Elşad Həsənov: “Xəzər hövzəsində gəmilərin vurulması riskləri artırır və Azərbaycana müəyyən problemlər yarada bilər”
Ukrayna Xəzər dənizinin akvatoriyasında Rusiya gəmilərinə uzaq məsafədən zərbələr endirməkdə çox yaxşı nəticələr əldə edib. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib: “Bunlar İrandan hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər, həmçinin hərbi gəmi olub”.
Zelenski vurğulayıb ki, Müdafiə Qüvvələri Rusiyanın müxtəlif regionlarında Ukraynaya qarşı müharibə üçün fəaliyyət göstərən obyektləri də vurub.
Məlumat üçün qeyd edək ki, iyunun 25-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb. Bu arada İranın xarici işlər naziri Abbas Araqçı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığında Xəzər dənizində İran ticarət gəmisinə hücuma toxunub. Ukraynanın son dərəcə təhlükəli hərəkətlərinə münasibət bildirən İran xarici işlər naziri Aİ nümayəndəsinə Kiyev tərəfdarı kimi məsuliyyətini xatırladıb və bu cür macəraların regional, beynəlxalq sülh və təhlükəsizlik üçün gözlənilməz nəticələri barədə xəbərdarlıq edib.
Maraqlıdır, müharibənin Xəzərə, özü də sahillərimizə nisbətən yaxın akvatoriyaya keçməsi Azərbaycan üçün hər hansısa risklər yarada bilərmi? Hansısa yanlışlıq, radio elektron mübarizə vasitələrinin təsirindən bizim üçün xoşagəlməz hallar yarana bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, beş ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində son aylar qarşıdurma daha intensiv xarakter almağa başlayıb: “Artıq Ukrayna Rusiyanın 3 min kilometrlik dərinliklərini belə vura bilir. Halbuki, bir neçə il əvvəl bunu təsəvvür belə etmək çətin idi. İyulun 25-də Ukrayna qüvvələri tərəfindən Rusiyanın Xəzər akvatoriyasında İrana məxsus gəminin vurulması böyük ajiotaja səbəb oldu. İran xarici işlər naziri Araqçi Avropa İttifaqı rəsmisi ilə danışanda bildirib ki, bu, cavabsız qalmayacaq. Bununla açıq şəkildə hədələyici mövqedən çıxış edib. Məlum insidentlə bağlı İran XİN-i Ukrayna səfirini nazirliyə çağırıb və nota verilib. Görünən odur ki, Xəzərdə mülki gəminin vurulmasını İran özünə qarşı hücum hesab edir. Prezident Zelenski isə İrandan Rusiyaya hərbi ləvazimat daşındığını bildirir. Görünən odur ki, müharibənin əhatə dairəsi daha da genişlənir. İstənilən halda Xəzər hövzəsində gəmilərin vurulması riskləri artırır və Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Çünki Xəzərin Azərbaycan akvatoriyasında neft hasil olunur. Hansısa yanlışlıq, üçüncü tərəfin təxribatı xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər. Hesab edirəm ki, bununla bağlı Azərbaycanın müvafiq orqanları Ukrayna, Rusiya və İranla danışıqlar aparacaq. Xəzər dənizinin yeni müharibə platformasına çevrilməməsi üçün lazımı işlər görüləcək. Əks təqdirdə gələcəkdə həm də Avropa İttifaqı üçün də çox çətin ola bilər. Çünki Azərbaycan həm də Aİ-nin enerji təhlükəsizliyini təmin edir. Avropanın 10 ölkəsinə qaz ixrac edirik. Ona görə də müharibənin miqyası genişlənsə, Avropanın qaz təchizatı üçün çox böyük problemlər yarana bilər”.
Vidadi ORDAHALLI