Azər Həsrət: “Bütün bunlar onu göstərir ki, Rusiyanın vəziyyəti həqiqətən acınacaqlıdır”
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-dan yeni təkliflər gözlədiklərini deyib:
“Gözləyəcəyik. Məsələ ondadır ki, biz xüsusi hərbi əməliyyatımızı davam etdiririk, yəni məqsədlərimizə hərbi vasitələrlə çatmağa davam edirik. Bəli, bu, üstünlük verdiyimiz yol deyil, lakin sülh perspektivlərinin olmadığı şəraitdə sona qədər - tam qələbəyədək gedəcəyik. Bununla yanaşı, yeni təklifləri də gözləyəcəyik. Amerikalılar səmimidirlər. ABŞ prezidenti Donald Tramp da, onun danışıqlar aparan nümayəndələri də hamı üçün məqbul ola biləcək müəyyən variantlar hazırlamaq istəyində səmimidirlər”.
Diqqəti çəkən məqam odur ki, son dövrlər ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə Kreml sərt etiraz edib, Trampı qıcıqlandırmaqdan yayınır. Halbuki, bir ay əvvəl BMT-nin iclasında ABŞ-ın daimi nümayəndəsinin müavini Den Neqrya Birləşmiş Ştatların Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini bir daha təsdiqləyib və Moskvanı dərhal sülh danışıqlarına razılıq verməyə çağırıb. Daha sonra NATO sammitində Tramp Ukrayna ilə bağlı dəstəyini ifadə edib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Azər Həsrətin fikrincə, Rusiya əslində küncə sıxışdırıldığının fərqindədir: “Başa düşürlər vəziyyət artıq o həddə gəlib çatıb ki, indi hərəkət etmək üçün imkanlar tükənib. Nə etmək lazımdır? Əlbəttə, bir bəhanə ilə müharibəni dayandırmaq, vaxt qazanmaq, uzatmaq və danışıqlar prosesinə keçmək. Bunu da yəqin ki, Ukrayna Rusiyanın şərtləri ilə etməyəcək. Necə ki, əvvəl etmirdi. Deməyim odur ki, Rusiyanın vəziyyəti həqiqətən acınacaqlıdır. Birləşmiş Ştatlardan nəsə gözləməyə gəldikdə isə, Tramp prezidentliyə başlayan kimi, fəal şəkildə müharibəni dayandırmağa çalışdı. Ukrayna tərəfi müharibəni dayandırmağa hazır olduğunu göstərdi. Rusiya tərəfi isə sadəcə oyun oynamağa çalışdı. Ona görə də Tramp obrazlı şəkildə “canınız cəhənnəmə” deyib meydandan çəkildi və onları başlı-başına buraxdı. Nəticə odur ki, Rusiya getdikcə daha da pis vəziyyətə düşür. O üzdən, indiki şəraitdə ABŞ-a dolayı xəbər göndərirlər ki, gəl bu danışıqları bərpa et. Biz yenidən müharibəni dayandıraq və yenidən masa arxasında oturub danışıqlar aparaq. ABŞ bunu edərmi? O şərtlə edər ki, Rusiya ağlabatan şərtlə çıxış etsin”.
Vidadi ORDAHALLI