Sultan III Osman xan Osmanlı sultanlarının iyirmi beşincisi, İslam xəlifələrinin doxsanıncısıdır. Sultan III Osman xan 2 yanvar 1699-cu ildə anadan olub. Atası Sultan II Mustafa xan, anası Şəhsüvar sultandır. Şahzadəliyində tanınan alimlərdən mükəmməl təhsil alıb. Zamanını din, ədəbiyyat və tibb kitablarını oxuyaraq keçirən Sultan III Osman xan 1754-cü il dekabr ayının 13-də böyük qardaşı Sultan I Mahmud xan vəfat etdikdə sultan olub.
Sultan III Osman xan 1755-ci il yanvar ayının 2-də Əyyub camisində qılıncla qurşanır. O dövrə qədər yeni padşah taxta çıxdığı zaman cülusiyə vergisi alınırdı. Xəzinə dolu olduğuna görə Sultan III Osman xan bu vergini əfv edib, hətta təqaüdçülərə cülus bəxşişi payladıb. Sultan III Osman xanın taxta çıxdığı 1755-ci ilin qış ayları çox sərt keçib. Halic donub və dəniz yol halına gəlib.
Sultan III Osman xanın səltənəti rahatlıq və sükutla başlayıb, sülh dövrü davam edib. Rus sərhədində bəzi hadisələr Rusiya ilə bir mübahisəyə yol açacaq kimi görünübsə də, hər iki tərəfdə də sülh pozulmayıb. Digər sərhədlərdə bəzi üsyanlar olub. Misirdə məmluklar baş qaldırıbsa da, hadisələr qısa bir zamanda yatırılıb. Sultan III Osman xan bu hadisələrin baş verməsində səhvi görülən Vəzir Bağır Mustafa paşanı vəzifəsindən uzaqlaşdıraraq 15 fevral 1755-ci ildə onun yerinə hələ I Mahmud xanın zamanında iki dəfə sədarətlik edən Həkimoğlu Əli paşanı gətirib. Fəqət qısa bir zamandan sonra Həkimoğlu da sədarətdən azad edilib və yerinə Baş dəftərdar Naili Abdullah paşa gətirilib. Naili Abdullah paşa da üç ay kimi qısa bir zamandan sonra tutduğu vəzifədən azad olunub və yerinə Silahdar Bığlı Əli paşa təyin edilib.
Bu zaman İstanbul tarixinin ən böyük yanğını kimi qəbul edilən fəlakətlərlə dolu yanğın baş verir. 1755-ci il sentyabr ayının 28-də şəhərin Xoca paşa səmtində çıxan yanğın dörd qola ayrılaraq böyük bir faciə halına gəlir. Təxminən otuz altı saat davam edən yanğın nəticəsində paşa qapısı da yandığına görə sədarət bir müddət Kadırğa limanındakı Əsma sultan sarayına köçürülür.
Sədarət Silahdar Əli paşanın rüşvət aldığını anlayan Sultan III Osman xan 1755-ci il oktyabr ayının 25-də Əli paşanı tutduğu vəzifədən azad edərək cəzalandırır və yerinə Çələbizadə Səid Məhmədi təyin edir. 1756-cı il iyul ayının 6-da o dövrün ikinci böyük yanğını baş verir. Bu yanğın İstanbulun dörddə üçünü kül halına gətirir. Cibali tərəfində başlayan yanğın 13 qola ayrılır. Unqapanı, Süleymaniyyə tərəfləri, Vəfadan başlayaraq şahzadəbaşı, keçmiş yeniçəri otaqları, Yanqa tərəfləri, Zeyrək, Saraçxana, Ət meydanı, Ağ saray, Davud paşa limanı, Fateh, Sultansəlim, Əli paşa çarşısı, Aya qapısı səmtləri xarabalıq halına gəlir. Yanğının ardından İstanbulun yenidən inşası üçün ciddi abadlaşdırma fəaliyyəti başlayır.
Sultan III Osman xanın bütün həyatı qapalı olaraq sarayda keçdiyinə görə, o çox əsəbi, dəyişkən və qərarsızdı. Buna görə sevgisinə və qəzəbinə inanılmazdı, kimsəyə etimadı olmadığına görə kiçik bir sözdən şübhəyə düşər və bəzi yaxınlarının təsirilə işləri pozardı. Ləngliyi yoxdu, tələskən olduğuna görə görülməsi zamana bağlı olan işlərin dərhal yerinə yetirilməsini əmr edərdi. Qısa sürən səltənəti zamanında bir müharibə qayğısı olmayıb. Baron dö Tot Sultan III Osman xanın əsəbi, zəif xarakterli, səbrsiz və son dərəcə ehtiraslı olduğunu təsvir edib.
Sultan III Osman xan musiqiyə nifrət edəcək dərəcədə zövqsüz olub. Böyük qardaşının zamanında sarayda yetişən bütün musiqişünasları oradan uzaqlaşdırıb. Sarayda gəzərkən cariyələrdən heç kimin qarşısına çıxmasını istəmədiyinə görə ayağına dabanı gümüş mıxlı ayaqqabı geyinib. Bu səbəbdən mərmərlər üzərində yeriyərkən ayaq səsini eşidən cariyələr bir-bir küncə sıxışarmış.
Sultan III Osman xan havada gəzməyi və xüsusilə də gecələri İstanbulun müxtəlif səmtlərində dolaşmağı adət halına gətirib. Həftədə üç gün özünün gəzdiyi günlərdə qadınların küçələrə çıxmalarını qadağan etdiyi kimi, qadınların bəzənmələrini də qadağan etmişdi. Rüşvətin qəti düşməni idi, hətta buna görə ən çox sevdiyi adam olan, sədri-əzəm təyin etdiyi Əli paşanı öldürtmüşdü.
Sultan III Osman xan qardaşı zamanından qalma dəyərli dövlət adamlarını tez-tez dəyişərdi. Özünün zamanında vəziri-əzəm olan Bahir Mustafa paşanı iki ay yarım olmadan səbəbsiz yerə Rodosa sürgün etmiş və onun yerinə Anadolu valisi keçmiş vəziri-əzəm Hakimoğlu Əli paşanı sədr-əzəm təyin etmişdi. Bu, Hakimoğlunun üçüncü dəfə sədr-əzəm təyini olub.
Sultan III Osman xan qərarsız olduğuna görə ətrafındakıların da təsirilə hökumət işlərinə daim müdaxilə edərdi. Buna görə vəziri-əzəmlərin Sultan I Mahmud xan zamanındakı kimi nüfuz və istiqlalları qalmamışdı. Vəziri-əzəm Həkimoğlu Əli paşa dövlət işlərinə tamamilə qarışdırılmadığı kimi, padşah etimadsızlığı səbəbilə də bəzi adamlarını sədr-əzəmlə müştərək iş görmək üzrə məmur etdiyini xəbər aldıqda əvvəl bu üsulsuzluğu Sultan III Osman xana anlatmaq istəməyib, fəqət eyni zamanda heç zaman itirmədən söyləməyə başlayıb.
Həkimoğlunun sözləri padşaha xəbər verildiyinə görə Beşiktaş sarayına nəql edilən Sultan III Osman xan onu ora çağıraraq təhdid etməsi üzərinə o da tərəddüd etmədən dövlət işində məsul olan vəziri-əzəmin işlərində şirkət qəbul etməyəcəyini söylədikdə padşah hiddətlənərək: "Mən səni indi tutduğun vəzifədən qovar, hamamlar kəndxudası Əli ustanı vəzir edərəm" - deməsi üzərinə Həkimoğlu da cavabən: "Bəli, edərsiniz. Fəqət hambal Əli paşa olar, Həkimoğlu Əli paşa ola bilməz" - deməsi üzərinə Həkimoğlu təyinindən 53 gün sonra 1755-ci ilin may ayında işdən qovulub qətl edilmək üçün Qız qulləsinə göndərilmişsə də^ padşahın validəsi Şəhsüvar xanımın ricası üzərinə qalaya həbs olunması üçün Kiprə göndərilir.
Rəvayətə görə, şahzadələri öldürmək istəyən Sultan III Osman xan bu fikrini ilk olaraq Həkimoğlu Əli paşaya təklif edir, fəqət Əli paşa bu təklifi rədd etdikdə padşah hiddətlənərək ona xain deyir. Bunun üzərinə Həkimoğlu "xainliyi qatilliyə üstün tuturam" deyə öz fikrini bildirdikdə o, tutduğu vəzifədən qovulur.
Həkimoğlu Əli paşanın yerinə baş maliyyə rəhbəri Naili Abdullah paşa vəziri-əzəm olub, üç ay sonra o da 1755-ci ilin avqust ayında işdən qovulub, Sakız adasına sürgün edilib və onun yerinə silahdarlıqdan nişançılıqla Divani Hümayuna məmur edilən Bığlı Əli paşa gətirilib.
Sultan III Osman xanın belə tez-tez sədr-əzəm dəyişdirməsinin bir səbəbi də III Əhmədin şahzadələrini öldürtmək üçün imiş. İstər özünün, istərsə də qardaşı Mahmudun uşaqları olmamışdı. Sultanın şahzadələri öldürtmək istəməsi xalq arasında da geniş yayılmışdı. Hətta 1756-ci ilin dekabr ayında vəfat edən 42 yaşındakı ən böyük Şahzadə Məhmədin vəfatının qəsdən olduğu şayiə halında yayılmışdı. Xüsusilə Həkimoğlunun sədarətdən uzaqlaşdırılması və ölümdən zorla qurtarılmasına səbəb Sultan III Osman xanın şahzadə Məhmədi öldürtmək arzusu idi. Həkimoğlunun nifrətlə rədd etdiyi bu təklifi ikinci dəfə sədarətliyində Bahir Mustafa paşa edib və beləcə qoca şahzadə boğulub. Hətta ondan sonra böyük şahzadə olan Mustafa zəhərlənməkdən qorxaraq dərmanı belə ehtiyatla qəbul edərmiş.
Raqib paşanın sədrliyi zamanında padşah üzərində qızlar ağası Əbu Kof Əhməd ağa təsirli olub. O, padşahın ciddi xəstəliyi səbəbilə öz məqamında qalmaq üçün Raqib paşanı əzl etdirib yerinə özünün yaxın adamı olan Kül Əhməd Paşazadə Əli paşanı gətirmək istəyib. Bu məqsədlə Raqib paşanı saraya dəvət edib və onun əlindən sədarət möhrünü almaq üçün baltaçılar kənxudasını göndərib. Fəqət bu adam gəlmədən əvvəl sultanlıq ağasının yazıçısı İbrahim bəy Raqib paşaya gizlicə təzkirə göndərərək, yaranan vəziyyəti ona bildirib və padşahın sabaha çıxmayacaq dərəcədə ağır xəstə olduğunu bəyan etməklə gündüz vaxtı Babialidə olmamasını tövsiyə edib. Raqib paşa da yazıçının tövsiyəsi ilə paşa qapısından çıxaraq saraydan uzaqlaşıb. Sultan ağasının göndərmiş olduğu baltaçılar kəndxudası bir neçə dəfə Babialiyə gəlsə də sədr-əzəmi tapa bilməyib. Nəhayət, axşam çağı paşa qapısına qayıdan sədr-əzəm Raqib paşa gecə yarısı Sultan III Osman xanın vəfat etdiyini xəbər alaraq əzl edilməkdən qurtulub.
Nəticədə, Sultan III Mustafa xanın zamanında öz məqamında qalan Raqib paşa sultanlıq ağasını əzl etdirib Rodosa sürgün etdirdikdən sonra onun arxasından göndərilən bir fərmanla onu qətl etdirib.
Tarixçi Vasif Sultan III Osman xanın comərdliyindən bəhs edirsə də, o dövrü yaxşı bilən Şamdanizadənin yazdığına görə, o, olduqca xəsis olub. Onun ehsanı 60 quruşu keçməzmiş. Bəzən lütf etdiyi zaman onun ehsanı 100 quruşdan yuxarı çıxmazmış. Gəzintiyə çıxarkən çarşıda satılan kabab, ləbləbi kimi şeyləri satın alar və açıqda yeyərmiş. Səltənəti zamanında ortaya çıxan Xocapaşa və Cibali yanğınları İstanbulun dörddə-üçünü yandırıb. Yenə onun zamanında çuma xəstəliyi və dənizi donduracaq qədər qış olub.
Sultan III Osman xan sultanlığının üçüncü ilində - 29 oktyabr 1757-ci ildə vəfat edib. Yeni caminin yanındakı qardaşı I Mahmud xanın türbəsində dəfn edilib.
Sultan III Osman xan kasıblara daim şəfqətli davranıb. Yalan və rüşvətə qarşı mübarizə edər, kimliyindən aslı olmayaraq, rüşvətxorla yalançını əfv etməzdi. Qadınların diqqət çəkən qiyafətlərlə küçəyə çıxmalarını qadağan edib. Müqəddəs dinimizə əhəmiyyət verərək çox sayda cami inşa etdirib. Bununla yanaşı, indi mövcud olan Ahırqapı fənəri ilə Midilli adasında tüccar gəmilərinin yeri olan Sığrı limanında bir qala ilə bir dəniz fənəri onun zamanında inşa edilib.
Fazil QARAOĞLU professor