Bütün dünyada İraq Şam İslam Dövlətini (İŞİD) yox etmək ətrafında müzakirələr davam edərkən Rusiyanın da bununla bağlı xüsusi planı olduğu ortaya çıxıb. Rusiya prezidenti Vladimir Putinin payızda Nyu Yorkdakı BMT zirvəsində bunu gündəmə gətirəcəyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, dünən Qətərdə keçirilən Körfəz Əməkdaşlıq Şurası (KİK) ölkələri xarici işlər nazirləri ilə Rusiya və amerikalı nazirlərin zirvəsində də gündəmində İŞİD təhdidi olub. Zirvə çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə də bir araya gəlib. Görüşdə terrorçulara qarşı beynəlxalq mübarizənin səmərəli şəkildə birləşdirilməsi müzakirə olunub.
Rusiyanın "Kommersant” qəzeti danışıqların pərdəarxası ilə bağlı maraqlı məlumatlar əldə edib. Qəzet yazır ki, Rusiyanın İŞİD-ə qarşı öz planı var. Moskva İŞİD-lə mübarizə üçün yeni bir beynəlxalq koalisiya yaradılmasını təklif edir. Qəzet, Qətər zirvəsində Lavrovun ilk dəfə Putinin planının detallarını açıqladığını yazır. Rusiyanın təklifi BMT Təhlükəsizlik Şurasının qərarı əsasında İraq və Suriya orduları, kürd qrupları və bölgə ölkələrindən ibarət geniş koalisiya qurulmasından ibarətdir. Koalisiya planında Türkiyənin də adı çəkilir.
Putinin İŞİD-lə mübarizə planında kürdlər 3 əsas gücdən biri kimi göstərilir. "Kommersant”ın xəbərinə görə, Bağdad və Dəməşq hökumətləri, eələcə də kürd qüvvələri yeni koalisiyanın əsas bazasını təşkil edəcək.
Ancaq Əsəd hökumətinin də yer alacağı yeni həll variantına ABŞ və Ərəb ölkələrinin isti baxmadığı bildirilir. Rusiya isə Əsədsiz həll variantı təkliflərini qətiyyətlə rədd edir.
Qeyd edilir ki, Rusiya bütün bölgə ölkələri ilə ayrı-ayrılıqda qurduğu sıx əlaqələri koalisiya qurmaq üçün istifadə etmək istəyir. Putinin payızda Nyu Yorkdakı BMT zirvəsində bu mövzunu gündəmə gətirəcəyi gözlənilir.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin İŞİD-lə mübarizədə ortaya qoyduğu planın detallarını açıqlamağın hələ tez olduğunu, bununla bağlı ortaqların cavablarını gözlədiklərini bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsədin gələcəyilə bağlı Putinin baxışının müsbət istiqamətdə dəyişdiyini söylədiyi iddia edilmişdi.
Onu da qeyd edək ki, iki gün əvvəl ABŞ hərbi hava qüvvələrinə Suriya hökumət qüvvələrini vurmaq barədə ilk dəfə göstəriş verilib. Belə ki, ABŞ prezidenti Barak Obama İŞİD və Suriya ordusunun hücumlarına qarşı müxalif döyüşçülərə hava əməliyyatları ilə qorunması ilə bağlı təlimat verib. Ağ Evdən bildirilib ki, mülayim müxalifətin başlıca vəzifəsi Əsəd deyil terror təşkilatı İŞİD-ə qarşı mübarizə aparmaq olacaq.
"Wall Street Journal” yazır ki, ABŞ-ın təlim proqramı yalnız 60 suriyalı döyüşçü ilə tamamlanıb. Digər döyüşçülər təlim düşərgələrini tərk edərək Əsəd hökumətinə qarşı mübarizəni davam etdirir. Onların aralarından bəzilərinin də İŞİD-ə qatıldığı bildirilir.