Fuad İbrahimov: “Yeni boru kəmərləri üçün sərfəli şərtlərlə kredit verməlidirlər, yoxsa Avropa qazsız qala bilər”
Qışa qədər Avropa qaz anbarlarını doldura bilməyəcək. Avropa qışın əvvəlinə qədər qaz anbarlarını 80 faiz doldurmaq məqsədinə çata bilməyəcək. “Reuters”in yaydığı məlumata görə, Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Equinor şirkətinin baş direktoru Anders Opedal bu fikirdədir.
Onun sözlərinə görə, səbəb qlobal qaz bazarındakı gərginlik və Asiya alıcıları tərəfindən artan rəqabətdir: “Biz inanmırıq ki, Avropa bu payız anbarlarının 80 faizindən çoxunu doldura biləcək".
Anbarlarda vəziyyət həyəcanvericidir, hazırkı tutum səviyyəsi cəmi 54 faiz doldurulub. Bu, beş illik orta göstəricidən xeyli aşağı; 15 ildə ikinci ən aşağı səviyyə; 2021-ci ildə qeydə alınan ilin bu vaxtı üçün tarixi minimuma yaxındır. Opedala görə, saxlama səviyyəsinin aşağı olması səbəbindən Avropa bu qış əvvəlki illərə nisbətən bazar qiymətlərinin dəyişkənliyinə daha çox həssas olacaq.
Maraqlıdır bütün bunlar Avropa İttifaqının, Avropa banklarının qazıntı yanacağının hasil edilməsinə tətbiq etdikləri maliyyə, investisiya məhdudiyyətlərini ortadan qaldıracaqmı? Yaranmış vəziyyət onları buna məcbur edə bilərmi? Yeri gəlmişkən, belə yanaşmanın doğru olmadığını Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, proseslərin gedişi bu ilin Avropada ən çətin illərdən biri olacağını göstərir: “Məsələ ondadır ki, Ukraynada müharibə başlamazdan əvvəl Avropanın əsas qaz təchizatçısı Rusiya idi. Bu, ənənəvi quru yollarla Ukrayna üzərindən həyata keçirilirdi. Söhbət “Dostluq” qaz kəmərindən gedir. O cümlədən, Baltik dənizinin dibi ilə çəkilən qaz kəməri ilə qaz ixrac edilirdi. Avropa İttifaqı ölkələri içərisində Rusiyanın ən böyük qaz alıcısı Almaniya idi. Ancaq müharibə başlayandan sonra Rusiyadan qaz idxalı minimuma endirildi. Aİ 2027-ci ildə Rusiya qazından tamamilə imtina edəcək. Avropa ABŞ-dan, Körfəz ölkələrindən, Əlcəzairdən sıxılmış qaz idxalını artırır. O cümlədən, Azərbaycandan qaz idxalı artır. Bu ildən Almaniya da Azərbaycandan qaz idxal edir. Sıxılmış qaz idxalı Avropa üçün baha başa gəlir. Azərbaycanın zamanında boru kəmərlərinə yatırdığı investisiyalar indi öz bəhrəsini verir. Ancaq nəzərə almalıyıq ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Ona görə də əlavə qaz nəqli ilə bağlı Avropa maliyyə qurumları qazıntı yanacağının hasilatına qoyduqları kredit məhdudiyyətlərini dərhal götürməlidilər. Yeni boru kəmərlərinin çəkilmsinə sərfəli şərtlərlə kredit verməlidilər. Əks təqdirdə Avropa qazsız qala və qışda çox ciddi çətinliklərlə üzləşə bilər. Çünki heç kim bilmir Ukraynada müharibə nə zaman bitəcək. Hörmüz boğazı ətrafında vəziyyətin nə zaman stabilləşəcəyi bəlli deyil. İyul ayı başa çatır, amma qaz anbarlarının doluluq səviyyəsi 55 faiz ətrafındadır. Bu, vəziyyətin kritik olmasından xəbər verir. Qışda hava şəraiti kəskin keçsə, əsl problem onda özünü göstərəcək. Fikrimcə, Avropa bankları qazıntı yanacağı ilə bağlı məhdudiyyətlərə yenidən baxa bilər. Çünki vəziyyət bunu tələb edir”.
Vidadi ORDAHALLI