Aydın Mirzəzadə: "Bu günün seçimi Heydər Əliyev yolu, YAP və ən əsası da bütün bu prosesləri idarə etməyi bacaran İlham Əliyev cənablarıdır"
Referendumdan sonra nəticələrə Qərbin bəzi dairələri və ABŞ-ın sərgilədiyi mövqe bir sıra həqiqətlərə işıq salmış oldu. ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin və AŞPA-nın səsvermənin nəticələrini birmənalı olaraq tanıması bir sıra mülahizələrin meydana çıxmasına şərait yaratmış oldu.
Qərb referendumdan əvvəl də hakimiyyətə münasibətdə, müxalifətin gözləntilərinə rəğmən, ehtiyatlı mövqe tutdu. Səsvermənin nəticələrinin tanınması isə bir daha təsdiq etdi ki, Qərb islahat hesab olunan dəyişikliklərin əsl məqsədini, prezident üsul-idarəsini möhkəmləndirəcək, iqtisadi və siyasi islahatlara isə ciddi yön verəcək yeni Konstitusiyanı bəyənib.
Qərbin referendumun nəticələrini tanımaqla bağlı nümayiş etdirdiyi mövqe onu deməyə əsas verirmi ki, həmin dairələr Azərbaycanın gələcəyini İlham Əliyev hakimiyyətinin davam etməsində və onunla sıx əməkdaşlıqda görür?
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, artıq Qərb Azərbaycan cəmiyyəti və xalqının iradəsilə razılaşmağın vacib olduğunu lazım bilir:
"Əvvəllər tez-tez Qərbin müəyyən dairələri Azərbaycan cəmiyyətinə bizim iradəmizin əleyhinə olan siyasi prosesləri diqtə etməklə bağlı mesajlar verirdi. Ancaq cəmiyyətimizin qətiyyətli mövqeyi, öz seçimi üzərində dayanmağı bacarması son dövrlər Qərbin də mövqeyində korrektələrə səbəb oldu. Referendumun nəticələrini də bu qəbilə aid edə bilərik. Bununla müəyyən dairələrin hesablaşması Azərbaycanda möhkəm və oturuşmuş dövlətin olmasına bir işarədir. Gördülər ki, Azərbaycan seçicisi yalnız öz maraqlarına cavab verən yolu seçir, ona səs verir. Bu günün seçimi Heydər Əliyev yolu, YAP və ən əsası da bütün bu prosesləri idarə etməyi bacaran İlham Əliyev cənablarıdır. Təbiidir ki, bütün ciddi dairələr və ölkələr bu seçimə hörmətlə yanaşır. Çünki Azərbaycanla gələcək əməkdaşlıq bu amilə bağlıdır".
Məhəmmədəli QƏRİBLİ