Cari ilin aprelində cəbhədə məlum döyüşlər Ermənistanda şok effekti yaratmaqla bərabər, burada hakimiyyətdə bir çox komanda üzvlərinin dəyişməsinə də səbəb oldu. Elə o vaxtdan söhbət gəzirdi ki, aprel döyüşlərində yaşanan duruma görə müdafiə naziri Seyran Ohanyan da vəzifəsindən çıxarılacaq.
Artıq yayılan xəbərlər təsdiqini tapıb və müdafiə naziri Seyran Ohanyan vəzifəsindən çıxarılıb. Ermənistan prezidenti Serj Sarkisyanın əmrilə Viqen Sarkisyan Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsindən azad olunaraq müdafiə naziri vəzifəsinə təyin edilib. Bununla yanaşı, Ermənistan prezidentinin əmrilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub və Ermənistan prezidenti Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Yuri Xaçaturov Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisi vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub. Ermənistan Silahlı qüvvələri baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin olunub. Amma aydındır ki, bu yerdəyişmələr erməni ordusunun döyüş qabiliyyətində hansısa dəyişikliyə gətirib çıxarmayacaq. Digər tərəfdən ekspertlər diqqəti ona yönəldir ki, erməni ordusunun maddi-texniki təchizatı da aşağı səviyyədədir. Düzdür, son günlərdə Rusiyanın Ermənistana "İsgəndər" operativ-taktiki raketlərini verməsindən sonra vəziyyətin dəyişə biləcəyi barədə erməni ekspertlər müəyyən iddialar səsləndirir. Amma açıq etiraf edənlər də var ki, bu hansısa dəyişikliklərə gətirib çıxarmayacaq. Əksinə, Azərbaycanın buna qarşı daha sərt cavab tədbirləri görməsinə səbəb olacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" hesab olunan "Stratfor" beyin mərkəzi isə bildirir ki, Rusiyanın Ermənistana "İsgəndər-M" raketlərini verməsi onu göstərir ki, Kreml Qarabağda yeni müharibə istəmir. Mərkəz qeyd edir ki, bu raket kompleksini Ermənistana verən Rusiya bölgədə güc balansını saxlamağı düşünür: "Rusiya bölgədə hərbiləşmənin tərəfdarıdır, lakin o, müharibə istəmir. Aprel müharibəsində Azərbaycan öz gücünü göstərdi. İndi hesab olunur ki, "İsgəndər-M" raket kompleksi Azərbaycanı təmkinli olmağa vadar edəcək. Rusiyanın məqsədi də odur ki, bölgədə balans qorunsun və yeni müharibə baş verməsin".
Amma "İsgəndər-M" raket kompleksinin Ermənistana verilməsi Azərbaycanı yeni müharibədən çəkindirmək iqtidarında deyil. Əksinə, Azərbaycan yeni texnologiyalar əldə etməklə erməni təhlükəsini daha sürətlə neytrallaşdırır. Bu arada sirr deyil ki, Azərbaycan tərəfdaş ölkələrdən 500 kilometr mənzilli operativ-taktiki raketlərin alınmasına dair danışıqlar aparır. Digər tərəfdən xatırladaq ki, bu günlərdə Belarus müdafiə naziri Andrey Ravkov Bakıda səfərdə olub və müdafiə naziri Zakir Həsənovla, Prezident İlham Əliyevlə danışıqlar aparıb. Bakıda keçirilən ADEX-2016 müdafiə sərgisində Ukrayna hərbi sənayesinin aparıcı müəssisələrinin rəhbərləri Azərbaycan tərəfi ilə danışıqlar aparıblar. Məsələ bundadır ki, Ukrayna və Belarus Rusiyanın "İsgəndər" raketlərinin analoqu olan operativ-taktiki raket kompleksi üzərində çoxdandır iş aparır. Bu, 300 kilometr mənzilli, 480 kiloqramlıq döyüş başlığına malik, hədəfi dəqiq vuran "Qrom-2" operativ-taktiki raket kompleksləridir. Əslində "İsgəndər" komplekslərinin yerləşdiyi mobil platformanı Belarusun hərbi-sənaye müəssisəsi - Minsk maşın-traktor zavodu istehsal edir. Bu baxımdan Belarusa təkcə raketin özünü əldə etmək kifayət edərdi. Ukrayna mənbələrinin xəbərlərinə görə, bu payız Pavloqrad Kimya Kompleksi "Qrom-2" raketlərinin ilk sınağını keçirməyə hazırlaşır. Və raketlər Belarusun istehsalı olan, "İsgəndər"lərin yerləşdiyi mobil platforma üzərində yerləşdiriləcək. Azərbaycan ehtimal ki, "İsgəndər"ləri neytrallaşdırmaq üçün mümkün variantlardan biri kimi Ukrayna-Belarus birgə istehsalı olan "Qrom" komplekslərini də nəzərdən keçirir. Bundan başqa, yerli səviyyədə raket istehsalının artırılması istiqamətində də müvafiq addımlar atılır. Məlumdur ki, ölkənin müdafiə sənayesində prioritet layihələrdən "hava-yer", "hava-hava", "yer-yer" raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə şirkəti ilə hədəfi 300 kilometrdə məhv edən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində də işlər həyata keçirilir.
Nahid SALAYEV