyaya xidmət etdiyini bildiyi üçün bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib: "Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olub. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqi və demokratik dəyərlərin bərqərar olması vətəndaşların hüquq və azadlıqlarının gerçək təminatına çevrilib. Bu hüquqi baza ölkədə KİV-lərdə dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Konstitusiyaya söykənir. Çünki Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması Ümummilli Liderin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırılıb. Senzura ləğv edilib. Demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi KİV-lərin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərman ən mühüm addımlardan biridir. Bu fərman ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, KİV-lərin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Həmin fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonunda əlavə dəyər vergisindən azad edilməsi də olub və əlavə dəyər vergisi üzrə KİV-lərə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edib. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri isə vergilərin məbləğindən iki dəfədən də artıq olub. Üstəlik, sözügedən fərmanın bir bəndi ilə mətbuatda dövlət sirrlərini mühafizə edən baş idarə ləğv olunub. Bununla da KİV-lərdə senzuranın ləğvi birdəfəlik baş tutub".
Müsabiqələr ictimaiyyətin maariflənməsində mühüm rol oynayır
Təbriz Vəfalı əlavə edir ki, son illərdə cəmiyyət həyatında informasiyanın yeri və rolu daha da artıb. Çünki Azərbaycanın informasiya siyasəti onun müəyyənləşdirdiyi ideoloji xəttin həyata keçirilməsinə istiqamətləndiyi üçün informasiyanın siyasi gedişata və münasibətlərə, beynəlxalq, eləcə də ölkəmizin daxilində formalaşan ictimai rəyə təsir imkanları çoxalır. Bu baxımdan respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, onların sosial və siyasi fəallığının artırılması kimi məsələlərdə KİV-lər və müxtəlif mətbuat qurumları yaxından iştirak edir. Xüsusilə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən elan edilən müsabiqələrdə insan haqlarının qorunması mövzularına böyük üstünlük verilir: "Adıçəkilən fond tərəfindən 2009-cu ildən etibarən keçirilən müsabiqələrdə iştirak etmək üçün xeyli sayda jurnalist onlarca yazılı və elektron KİV-də insan hüquqlarının təmin edilməsi və qorunması ilə bağlı məqalələr yazıb. Həmin məqalələr həm bu istiqamətdə araşdırma aparan jurnalistlərin insanların hüquq və azadlıqları sahəsindəki savadlarının artırılmasında, həm oxucuların bilikləndirilməsində, həm də ictimaiyyətdə maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayıb. Bu gün ölkəmizdə insan hüquqlarının qorunmasında əldə edilən yüksək nəticələrdə jurnalistlərin və KİV-lərin payı çoxdur. Əminəm ki, bu istiqamətdə həmkarlarımızın, eləcə də yazılı və elektron KİV-lərin fəallığının daha da artırılması Azərbaycanı dünyanın ən demokratik ölkələrindən birinə çevirəcək".
İnternet mediasının inkişafı insan hüquqlarının qorunmasına dəstəkdir
Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru Sübut Mehdiyev deyir ki, bu gün informasiya cəmiyyətində yaşayan əhalinin böyük hissəsi informasiya texnologiyalarından yararlanmaqla informasiyanın istehsalı, saxlanması, qorunması, emalı və ötürülməsi ilə məşğul olur. Sevindirici haldır ki, dövlətimiz internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişlənməsini dəstəkləyir. Onun sözlərinə görə, son illərdə ölkəmizdə internet medianın inkişafı insan hüquqlarının qorunmasına dəlalət edir: "Azərbaycanda KİV-lərin təsis edilməsi, onların vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunla müəyyən edilir. Bu gün respublikamızda 650-dən çox müxtəlif KİV fəaliyyət göstərir. İnternet portallarının, informasiya agentliklərinin, qəzet və jurnalların çoxalması isə Azərbaycanda insan hüquqlarının qorunması deməkdir. Çünki sözügedən KİV-lərin rəhbərləri öz haqlarından istədiyi formada istifadə edirlər, dövlət isə onlara heç bir maneə yaratmır. Yazılı və elektron KİV-lərdə həmişə insan hüquqlarına geniş yer ayırır. Məsələn, KİV-ərdə ayrı-ayrı məsələlərlə bağlı tənqidi yazılar dərc olunur, hüquqları pozulan insanların problemləri gündəmə gətirilir və onların porblemlərinin həlli ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırılır. Bununla da Azərbaycan mediası vətəndaşların pozulmuş hüquqlarının bərpasına böyük dəstək göstərir. Bundan başqa, bəzi mətbuat orqanlarında insanların hüquqi cəhətdən maarifləndirilməsi istiqamətində də çoxsaylı yazılar dərc edilir. Bütün bunlar isə ölkəmizdə insan hüquqlarının tanındığını, qorunduğunu və həmin hüquqlara dəyər verildiyini göstərir".
Kompleks tədbirlərin icrası Azərbaycanın inkişafını əbədi və dönməz edəcək
Bu gün Azərbaycan həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdən biridir. İnanırıq ki, respublikamızda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə daha yüksək nəticələrin əldə olunmasına imkan yaradacaq, insanların layiqli həyat şəraitinin və rifah səviyyəsinin imkanları artacaq, həmçinin bu siyasət Azərbaycanın inkişafını əbədi və dönməz edəcək.
Anar AĞAYAROV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.