"Tolerant" Araşdırmalar Mərkəzi: "Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir"
Oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində çıxışı zamanı Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb:
"Qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu ilə elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, "Şərq ilə Qərbin arasında qapı" olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin".
Roma Papasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri necə şərh etmək olar?
Politoloq Qabil Hüseynlinin fikrincə, Roma Papası bir qədər xristian təəssübkeşi kimi tanınır: "Ermənistana səfərində də "erməni soyqırımı" ilə bağlı səsləndirdiyi fikirlərlə dövlətlərarası münasibətlərə xələl gətirən addımlar atdı. O bəzən sülhdən, xalqlararası tolerant münasibətlərdən danışsa da, əslində tipik xristian təəssübkeşidir. Ən kritik zamanlarda bu özünü onun siyasi çağırışlarında göstərib. Azərbaycanla münasibətlərdə sülhdən dəm vurur, amma erməni təcavüzü barədə bir kəlmə də olsun fikir səsləndirmir. Onun verdiyi bəyanatda ümumi sözlərdən başqa nəsə yox idi. Ancaq bu səfər Azərbaycanın bölgədə oynadığı rola, beynəlxalq aləmdəki mövqeyinə verilən əhəmiyyətdir. Ortada olan problemlərə obyektiv mövqe olmadığından, bu səfərin ən böyük problemimiz olan Dağlıq Qarabağ və digər məsələlərimiz baxımından müsbət nəticələrinin olacağını sanmıram. Mömin bir dindar kimi özünü humanist göstərməyə çalışdı. Roma Papası Azərbaycanda Ermənistanın təcavüzkar ölkə olması, xüsusilə onların Xocalıda törətdikləri barədə heç olmasa bir-iki kəlmə fikir səsləndirsəydi, çox sevinərdim".
"Tolerant" Araşdırmalar Mərkəzi qəzetimizə Roma Papasının Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikri belə şərh etdi: "Roma Papasının çıxışında iki mesaj verildi. Birinci mesaj Azərbaycan Prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəkləndiyini tərənnüm etdirir. İlham Əliyevin multikulturalizmə söykənən dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib.
İkinci mesajda isə Roma Papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışdı. İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəltsə də, Roma Papası çıxışında "Dağlıq Qarabağ" və "ərazi bütövlüyü" ifadələrini işlətmədi. Bununla da Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz. Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır".
Məhəmmədəli QƏRİBLİ