Əli Orucov: "Biz öz təhlükəsizliyimizi gücləndirməyə məhkumuq"
Məlum olduğu kimi, sentyabrın 27-dən Bakı Ekspo Mərkəzində "ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə start verilib. Müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX" sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradıb.
"ADEX 2016" Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Sərgidə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
"ADEX 2016" sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdirilir. Nazirlik "ADEX 2016" sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Bu məmulatların sırasına Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və xüsusi təyinatlı məhsullar, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələri daxildir. Sərgi çərçivəsində, həmçinin, Azərbaycan müdafiə sənayesinin bir sıra yeni məhsulları təqdim olunur. Sərgi sentyabrın 30-da başa çatacaq. Bütövlükdə sözügedən sərginin keçirilməsi Dağlıq Qarabağ probleminin həllinə nə verəcək? Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, müşahidələr göstərir ki, sərgi əvvəlki sərgidən miqyasına görə fərqlənir: "Görünən odur ki, sərgidə ən müasir silahlar nümayiş olunur. Həmçinin, daha çox silah çeşidləri sərgiyə təqdim olunub. İstəsək də, istəməsək də biz öz təhlükəsizliyimizi gücləndirməyə məhkumuq. Əvvəllər Azərbaycan müdafiə sənayesini daha çox kiçik silahlarla təkmilləşdirirdi. Ancaq Ermənistanın atdığı addımlar bizi də adekvat addım atmağa məcbur edir. Nəzərə alınmalıdır ki, ərazilərimiz işğal altındadır və bu uzun müddət davam edə bilməz. Sərginin bir əhəmiyyəti də ondan ibarətdir ki, yeni avadanlıqlar nümayiş olunur. Azərbaycan bütün imkanlarından istifadə edir. Ermənistan isə bu silah yarışında Azərbaycanla rəqabət apara bilmir. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Çünki söhbət Azərbaycanın işğal altında olan və beynəlxalq müstəvidə tanınmış ərazilərindən gedir. Nəyin bahasına olursa-olsun, həmin torpaqlar azad edilməlidir. Keçirilən sərgi Dağlıq Qarabağ probleminin həllinə birbaşa təsir göstərməsə də, dolayı təsir edə bilər. Çünki Ermənistanın mövcud vəziyyəti göz qabağındadır. Ancaq onu da nəzərə almalıyıq ki, torpaqların bu qədər işğal altında qalmasının səbəbi təkcə Ermənistan deyil. Ermənistanı himayə edən havadarları və başlıca olaraq Rusiya hesabına belə vəziyyət yaranıb. Rusiyanın birbaşa yardımı sayəsində torpaqlar işğal olunub və işğal bu qədər uzanır".
Vidadi ORDAHALLI