Xaqani Cəfərli: "İranın dağılmasından sonra bölgədə yarana biləcək vəziyyətlə bağlı narahatlıqlar var..."
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evdə keçirilən müşavirədə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı narahatlıqlarını ifadə edib. CNN-in mənbələrinə görə, onlar ABŞ prezidenti Donald Trampı münaqişənin daha da kəskinləşməsinin mümkün nəticələri barədə xəbərdar ediblər.
Məlumata əsasən, general Keyn xüsusilə ABŞ-ın silah ehtiyatlarının vəziyyəti və mümkün hərbi eskalasiyanın yarada biləcəyi digər risklərlə bağlı narahatlığını dilə gətirib. Bildirilir ki, silah arsenalının vəziyyəti Trampın diqqətinə çatdırılan əsas məsələlərdən biri olub.
Müşavirədə İrana qarşı kampaniyanın necə aparılması ilə bağlı müxtəlif mövqelər səsləndirilib. Eyni zamanda, Fars körfəzi ölkələrinin ABŞ administrasiyasını təmkinli davranmağa çağırdığı, Trampın isə mümkün hərbi variantları nəzərdən keçirsə də, nümayəndələrinə Tehranla danışıqları davam etdirmək tapşırığı verdiyi bildirilir.
Mənbələrin sözlərinə görə, həm Trampın ətrafında, həm də Pentaqonda bir çox şəxs münaqişənin genişləndirilməsinin ABŞ-ın istədiyi nəticəni verəcəyinə inanmır. Bundan əvvəl də ABŞ-ın İrana qarşı planlaşdırılan zərbələri təxirə saldığı və diplomatik həll variantına üstünlük verdiyi barədə məlumatlar yayılmışdı.
Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri İran kampaniyasının genişləndirilməsindən niyə narahat olub?
Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə bildirib ki, Donald Trampın ikinci prezidentliyi dövründə Ağ Evin siyasətində önə çıxan məqamlardan biri də Tramp adminstrasiyasının dezinformasiyaya önəm verməsi ilə bağlıdır: "Xüsusilə İrana yönəlik siyasətində Tramp adminstrasiyasının dezinformasiya ilə Tehranı çaşdırmağa çalışdığı, bəzi məqamlarda məqsədinə nail olduğu müşahidə olunur. Tehranı çaşdırmağa yönəlik dezinformasiya siyasətinin əsasən CNN, Axios kimi media quruluşlarının üzərindən apardığı aydın hiss olunur. Elə bir vəziyyət yaranıb ki, təhlilçilər Axios-un yaydığı məlumatlara şübhə ilə baxmağa başlayıblar.
Bütün bunlarla yanaşı, Tramp adminstrasiyasında və bütövlükdə Vaşinqtonin siyasi dairələrində İrana iki fərqli baxış var. Məsələn, vitse-prezident Cey Di Vensin baxışlarının dövlət katibi Marko Rubionun mövqeyindən fərqləndiyi məlumdur.
Vitse-prezident Cey Di Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İran kampaniyasının genişləndirilməsindən narahatlıqları da buna görə başadüşüləndir. Cey Di Vens Vaşinqtonin siyasi elitasındakı təcrid tərəfdarlarının fikirlərinin ifadəçəsidir. Vensin siyasi platforması təcridçilik üzərində qurulub. Növbəti prezident seçkilərinə Vens bu platforma ilə getmək istəyir. Ona görə də açıq şəkildə hərbi əməliyyatları dəstəkləməkdən yayınır.
General Den Keyn isə peşəkar hərbiçi kimi İran kampaniyasının genişləndirilməsinin sonda İranın dağılmasına gətirib çıxara biləcəyini bilir. İranın dağılmasından sonra bölgədə yarana biləcək vəziyyətlə bağlı narahatlıqlar var və Vaşinqtonun bu günə kimi İrana qarşı çox sərt davranmamasının əsas səbəblərindən biri də budur".
Dəniz NƏSİRLİ