Üzeyir Cəfərov: "Arsenalımıza daxil olan hər yeni növ silah bizim müdafiə və təhlükəsizliyimiz üçün önəmli rola malikdir"
Rusiyanın Ermənistana "İsgəndər" tipli operativ taktiki raket sistemlərini bağışlaması aprel toqquşmalarından sonra ağır mənəvi-psixoloji gərginlik içərisində olan erməniləri xeyli dirçəldib. Rusiyanın İrəvandakı səfiri İvan Volıkin deyib ki, ölkəsi 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində Ermənistana silah satışına başlayıb.
Səfir bildirib ki, bu fakt Rusiya-Ermənistan müttəfiqliyinin xarakterini göstərir. Səfir İ.Volıkin "İsgəndər"in satışının əldə olunmuş razılaşmaya uyğun aparıldığını və bunun Rusiya ilə Ermənistan arasında "müttəfiqlik və qardaşlıq" anlamına gəldiyini deyib. Rusiya "İsgəndər" raketlərini heç bir ölkəyə ixrac etməyib və bu bir ilkdir.
"İsgəndər"in nümayişinin ardınca Rusiyanın Ermənistanla birgə hava hücumundan müdafiə sistemi qurmağı rəsmiləşdirməsi Azərbaycanı müdafiə və təhlükəsizlik məsələlərinə bir daha diqqət yetirməyə sövq edir. Onu da unutmayaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının oktyabrın 14-də keçiriləcək toplantısında qurumun baş katibi vəzifəsi Ermənistan nümayəndəsinə həvalə olunacaq.
Ancaq söz yox ki, ölkəmizin silah arsenalında Türkiyə, İsrail, Pakistan istehsalı olan daha dəhşət saçan silah-sursatlar var. Son məlumata görə, Türkiyənin "Roketsan" şirkəti aldığı sifariş əsasında "Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb. Həm 2015, həm də 2016-cı illərdə Azərbaycana "Qasırğa T-300" reaktiv sistemləri gətirilib. Azərbaycana nə qədər "Qasırğa T-300" reaktiv sisteminin satıldığı açıqlanmır. Qeyd edək ki, "Qasırğa T-300" sistemi 300 mm-lik raketlərlə təchiz olunub və 150 km məsafədə hədəfi vurur.
"Qasırğa T-300" reaktiv sistemləri daha hansı üstün keyfiyyətlərə malikdir?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən silah bir sıra üstün keyfiyətlərə malikdir: "Qasırğa T-300" sistemləri canlı qüvvə və texnikanı bir neçə hektar ərazidə məhv etmək gücündədir. Dördüncü nəsil raket-artilleriya mərmiləri sayılır. Çox böyük dağıdıcı gücə malikdir. Ermənilər son vaxtlar əllərində "İsgəndər"i bayraq tutur. İddia edirlər ki, guya bununla onlar çox güclənib. Hətta bizə məsləhət görürlər ki, Qarabağı yaddan çıxaraq. Boş və mənasız fikirlərdir. Azərbaycanın hərbi arsenalında "İsgəndər"dən geri qalmayan silahlar var. Dediyimiz silah və müdafiə sənayesi naziri Yavər Camalovun qeyd etdiyi raketlər "İsgəndər"ə cavab verməyə qadirdir. Y.Camalov bildirdi ki, 280 km məsafəni vuracaq ballistik raketləri də hazırlayırıq. İsraildən aldığımız, bu günə qədər adını açıqlamadığımız bir sıra silahlar var ki, onlarla biz düşmənə lazım olan zərbəni endirə bilərik. Bu baxımdan da narahatlıq üçün heç bir əsas görmürəm. Arsenalımıza daxil olan hər yeni növ silah bizim müdafiə və təhlükəsizliyimiz üçün önəmli rola malikdir".
Məhəmmədəli QƏRİBLİ