"Atlas" Araşdırmalar Mərkəzi: "Onların Qarabağla bağlı fərqli maraqları ola bilər"
Suriyada iki fövqəldövlətin maraqları yenidən toqquşdu. ABŞ-la Rusiya sülh danışıqlarını dayandırdıqlarını bildirdi. Bundan sonra Suriyada hansı proseslərin olacağı maraqla təhlil olunur. Rusiyalı ekspertlər hesab edir ki, Rusiya və ABŞ-ın Suriya məsələsində əməkdaşlığı dayandırması iki ölkəni SSRİ dönəmində Moskva-Vaşinqton münasibətlərində Əfqanıstan müharibəsi fonunda yaşanan "soyuq savaş"a apara bilər.
"Qazeta.ru" saytının hərbi eksperti Mixail Xodarenokun sözlərinə görə, ABŞ və Rusiya birbaşa toqquşmalardan qaçacaq, lakin "əfqan ssenarisi"nə əl ata bilərlər. Suriyanı poliqona çevirən Rusiya orada müasir HHM sistemi yerləşdirib.
Vaşinqton isə üsyançılara yeni PVO və tank əleyhinə komplekslər vəd edir ki, bu da Bəşər Əsəd qoşunlarının silahlı müxalifət üzərində üstünlüyünü heçə endirəcək.
Rusiya artıq Suriyada ilk dəfə olaraq "Antey-2500" C-300B4 (NATO təsnifatına görə SA-23 Qladiator) qabaqcıl hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirib. Bunu "Fox News" kanalına açıqlamasında ABŞ-ın hərbi mənbələrindən bildiriblər.
Amerikalı hərbçilər Rusiyanın yeni HHM sistemini gəmi ilə ötən həftənin sonunda Suriyanın Tartus limanına çatdırdığını deyiblər. Bu, ABŞ-la Rusiya arasında Suriyaya dair geniş dialoqun dayandırıldığı zamana təsadüf edir. Bu addım həm də Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə hərbi dəstəyi davam etdirəcəyi anlamına gəlir.
Qeyd edək ki, oktyabrın 3-dən ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırıb. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib. Buna səbəb kimi rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. "Bu bizi çox təəssüfləndirir", - deyə C.Kirbi bildirib.
Bununla belə, Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya rəsmi Vaşinqtonun Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflənir.
"ABŞ Suriya üzrə əsas razılaşmaları yerinə yetirə bilmədiyindən, məsuliyyəti digər tərəflərin üzərinə qoymağa cəhd edir", - deyə Zaxarova bildirib.
Vəziyyətin bu səviyyədə gərginləşməsi və tərəflər arasındakı mübarizənin açıq müstəviyə keçməsi Dağlıq Qarabağ probleminin həllinə təsir göstərəcəkmi?
"Atlas" Araşdırmalar Mərkəzindən verilən məlumata görə, yaşanan gərginlik Qarabağ danışıqlarından da yan keçməyəcək:
"Qarabağ probleminin həllində əvvəl də bir irəliləyiş nəzərə çarpmırdı. Qarabağla bağlı irəliləyiş iki ölkənin münasibətlərinin Suriyada normallaşdığı dönəmdə də müşahidə olunmadı. ABŞ-la Rusiyanın mövqeyi iki qlobal məsələdə haçalanır. Birincisi Ukrayna problemidir. Rusiya Krımı, Donbası işğal edib. Bunun qarşılığında Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Eyni zamanda, Suriya məsələsinə görə də fikir ayrılığı var. Ona görə ABŞ və Rusiyanın böyük münaqişələrdə fərqli mövqe ortaya qoyduğu halda, Qarabağla bağlı razılığa gələcəyi inandırıcı deyil. Düzdür, həmsədrlər birgə işləyir. Amma hər iki dövlətin dünya problemlərinə fərqli baxışları var. Belə olan halda, onların Qarabağla bağlı fərqli maraqları ola bilər. Çünki Rusiya münaqişənin həllində maraqlı deyil. Əksinə, hərbi cəhətdən Azərbaycanın güclənməsini istəmir. Ona görə "İsgəndər" raketlərini Ermənistana təmənnasız verdi.
ABŞ dövlət katibinin "Qarabağ münaqişəsinin vaxtının yetişmədiyi" ilə bağlı açıqlaması təsadüfi deyil. Eyni zamanda, aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində belə bir inam var idi ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq edib Qarabağ probleminin həllini sürətləndirə bilər. Amma baş verənlər bunun tam əksini deməyə əsas verir".
Məhəmmədəli QƏRİBLİ