Bu günlərdə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq olunacağını açıqlayıb. Qurum bildirir ki, iyulun 14-21-də Rusiya mütəxəssisləri Ermənistanın süd emalı müəssisələrində yoxlamalar aparıb və 2023-2024-cü illərdə keçirilmiş təftişlər zamanı da qeydə alınan analoji pozuntuları təsdiqləyib.
"Rosselxoznadzor"un məlumatına görə, xammal və hazır məhsullar üçün baytarlıq sənədləri düzgün rəsmiləşdirilməyib, həmçinin daxil olan xammalın baytarlıq-sanitariya ekspertizası aparılmayıb: "Ermənistanın, xüsusilə də 2019-cu ilin hökumət islahatlarından sonra kənd təsərrüfatı istehsalçılarına effektiv nəzarət edə bilmədiyi bir daha təsdiqlənir". Rusiya bundan əvvəl də Ermənistandan idxal olunan tərəvəz, meyvə, gül, spirtli içkilər, su və balıq məhsullarına müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Baş nazir Nikol Paşinyan isə ölkəsinin Avropa İttifaqına yaxınlaşmaq planları ilə bağlı bəyanatlar verib. İyunun ortalarında "Rosselxoznadzor" Ermənistandan gətirilən "karantin nəzarətinə tabe olan" məhsulların idxal qadağasını genişləndirərək, bu siyahıya təxminən 130 növ məhsul daxil edib. Bunlar fonunda Ermənistan balıqçıları Rusiyanın balıq idxalına məhdudiyyətlər qoymasından sonra sənayenin çökməsi riski barədə xəbərdarlıq edirlər. Onların sözlərinə görə, hazırda fermalarda təxminən 15 min ton diri balıq var və alternativ bazar yoxdur. İstehsalçılar dövlət dəstəyinə ümid edirlər, lakin yeni bazarlar tapmaq üçün, demək olar ki, vaxtlarının qalmadığını deyirlər. “Margaryan Fish” balıq fermasının təsisçisi Suren Margaryan etiraf edir ki, son aylarda fermanı xilas etmək üçün evini, torpağını, maşınlarını və qızıl zinət əşyalarını satmalı olub: "Biz istehsalçıyıq, amma sanki kiçik tacirlərə çevrilmişik. Borc almadığımız bir dostumuz qalmayıb. Görüşdüyümüz hər kəsdən kredit istəyirik. Artıq üç aydır ki, kreditlərimizi gecikdiririk. Nə baş verdiyini anlayana qədər banklardan güzəşt müddəti istədik, amma məsələ hələ də nəzərdən keçirilir. Krediti olmayan bir dənə də olsun təsərrüfat yoxdur - bu sahə böyük investisiya tələb edir".
O, 21 yaşından bəri balıqçılıqla məşğuldur. Bu gün onun ferması ildə təxminən 200 ton balıq istehsal edir. Surenin sözlərinə görə, şirkət praktik olaraq sıfırdan qurulub. İş həftənin yeddi günü, çox vaxt gecə-gündüz görülməli idi. Məhsullarının təxminən 90%-i Rusiyaya ixrac olunurdu, buna görə də daxili bazar çoxdan onun əsas bazarı olmaqdan çıxmışdı. O izah edir ki, iri fermer təsərrüfatları ixraca yönəlib, kiçik istehsalçılar isə daxili bazarı təmin edir. Əgər bütün istehsal daxili olaraq qalsaydı, bazar tez bir zamanda həddindən artıq doymuş olardı. May ayından bəri, Rusiyaya balıq ixracına məhdudiyyətlər qoyulduqdan sonra Ermənistanın 160-dan çox fermadan ibarət bütün balıqçılıq sektoru çətin vəziyyətdədir. Suren ən çox zərər çəkənlərdən biridir. Lakin məhdudiyyətlər tətbiq olunmazdan əvvəl onun ferması hələ balıq ixrac etməmişdi: ilin əvvəlinə qədər tələb olunan ölçüyə çatmamışdı və böyüməyə davam etmişdi. İndi təsərrüfat gündəlik olaraq zərər çəkir. Surenin sözlərinə görə, əvvəllər balıqlar gündə üç dəfə yemlənirdi və təkcə hər akvarium üçün 30-40 kiloqram yem tələb olunurdu. Son iki həftədir ki, onlar gündə yalnız bir dəfə yem verirlər - sadəcə balığı diri saxlamaq üçün. O deyir ki, xərclər artmaqda davam edir. Elektrik enerjisi, əmək haqqı, yem və fermanın saxlanması daimi xərclərdir və balığı satmaq mümkün deyil. Məhdudiyyətlər bir neçə ay daha qüvvədə qalarsa, istehsal xərcləri o qədər artacaq ki, hətta Avropaya çatdırılma belə iqtisadi cəhətdən mümkünsüz hala gələ bilər. Məhdudiyyətlər tətbiq olunmazdan əvvəl satışla bağlı, demək olar ki, heç bir problem yox idi. Məhsulun əsas hissəsi tez bir zamanda Rusiya bazarına çıxarıldı: "İllər ərzində çox yüksək məhsul keyfiyyətinə nail ola bilmişik. Balıqlarımız ilk dəfə Rusiya bazarına çıxanda müştərilər əvvəlcə onu, yalnız sonra isə dəniz məhsullarını seçirdilər". Onun sözlərinə görə, xüsusi şərtlər altında Ermənistan balığı Rusiyaya 10-12 gün ərzində çatdırılır. Bu müddət ərzində o, Avropa ölkələrinə çatmır və məhsulun dondurulması da problemi həll etmir, çünki bu, onun maya dəyərini xeyli azaldır.
Samirə SƏFƏROVA