Bəhruz Quliyev: “Qarabağ Zəfəri bütün türk xalqları üçün ortaq sevinc, ortaq qürurdur”
Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Prezident qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. “İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.
“Türk dünyasının yüksəlişi artıq siyasi bəyanat yox, real inkişaf modelinə çevrilib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “Bu gün Türk dünyası təkcə siyasi müstəvidə deyil, həm də mənəvi birlik və strateji tərəfdaşlıq baxımından özünün yeni yüksəliş mərhələsini yaşayır. Bu isdiqamətdə ciddi proseslərin getdiyini müşahidə edirik. Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumuna ünvanladığı müraciət bu reallığın ən yüksək səviyyədə ifadəsidir. Burada əksini tapan məqamlar məsələnin nə qədər önəmli olmasından xəbər verir. Dövlət başçısı haqlı olaraq vurğulayıb ki, beş il əvvəl əldə etdiyimiz Qarabağ Zəfəri bütün türk xalqları üçün ortaq sevinc, ortaq qürurdur. Bu Zəfər təkcə Azərbaycanın deyil, bütövlükdə Turan coğrafiyasının gücünün, iradəsinin və birliyinin rəmzidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Zəngəzur dəhlizinin reallaşmaqda olması təkcə regional əhəmiyyət daşımır. Prezidentin qeyd etdiyi kimi, bu proseslər türk dövlətləri arasında iqtisadi, logistika və humanitar əməkdaşlığın yeni səhifəsini açır, birliyi daha da gücləndirir. Türk dünyasının yüksəlişi artıq siyasi bəyanat yox, real inkişaf modelinə çevrilib. Azərbaycan bu modelin mərkəzində dayanır və bu liderlik missiyası Prezident İlham Əliyevin strateji baxışının məntiqi nəticəsidir”.
Vidadi ORDAHALLI