İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 7-də Türkiyəyə səfər edəcək. Trend "TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O deyib ki, səfər zamanı tərəflər bir sıra regional məsələləri, həmçinin İŞİD terror təşkilatı ilə mübarizə üsullarını müzakirə edəcəklər.
M.Çavuşoğlunun sözlərinə görə, İran və Türkiyə arasında İslam dünyasına təhlükə yaradan İŞİD terrorçuları ilə mübarizə məsələsində fikirayrılığı yoxdur.
Bundan başqa Mövlud Çavuşoğlu Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq getdiyinı açıqlayıb(APA). "İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orda ABŞ pilotsuz aparatlarının və aviasiyanın mövcudluğunu görə bilirik. Tezliklə, İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq", - deyə M. Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İncirlik hərbi-hava bazasından ABŞ-ın silah daşıyan pilotsuz uçan aparatların havaya qaldırıldığı barədə məlumatlar yayılmışdı. Suriya ərazisi üzərində uçuşlar edən pilotsuz aparatlar sadəcə kəşfiyyat məlumatları toplamış, İŞİD-in mövqelərinə heç bir zərbə endirməmişdi.
Bazadan istifadə qaydaları çərçivəsində digər ölkələrin da pilotsuz aparatlarından istifadə oluna bilər. Təyyarələrin istifadə qaydaları ilə bağlı qərarlar isə hər dəfə Türkiyə və ABŞ-ın birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.
Xatırladaq ki, ABŞ uzun müddət bu bazadan İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilməsi üçün icazə almağa çalışır.
Son məlumatlara görə, bazadan silahlarla təchiz edilmiş ABŞ pilotsuz aparatları qalxmağa başlayıb.