Rusiya prezidenti Vladimir Putinə yaxın çevrələr Ukraynadan Rusiyada saxlanan ukraynalı pilot, millət vəkili Nadejda Savçenkonun sərbəst buraxılması qarşılığında Rusiyanın Rostov şəhərindən Krıma qədər qurudan dəhliz istəyir.
Baki-xeber.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) başçısının müşaviri Yuri Tandit bildirib.
"Bizimlə həm rəsmi, həm də qeyri-rəsmi şəxslər əlaqə qurmağa çalışdı. Bunların arasında fərqli qeyri-hökumət təşkilatları və özünü, Rusiya dövlət başçısının çox yaxın dostları kimi tanıdan insanlar da var idi. Onlardan biri bizimlə dialoq qurub öz səlahiyyətləri çərçivəsində Nadejda Savçenkonu sərbəst buraxma məsələsini ələ almağa təklif edib. O, "Biz sizə Nadejda Savçenkonu verəcəyik, siz isə bizə Rostovdan Krıma keçid açmağa icazə verəcəksiniz" prinsipinə görə hərəkət ediləcəyini bildirdi" – deyə Ukrayna rəsmisi qeyd edib.
Terrorla mübarizə əməliyyatına könüllü olaraq qatılan Ukrayna ordusunun yeganə qadın pilotu olan baş leytenant Nadejda Savçenko 18 - 19 iyun tarixində Luqansk bölgəsi Sçastye şəhəri yaxınlığında "Luqansk Xalq Respublikası" separatçıları tərəfindən girov götürülüb. 8 iyul tarixində Savçenkonun Rusiyanın Voronej şəhərinə aparılıb. Savçenko Ukraynada rus jurnalistləri öldürməkdə günahlandırılır.