Ukraynada məlum Maydan hərəkatı və hakimiyyətə yeni qüvvələrin gəlməsindən sonra bu ölkədə soydaşlarımız çoxsaylı yeni problemlərlə qarşılaşıb. Əsas səbəb isə Ukraynada kriminogen vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsidir.
Maraqlıdır ki, digərləri ilə müqayisədə Ukraynada məhz azərbaycanlılar daha çox kriminal olayların qurbanı olur. Bunun arxasında isə erməni əsilli daxili işlər naziri Arsen Avakovun dayanmasına dair şübhələr getdikcə artır.
Xatırladaq ki, yaranan ağır vəziyyətlə bağlı bir müddət əvvəl soydaşlarımız Ukrayna Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyaları da keçirmişdilər. Amma hələ də nəticə yoxdur. Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülmməmədov bildirib ki, daxili işlər naziri Arsen Avakov DİN qarşısında etiraz aksiyası keçirən azərbaycanlıların tələblərinə hələ də reaksiya verməyib. Aksiya iştirakçılarına yaxın iki gündə rəhbərlik tərəfindən qəbul ediləcəkləri bildirilsə də, heç kim onları qəbul etməyib. Bunun nəticəsidir ki, Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb. Bir müddət əvvəl Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İsgəndərov, 46 yaşlı Sakit Hacıyev oğurlanıb. Düzdür, onlar bu günlərdə azad edilib. Amma vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib. Yuri Lutsenko ölkəsində azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq Azərbaycanın baş prokuroru Zakir Qaralova zəng edib.
Telefon danışığı zamanı baş prokurorlar bu sahədə atılacaq birgə addımları müzakirə ediblər. Ukraynanın baş prokuroru azərbaycanlı həmkarına söz verib ki, qısa müddət ərzində zərərçəkənlərin yaxınlarını, azərbaycanlı icma rəhbərlərini qəbul edəcək. Amma hələlik bu istiqamətdə də nəticə yoxdur. Bu fonda məlum olub ki, Azərbaycanın Ukraynadakı səfirliyi öz mövqeyini və yerli Azərbaycan diasporu, eləcə də onun regional bölmələri ilə işini gücləndirmək niyyətindədir. Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev bu xüsusda bildirib: "Ukraynada təxminən il yarım Azərbaycan səfiri olmayıb və səfirliklə koordinasiya bir qədər pozulub. Hesab edirəm ki, indi biz səfirliyin mövqeyini və yerli Azərbaycan diasporu, eləcə də onun regional bölmələri ilə işini gücləndirəcəyik, qarşılıqlı anlaşma üzrə konkret inkişaf xətti müəyyənləşdirəcəyik. A.Xudiyevin fikrincə, son iki il ərzində Ukraynada kriminogen vəziyyətin pisləşdiyini etiraf eləmək lazımdır: "Son iki il ərzində onlarla azərbaycanlı oğurlanıb, onların bəziləri böyük pullar qarşılığında azad edilib, bəziləri qətlə yetirilib. Təəssüf ki, hələ də bu cinayətlərin üstü açılmayıb. Bizi ilk növbədə hərəkətsizlik və zəruri tədbirlərin görülməməsi narahat edir. İndi də qaçırılan azərbaycanlılar var, amma onların azad olunması üzrə hansısa xüsusi əməliyyat hazırlanması haqqında heç bir məlumat yoxdur".
Səfir onu da əlavə edib ki, yaxın günlərdə azərbaycanlılara qarşı cinayətlərlə bağlı Azərbaycan diasporu və səfirliyin nümayəndələri ilə Ukrayna baş prokuroru Yuri Lutsenko arasında görüş olacaq. Amma ekspertlər bildirir ki, erməni əsilli daxili işlər naziri Arsen Avakov vəzifədə olduğu müddət ərzində soydaşlarımız üçün Ukraynada problemlər qalmaqda davam edəcək. Arsen Avakov Ukraynada erməni cəmiyyətinin hamisi kimi tanınır. Onun bu posta təyinatına qədər ermənilər ən yaxşı halda bazar və qida xidmətində çalışırdılarsa, indi onlar dövlət orqanlarında, xüsusən Daxili İşlər Nazirliyində və özəl strukturlarda mühüm postlar tuturlar. O da məlumdur ki, Avakov qeyri-rəsmi Xarkov, Xerson və Nikolayevski əyalətlərinə nəzarət edir. Nəticədə Xerson əyaləti azərbaycanlıların ən çox təcavüzə məruz qaldığı regionlardan birinə çevrilib. Xarkov və Nikolayevski əyalətləri haqda da eyni sözləri demək olar. Burada da azərbaycanlı iş adamlarına qarşı repressiya tətbiq olunur. Hesab edilir ki, Avakov vəzifədə qaldığı müddət ərzində soydaşlırımızın durumu ilə bağlı hansısa ciddi dəyişiklik gözləmək əbəsdir.
Tahir TAĞIYEV