Sultan II Əhməd xan Osmanlı sultanlarının iyirmi birincisi, İslam xəlifələrinin səksən altıncısıdır. Sultan II Əhməd xan 25 fevral 1643-cü ildə anadan olub. Atası Sultan İbrahim xan, anası Xədicə Müəzzəs Validə sultandır. Şahzadəliyini sarayda keçirən Əhməd xan mükəmməl bir təhsil alıb. Böyük qardaşı Sultan II Süleyman xan vəfat etdikdən sonra 1691-ci il iyun ayının 22-də Osmanlı taxtına çıxıb. Sultan II Əhməd xan taxta çıxdığı zaman qırx səkkiz yaşında olub.
O zamanlar Osmanlı ordusu Avropa səfərində idi. Belqradı fəth edən Fazil Mustafa paşa Peter Varadinin yaxınlığında olan Avstriya ordusunun üzərinə hücum etmək üçün hazırlıqlar görürdü. Krım qüvvələri hələ Osmanlı ordusuna qatılmamışdılar. Bu vəziyyəti fürsət bilən Avstriya ordusunun komandanı 1691-ci il avqust ayının 25-də osmanlılara qarşı hücuma keçdi. Slankamen müharibəsi adı verilən bu döyüşün ilk anlarında Osmanlı ordusunun əsgərləri qalib vəziyyətində idilər. Ancaq Osmanlı ordusunun tarixində çox mühüm iz buraxan Vəzir Fazil Mustafa paşanın şəhid edilməsi nəticəsində vəziyyət birdən-birə dəyişdi, Osmanlı ordusunun əleyhinə döndü və Slankamen müharibəsi osmanlıların məğlubiyyətilə nəticələndi.
Slankamen qalibiyyətindən sonra irəliləyən Avstriya qüvvələri noyabr ayında Varat qalasını mühasirə altına aldılar. Sultan II Əhməd xan yeni sədarət Arabaçı Əli paşanı vəzifəsindən azad edərək Diyarbəkir valisi Hacı Əli paşanı onun yerinə təyin etdi və onu Avstriya üzərinə səfərə çıxmaqla vəzifələndirdi. Bu zaman Avropa dövlətləri Osmanlı-Avstriya müharibəsinin durdurulması üçün səy göstərdilərsə də, müsbət bir nəticə əldə edə bilmədilər. Digər tərəfdən də zamanında yardım ala bilməyən Varat qalası Avstriya ordusuna təslim olmaq məcburiyyətində qaldı. Sultan II Əhməd xanın ilk sultanlıq günləri beləcə müvəffəqiyyətsizliklə başladı.
1692-ci ilin iyun ayında Hacı Əli paşa Ədirnədən hərəkət edərək Belqrada gəldi və ordusunu Avstriya üzərinə səfərə hazırlamağa başladı. Osmanlı ordusunun ciddi hazırlıqlarını görən avstriyalılar geri çəkilmək məcburiyyətində qaldılar. Hacı Əli paşa da ordusu ilə birlikdə Ədirnəyə döndü.
Sultan II Əhməd xan güclü və şiddətli olmaqla bərabər, gördüyü işlərdə qərarsız olub. Saraydakı ağaların təsiri altında qalaraq tez-tez verdiyi əmrləri dəyişdirdiyi görülür. Sultan II Əhməd xan dövlətin ən böhranlı zamanında iş başında olacaq bir hökmdar deyildi. Bəzən lüzumsuz yerə şiddət göstərən, səbat ediləcək yerdə təsir altında qalan qərarsız bir hökmdar idi. Silahdar tarixinin tədqiqindən Sultan II Əhməd xanın bu xasiyyəti aydın olur. Bütün bunlara baxmayaraq o, etdiyi xətaları ciddi-ciddi araşdırar, zamanı gəlincə buraxdığı səhvləri düzəldərdi. Tanıdığı dəyərli adamları iş başına gətirərdisə də, hər hansı bir təsirlə onları yox edər, işlərin yaxşı getməsinə diqqətli olardı. Yəni dövlət işlərini divani-hümayun iclaslarında müzakirə edərdi. Sultan II Əhməd xan həftədə dörd gün divan iclaslarının keçirilməsini yenidən bərpa etmişdi.
Çox mərhəmətli və vətənpərvər olan olan Sultan II Əhməd xan xəstə olduğu zamanlarda belə dövlət işlərindən əl çəkməz, ölkənin təhlükəsizliyini və vətəndaşlarının əminamanlığını təmin etmək üçün hər şeyin həyata keçirilməsini istəyərdi.
Osmanlı-Avstriya müharibəsindən gələn acı xəbərlərə tab gətirə bilməyən Sultan II Əhməd xan ölkənin daxilində və xaricindəki məsələləri həll etmək məqsədilə yüksək dövlət məmurlarının qatıldığı böyük bir divan iclasını keçirdi. İclasda dövlət məsələlərinin həlli üçün iclasa qatılanların çəkinmədən öz fikirlərini söyləmələrini istədi. Divandan sonra idari, maliyyə, siyasi və hərbi məsələlərin həlli üçün təlimatlar verdi. Avstriya ilə aparılan müharibənin davamına qərar verdi. Maliyyə işlərinin düzəlməsi üçün sarayda olan qızıl və gümüş əşyaların böyük bir qismini pula çevirmək üçün zərbxanaya göndərdi. Mərkəz və əyalətlərdəki xalq Sultan II Əhməd xanın təkliflərinin yerinə yetirilməsi üçün qızıl və gümüşlərini dövlətə bağışladılar. Sarayın aldığı tədbirlərlə və xalqın yardımı ilə cəbhə gücləndirildi.
Bu zaman işi cığırından çıxaran üsyançılar xalqın mallarını qarət etməyə, yeniçərilər də hər bir işə qarışmağa başlamışdılar. Sultan II Əhməd xan üsyançıların bir qismini müxtəlif bəhanə və vəzifələrlə saraydan uzaqlaşdırdı. İşlərin təhlükəli bir yola girdiyini görən Sultan II Əhməd xan yaranan vəziyyəti aradan qaldırmaq məqsədilə yeniçərilərin bəzi istəklərini yoluna qoydu.
Sultan II Əhməd xan böyük sarsıntı içində olan dövlətin hökmdarı olduğu zaman hakimiyyətə gəlmişdi. O zamanlar Osmanlı dövləti yaranan zəiflikdən istifadə etmək üçün fürsət axtaran Avropa dövlətlərinin qorxunc ehtirasları ilə qarşı-qarşıya idi. Belə böhranlı bir dövrdə dövlətin idarəsini əlinə alan Sultan II Əhməd xan həyatını bu yolda fəda etməkdən çəkinməyəcək qədər mətin, iradəli və əzmli idi. Sultan II Əhməd xan, sadəcə siyasi və hərbi baxımdan deyil, mədəniyyət baxımından da inkişafa hazır bir dövlət yaratmaq niyyətində idi.
Sultan II Əhməd xan pozulan dövlət sistemini yenidən yoluna qoydu. İsrafın qarşısını almaq üçün qanunlar çıxardı. Komandanları intizam və itaət altına aldı, asayişi təmin etdi. Ən kiçik günahları belə məmləkətin sağlamlığı üçün cəzalandırmaqdan çəkinməyən Sultan II Əhməd xan, həm də çox mərhəmətli bir xan idi. Müharibə zamanı sarayının yanında qurdurduğu səyyar xəstəxanalardakı yaralı və xəstələri ziyarət edər, onlarla yaxından maraqlanardı. Qocalara və yetimlərə sahib çıxardı. Din və dövlətin xeyrinə iş görənləri mükafatlandırardı.
Sultan II Əhməd xanın belə müsbət fəaliyyətlərinə baxmayaraq, XVII əsrdə hökmdarlıq edən Osmanlı padşahlarının şəxsiyyətləri haqqında verilən qısa məlumatları nəzərdən keçirdikdə xanədanda bir geriləmə və cəhalətin yerinə bir süstlük görülür. Bunda Osmanlı şahzadələrin sancaq bəyliklərindən alınmasının və kiçik yaşlarında hökmdar olmalarının təsiri vardır. Padşahların belə uşaq deyiləcək yaşlarda dövlətin başına gətirilərək Validə Sultan və qızlar ağasının idarəsi, xalqın keçmişdən bəri Osmanlı hökmdarlarına qarşı göstərdikləri hörmət və təzimi azaltmış, bəzi şahzadələrin mənfəət və nüfuz tesisi rəqabətləri səbəbilə kiçik yaşlı şahzadələrin hökmdar elan edilməsi bu məqamın əzəmətini bütünlüklə qırmış, dövlət işlərini bir çıxmaza salmışdır.
Hökumət idarəsinin dəyərli əllərdə olmaması səbəbilə məğlubiyyətlərə və bir xeyli torpağın əldən çıxmasına qarşı göstərdiyi qeydsizlik Sultan II Əhməd xanın zamanında da göstərilmişdir.
Bir gün Sultan II Əhməd xan qızlar ağası İsmayıl ağaya, "Vəziri-əzəm olan Qoca kələkbazın xəyanəti və yalanı zahir oldu. Bu Qocadan qəlbim qırıldı. O həm xain, həm də yalançıdır. Onu dəyişəcəyəm, yerinə kimi vəziri-əzəm təyin edim?" deyə soruşduqda, qızlar ağası, "Aman padşahım, bu fikirdən vaz keçin. O Sizi ən çox sevən dürüst və ən dəyərli bir vəzirdir,"- deyərək padşahı fikrindən döndərir.
Sultan II Əhməd xan nazirlikləri şəxsən nəzarəti altında saxlayar, dövlət işlərində istişarə edər və alınan qərarları yerinə yetirdərdi. O, çox ciddi və əzmli bir şəxsiyyət idi. Baş verən hadisələri soyuqqanlılıqla istişarə edər, təlaş göstərməzdi. Səltənəti zamanında təcrübəli vəzirlərdən istifadə edərdi.
O zamanlar dövlətin hüquqi qanunlarını tətbiq edən hakimlərin və onların davamçılarının savadsızlıqları, eləcə də müharibənin davamı və bir çox səbəblə təsərrüfatını buraxan kəndlinin yaşama qaydaları pozulub və bu hallar məmləkətdə iqtisadiyyat və ticarətin böhrana uğramasına səbəb olub. Yəni Osmanlı sultanı, saraya qapanan, məmləkətin halından xəbərsiz bir şəxsiyyət halında idi. O, yaranan mühitin təsiri ilə iş görən halına gəlmiş, vəzirin təsiri ilə verdiyi əmrə görə hərəkət edərdi. Bu səbəblə də işlər qarışmağa başlamışdı. Beləcə, dövlət mərkəzi zəifləmiş, əyalətlərdəki qanunsuz hərəkətlər baş alıb gedirdi.
Strateji əhəmiyyəti böyük olan Narenta qalası 1694-cü il iyun ayının 28-də venediklilər tərəfindən işğal edildi. Narentanı geri almaq üçün irəli sürülən təşəbbüslər bir nəticə vermədi. Bu hadisədən bir müddət keçdikdən sonra o bölgədə yaranan vəziyyəti həll etmək məqsədilə səfərə çıxan Osmanlı ordusu Varadin qalasını mühasirə altına aldı. Ancaq bu zamanlar Malta, Florensiya və papalıq filolarından əmələ gələn bir Venedik donanması da Sakız adasını zəbt etdi. Sakız adasını çox sevən Sultan II Əhməd xan öz vəzirinə Sakız adasının hər nə bahasına olursa-olsun geri alınmasını əmr etdi. Bu məsələnin həlli üçün ciddi-ciddi hazırlıqlar görüb təcili yola çıxan Hüseyn paşa ada açıqlarında venediklilərlə döyüşərkən, Sakız adasının əldən çıxacağı acısı ilə qeyri-adi üzüntüdən xəstəliyi ağırlaşan Sultan II Əhməd xan 6 fevral 1695-ci ildə fəth xəbərini almadan 52 yaşında Ədirnədə vəfat etdi. Onun cənazəsi İstanbula gətirilərək Qanuni Sultan Süleyman xanın türbəsində dəfn edildi.
Sultan II Əhməd xan Sultan İbrahim xanın üçüncü oğlu olub, atasının vəfatından sonra qardaşı Süleyman ilə birlikdə qəfəs həyatı yaşayıb. Çox mərhəmətli və vətənpərvər olan Sultan II Əhməd xan xəstə olduğu zamanlarda belə dövlət işlərindən əl çəkməz, ölkənin təhlükəsizliyini və vətəndaşlarının əminamanlığını təmin etmək üçün hər bir işin yüksək səviyyədə həyata keçirilməsini istəyərdi. Həftədə iki gün aparılan divan iclaslarının sayını dördə çıxarmışdır. Aparılan iclasları şəxsən təqib edər, yeni-yeni təkliflər irəli sürər, buraxılan səhvləri düzəltməkdən çəkinməzdi. Adil bir sultan olaraq yaşayan II Əhməd xan millətini məmnun etmək üçün əlindən gələn hər şeydən istifadə etməyə çalışardı. Sultan II Əhməd xan elm adamlarını və sənətkarları qoruyar, yaşayış problemlərini həll edər, onlara təltiflər edərək daha yaxşı fəaliyyətlərə yönləndirərdi. Sultan Əhməd xan digər Osmanlı sultanları kimi yaxşı bir şair olub.
Fazil QARAOĞLU professor