Aydın Mirzəzadə: "Milli Məclisin ötən il qəbul etdiyi qərarda ancaq 2 bənd dəyişdi"
Məlum olduğu kimi, Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin bərpasına qərar verilib. Avropa Parlamentinin 2015-ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.
Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Bununla, Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.
2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest PA-nın nümayəndə heyətini Azərbaycana ezam edib. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Milli Məclis Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün 2015-ci il 14 sentyabr tarixli qərarın 10-cu və 11-ci maddələrini qüvvədən düşmüş hesab edir.
Müşahidələr göstərir ki, Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin bərpası müsbət qarşılanır. Bütövlükdə bu taktika Avropa Parlamentinin Azərbaycanla bundan sonra qərəzsiz olması üçün necə rol oynayacaq? Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Avropa Parlamenti bundan nəticə çıxarmalıdır: "Azərbaycan Avropa Parlamentinin sərgilədəyi qərəzli mövqeyə görə çox düzgün mövqe tutdu. Ona edilən təzyiqlərin yolverilməz olduğunu, müstəqilliyini bütün səviyyələrdə qorumaq əzmində olduğunu, iddiaların heç birinin reallığa uyğun olmadığını faktlarla sübut etdi. Həmçinin, özünün adını qoruyaraq, Avropa Parlamenti və Avropa İttifaqı ilə əlaqələri dayandırdı. Hesab edirəm ki, ölkəsinin adını qoruyan hər bir dövlət məhz belə addım atmalı idi. Üstündən bir il keçdikdən sonra AP-dən münasibətləri bərpa etmək barəsində müraciətlər daxil olmağa başladı. Əvvəl şifahi, sonra isə rəsmi surətdə münasibətləri bərpa etmək barəsində müraciətlər daxil oldu. Məsələ ondadır ki, Azərbaycan sıradan bir ölkə deyil. Onun regionda və dünyada mövqeyi kifayət qədər vacibdir. Aİ-nin Avropa ilə Asiyanın kəsişdiyi yerdə apardığı siyasət Azərbaycansız heç bir səmərə vermir. Azərbaycan Aİ-nin müraciətini qiymətləndirərək, eyni zamanda, ikitərəfli mövqeyini bir daha ortaya qoyaraq əlaqələrin bərpasına razılıq verdi. Milli Məclisin ötən il qəbul etdiyi qərarda ancaq 2 bənd dəyişdi - Avronestdən çıxmaq barəsində prosedurun dayandırılması, Aİ ilə əlaqələrin kəsilməsi barəsində maddənin ləğv edilməsi. Digər məsələlərdə isə mövqeyi əvvəlki kimi qalır. Ümid etmək istərdim ki, Avropa Birliyi iki tərəf arasında olan bu tarixdən nəticə çıxaracaq, Azərbaycana qarşı ədalətsiz çağırışlara son qoyacaq".
Vidadi ORDAHALLI