"Başıma və başımıza dirənənləri tanıdacam sizə"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan çıxarılıb. Bu barədə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı bildirib. Qərar Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu iclasında qəbul olunub.
G.Bayramlı deyib ki, S.Kərimli Milli Şuranın mitinqlərinin əleyhinə təbliğat apardığı üçün qurumdan uzaqlaşdırılıb. G.Bayramlı S.Kərimlinin AXCP-dən də uzaqlaşdırılacağını istisna etməyib: "S.Kərimli AXCP-nin Şəki rayon şöbəsinin üzvüdür. Şəki rayon şöbəsi S.Kərimlinin fəaliyyəti ilə bağlı bir neçə dəfə narahatlığını ifadə edib. S.Kərimli ilə bağlı məsələyə Şəki rayon şöbəsində, yaxud Rəyasət Heyətində baxıla bilər".
Barəsində qəbul edilən qərarla bağlı mövqeyini "Bakı-Xəbər"lə bölüşən S.Kərimli bildirdi ki, onun fikirləri doğru qəbul edilməyib: "İddia edirlər ki, guya mən mitinqlərin əleyhinə təbliğat aparmışam. Əksinə, mənim fikrim bundan ibarətdir ki, mitinqlərin möhtəşəm alınması demokratikləşməyə kömək edəcək. Görürsünüz ki, məni qaralamaq məqsədilə əsassız yerə barəmdə bu cür qərar çıxarıblar. Hələlik bu barədə geniş açıqlama vermək istəmirəm. Çünki üzümüzə gələn iki günə iki mitinq təyin edilib. Bu səbəbdən də fikirlərim yanlış anlaşıla bilər. Təbii ki, barəmdə çıxarılan qərarla razı deyiləm. Hesab edirəm ki, haqqımda çıxarılan qərarın ruhu siyasi həbslər üçün verilən qərarlardan heç nə ilə fərqlənmir. Onun qədər antidemokratik, onun qədər hüquqa zidd, onun qədər mərhəmətsiz, onun qədər qorxaq. Mitinqlərin kütləvi alınmaması üçün hakimiyyət təbliğatına qoşulmaq ittihamı gülməlidir. Sizə dediyim fikirləri öz facebook profilimdə də paylaşmışam. Mənim AXCP-dən kənarlaşdırılmaq məsələmi də müzakirə etmək istəyirlər. Təbii ki, mübarizədən çəkilən deyiləm. Ancaq mitinqlər ərəfəsində geniş danışmaq istəmirəm.
Eyforik dönəmdir, prosesin bir mərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik. Ölkəmdə açılımların olması üçün siyasət ölkəyə qayıtmalıdır. İmitasiyaya qayıtmamalıdır! Ondan bir üst mərhələyə adlaya bilib dövlətin və cəmiyyətin potensialından istifadə etməliyik.
Hələlik isə tezdir. Referendumdan sonra geniş açıqlama verəcəm, ölkənin siyasi həyatının daha çox aydınlanması mümkün olacaq. Başıma və başımıza dirənənləri tanıdacam sizə".
Qeyd edək ki, S.Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub və qurultayda sədrliyə açıq iddiasını ortaya qoyub.
Məhəmmədəli QƏRİBLİ