Arzu Nağıyev: "Bilinməlidir ki, kiminsə diqtəsi və tapşırığı ilə günahsız insanlara qarşı keçirilən hər bir terror aktında təşkilatçılar ancaq öz maddi və digər məqsədlərini güdür"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, bütün məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunmalıdır:
"Biz Şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq.
Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir".
İlham Əliyevin bu çıxışında terrorla mübarizə istiqamətində yeni konseptual baxış ortaya qoyulur. O bildirir ki, terror hətta düşmən ölkəyə yönəlirsə belə pislənməli, onunla birgə səylər əsasında mübarizə aparılmalıdır. Bu yeni yanaşmanın terrorla mübarizə istiqamətində nə kimi əhəmiyyəti olar?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu yanaşması ilə cənab Prezident çox gözəl nümunə ortaya qoyub: "Düşünürəm ki, cənab İlham Əliyev bununla terrorun mahiyyətinə toxunub. Yəni terror hadisələri vaxtı əsasən günahsız şəxslər, o cümlədən uşaqlar və qocalar da həlak olur. Yəni müharibəyə, silahlı qarşıdurmaya dəxli olmayan şəxslər, bəlkə də bunun tam əleyhinə olanlar əziyyət çəkir. Yəni terrorun milləti və dini olmur. Bu bir ismarıc və mesajdır. Bilinməlidir ki, kiminsə diqtəsi və tapşırığı ilə günahsız insanlara qarşı keçirilən hər bir terror aktında təşkilatçılar ancaq öz maddi və digər məqsədlərini güdür. Bu səbəbdən də terrorla mübarizədə bəzi yanaşmalar kənara qoyulmalıdır. Bu bəla ilə birgə mübarizə daha yaxşı nəticələr verər".
Məhəmmədəli QƏRİBLİ