Rusiya və ABŞ arasında Suriya məsələsi üzrə davam edən fikir ayrılığı getdikcə daha da dərinləşir. Bu ərəb ölkəsində yaşanan böhranın həlli istiqamətində tərəflərin ortaq mövqeyə gəlməsi, demək olar ki, mümkünsüz hala çevrilir. Digər tərəfdən, Rusiyanın Suriyada ABŞ tərəfindən dəstəklənən müxaliflərə aviazərbələr endirməsi vəziyyəti daha da pisləşdirir.
Bu durumda diqqət çəkən olay odur ki, Qərb koalisiyasının hərbi təyyarələri Suriyanın hökumət qüvvələrinə zərbələr endirib. Suriyanın Deyr-əz-Zor şəhərindəki komandanlığı aviasiya hücumu nəticəsində 62 hərbçinin öldüyünü, 100-dən çoxunun yaralandığını bildirib. ABŞ Hərbi Birləşmələrinin Mərkəzi Komandanlığı bildirib ki, zərbələr endirilərkən İŞİD mövqelərinin vurulduğu güman edilib, Suriya ordusu hədəf olmayıb. Amma rəsmi Dəməşq bu hücumu "Suriya ordusuna açıq təcavüz və ABŞ-ın İŞİD-ə dəstəyinin sübutu" kimi qiymətləndirib. Eyni zamanda Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinin məlumatına görə, Qərb koalisiyasının İŞİD əleyhinə əməliyyatları zamanı F-16 və A10 təyyarələri İŞİD yaraqlılarının mühasirəsində olan Suriya hərbçilərinə 4 zərbə endirib. Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəsmi nümayəndəsi, general İqor Konaşenkov bildirib ki, Birləşmiş Ştatlar aviasiyasının Suriya ordusunun mövqelərinə endirdiyi zərbələr nəticəsində 62 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb.
Konaşenkovun sözlərinə görə, hava zərbələrindən dərhal sonra İŞİD həmin istiqamətdə hücuma keçib. Konaşenkov deyib ki, zərbələr yanlış koordinatlar üzündən endirilibsə, bu, ABŞ-ın Suriyada hədəflərin koordinatlarının mübadiləsinə dair Rusiya ilə razılaşmaya əməl etməməsinin hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya tərəfi Ağ Evin hərəkətlərinin İŞİD terrorçularının müdafiəsinə yönəldiyi qənaətinə gəlməyə başlayıb: "Suriya ordusuna endirilən zərbələrdən sonra biz bütün dünya üçün dəhşətli olan bir nəticə çıxardıq: Ağ Ev İŞİD-i müdafiə edir". Zaxarova həmçinin qeyd edib ki, Moskva daha əvvəl Ağ Evin "Cəbhət Fatah əş-Şam" terror qruplaşmasını müdafiə etdiyini bildirib. Ekspertlər isə hesab edir ki, Rusiya ABŞ və digər Qərb qüvvələrinin Suriya ordusunu məğlub duruma düşürməsinə imkan verməyəcək. İstisna deyil ki, bu məqsədlə ABŞ və ümumilikdə Qərb hərbi təyyarələrini vuracaq texnika Suriya ordusunun ixtiyarına verilsin. Bu isə Suriyada tərəflər arasında daha böyük qarşıdurma deməkdir. ABŞ-ın da, öz növbəsində, yüksək dəqiqlikli silahları Suriya müxalifətinə ötürməsi vəziyyəti daha da gərginləşdirəcək. İstisna deyil ki, belə vəziyyət Suriyada əsl Rusiya-ABŞ savaşına gətirib çıxarsın.
Yaranmış durumda proseslərin gedişini dəyişə biləcək ölkə qismində isə Türkiyə çıxış edir. Məsələ burasındadır ki, məhz Türkiyə Suriya ərazisində İŞİD-in mövqelərini sürətlə məhv edir. Proses tez tamamlanarsa, ABŞ və Rusiyanın Suriyada daha böyük hərbi fəaliyyəti üçün əsas qalmayacaq. Bu arada xatırladaq ki, Türkiyənin Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi olan Rakka şəhərini azad etmək üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərt məlum olub. Türkiyənin "Yeni Şafak" qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, tezliklə Rakka əməliyyatı ilə bağlı ABŞ hərbi nümayəndə heyəti Ankaraya gələcək, planlaşdırılan əməliyyatın detalları müzakirə ediləcək.
Hazırda Türkiyə hökuməti və ordu rəhbərliyi Rakkanın sosial-mədəni quruluşunu, 2013-cü ildən sonra şəhərdə baş verən prosesləri, İŞİD-in bölgədə döyüş qabiliyyətini və Rakka əməliyyatından sonra ortaya çıxa biləcək bütün ssenariləri araşdırır. ABŞ nümayəndə heyətinin səfərinə qədər bu araşdırmalar yekunlaşdırılacaq və görüşdə Rakka əməliyyatının bütün aspektləri müzakirə olunacaq. Türkiyənin Rakkanın azad edilməsində iştirak etməsi üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərtdən biri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin əməliyyata qatılmamasıdır. Türkiyə YPG-nin əsas rol oynadığı Suriya Demokratik Qüvvələrini də heç bir halda Rakka əməliyyatında görmək istəmir. Ankara Rakka əməliyyatının koalisiya qüvvələrinin ortaq əməliyyatı olaraq həyata keçirilməsini zəruri sayır. Türkiyənin ikinci şərti Münbiçlə bağlıdır. Türkiyə PYD və ona bağlı Suriya Demokratik Qüvvələrinin Münbiçdən çəkilməsini, Rakka əməliyyatı zamanı Münbiçin quru qüvvələrinin əsas bazası olmasını zəruri sayır. Bu halda Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Rakka əməliyyatında əsas rolu öz üzərinə götürəcək. Türkiyə, bu iki şərti yerinə yetiriləcəyi halda, Rakka əməliyyatı zamanı müxalif Azad Suriya Ordusuna tank və digər zirehli birləşmələrlə dəstək verməyə, o cümlədən Türkiyə ordusunun xüsusi təyinatlı bölmələrinin də müxaliflərlə birgə quru əməliyyatında iştirak etməsinə hazırdır. Amma kürdlərlə bağlı məsələdə ABŞ tərəddüd edir. Bu fonda isə Ankaranın Moskva ilə yaxınlaşması istisna olunmur.
Tahir TAĞIYEV