ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesi ilə bağlı mübahisəli açıqlamalar verib.
Tramp "Ukraynadan Rusiyaya çox böyük ərazi güzəşt etməsi istənilibmi?" sualına cavab olaraq bildirib ki, Ukraynanın hazırkı vəziyyətinə olduqca pessimist baxış bucağı ilə yanaşır: "Baxın, vəziyyət yalnız bir istiqamətdə gedir. Yəni, nəticə etibarilə, yaxın bir neçə ay ərzində Rusiyanın əlinə keçə biləcək ərazilər... Beləliklə, döyüşmək və 50-60 min insanı itirmək istəyirsiniz, yoxsa indi nəsə etmək?"
Rusiyanın hər hansı bir sülh razılaşmasında hansı güzəştlərə gedə biləcəyinə gəldikdə isə Tramp deyib ki, onlar da güzəştə gedirlər: “Onlar müharibəni dayandırmaqla və daha çox ərazi ələ keçirməməklə güzəştə gedirlər".
Trampın bu açıqlamasında belə nəticə çıxarmaq olar ki, Rusiyanın hərbi əməliyyatları dayandırması və daha da irəliyə getməməsi gələcəkdə Moskvanın "güzəşti" kimi qəbul edilə bilər. Digər tərəfdən, Trampın bu açıqlaması onun ikinci prezidentliyi dövründə Ukraynaya ilə bağlı siyasətinin, Kiyevin ərazi itkilərini qəbul etməsindən asılı ola biləcəyini göstərir.
Buradan bir daha aydın olur ki, sadəcə Ukrayna təzyiqlərlə güzəştlərə məcbur edilir, həm də ərazi güzəştlərinə... Trampın dediklərindən belə nəticəyə gəlmək olar ki, Ukraynanın güzəştləri qarşılığında Rusiya faktiki heç bir güzəştə getmir. Əgər doğurdan da danışıqların nəticəsi belə olacaqsa bu, illərlə təcavüzkar ölkəyə qarşı qəhrəmancasına döyüşən Ukraynanın yanında olan Qərbin məğlubiyyəti olacaq.
TAHİR