Əli Mustafa: “Əslində Paşinyan hakimiyyəti bu məsələdə vahid mövqedən çıxış edir”
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir. Bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bəyan edib.
“Ermənistanın KTMT-yə münasibətdə siyasəti daha əvvəl müəyyənləşdirilmişdi: biz iştirak etmirik, lakin qərarların və sənədlərin qəbul edilməsinə mane olmuruq”, - o bildirib. "Ermənistan nə üçün təşkilatdan çıxmır" sualını şərh edərkən nazir müavini qeyd edib ki, hazırkı mərhələdə İrəvan məhz belə bir xətti izləyir: “Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətdən çıxış edərək yürüdür”.
Parlament sədri Alen Simonyan isə xarici işlər nazirinin müavini Mnatsakan Safaryandan fərqli olaraq hesab edir ki, ölkə faktiki olaraq KTMT-ni tərk edib: “Biz faktiki olaraq oradan çıxmışıq. Qalanlarına gəldikdə isə, bunu siyasi məqsədəuyğunluq və danışıqların gedişinə buraxın”.
Burada diqqəti çəkən məqam odur ki, iki rəsmi şəxs bir-birinə zidd mövqe sərgiləyir. Biri deyir çıxmaq müzakirə edilmir, o biri deyir reallıqda Ermənistan təşkilatdan çıxıb. Sanki Ermənistan hakimiyyətində KTMT ilə bağlı vahid mövqe yoxdur.
“Sadəcə, Rusiyadan çəkindikləri üçün söz oyunu görüntüsü yaradaraq belə rəy yaratmağa çalışırlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, əslində de-fakto Ermənistan KTMT-də iştirak etmir: “Əslində Paşinyan hakimiyyəti bu məsələdə vahid mövqedən çıxış edir. Sadəcə, Rusiyadan çəkindikləri üçün söz oyunu görüntüsü yaradaraq belə rəy yaratmağa çalışırlar. Çünki bir sıra məsələlərə görə de-yure KTMT-dən çıxa bilmirlər. Hesab edirlər ki, bunun hələ vaxtı deyil. Yoxsa necə ola bilər ki, parlament sədri bir söz, XİN rəsmisi başqa bir söz desin? O üzdən, bu, razılaşdırılmış oyundur. Çünki Rusiya-Ukrayna müharibəsinin nəticəsinin necə olacağı hələ bəlli deyil. Rusiyanın güclənməsi və yaxud da zəifləməsi hələ qeyri-müəyyən vəziyyətdədir. Ona görə də KTMT ilə bütün əlaqələri hələ tamamilə üzmürlər. Ancaq eyni zamanda, həm də Rusiyadan uzaqlaşmağa çalışırlar. Ermənistanın Rusiyadan uzaqlaşmasının yolu isə Türkiyə və Azərbaycanla müttəfiqlikdən keçir. Başqa yolları yoxdur. Ya onlar Rusiyanın orbitinə qayıdırlar və Paşinyanın dediyi kimi suverenliklərini itirirlər, forpost olurlar, ya da müstəqil dövlət olmaq istəyirlərsə, o zaman region dövlətləri və Qərblə əməkdaşlığı dərinləşdirirlər. Odur ki, onlar bir formada gözləmə rejimindədirlər. Əslində dünyaya, əsasən də Qərbə mesaj verirlər ki, biz KTMT ilə əməkdaşlıq etmirik. Demək istəyirlər ki, Rusiyanın hərbi-siyasi orbitinə qayıtmırıq. Ancaq digər tərəfdən, Rusiyanın nələr edə biləcəyini də hesaba qatırlar. Çünki Rusiya Ukraynada məqsədlərinə çatsa, Ermənistana təzyiqlər artacaq. Yox, əgər Rusiya zəifləsə, Ermənistanın KTMT-dən çıxması qaçılmazdır. Hətta Gümrüdə yerləşən Rusiya hərbi bazalarını belə çıxaracaqlar”.
Vidadi ORDAHALLI