Aydın Mirzəzadə: “Dilimizin, tariximizin, mədəniyyətimizin birliyi bizləri daha da yaxın edir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə bir sıra məsələlərə toxunulub. O cümlədən qeyd edilib ki, regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.
Türk dövlətlərinin vahid güc mərkəzinə çevrilməsində qeyd edilən etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərin nə kimi gücləndirici təsiri var? Ümumiyyətlə, türk dövlətlərinin inteqrasiyasına mane olanlar nədir?
“Türk dövlətləri birlikdə regional və beynəlxalq layihələr həyata keçirir, bu layihələrin nəticəsi də göz önündədir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, etnik faktor ətrafında birlik təşkilatları dünyada kifayət qədərdir: “İngilis, fransız, ispandilli təşkilatlar var, onlar vaxtaşırı görüşür, mədəniyyətlərini, tarixlərini qorumağa dair tədbirlər keçirir. Türkdilli dövlətlər təşkilatı Sovet imperiyası dağılandan sonra yaradılıb. Ötən müddət ərzində bu dövlətlərin bir-birinə nə qədər yaxın olduğunu həm bu ölkələrin əhalisi, həm də dünya gördü. Prezident İlham Əliyevin “biz birlikdə güclüyük” deyilən məşhur bir ifadəsi var. Bəli, biz türk dünyası olaraq da birlikdə güclüyük. Bu birlik bütün məsələlərdə özünü açıq şəkildə göstərir. Dilimizin, tariximizin, mədəniyyətimizin birliyi bizləri daha da yaxın edir. Türk dövlətləri bir-birinin uğurlarına sevinir, dəstək olur. Məlumdur ki, türk dövlətləri birlikdə regional və beynəlxalq layihələr həyata keçirir. Bu layihələrin nəticəsi də göz önündədir. Maraqlı məqam ondan ibarətdir ki, bu birlik əhval-ruhiyyəsi aşağıdan yuxarıya hər bir kəsin qəlbində, düşüncəsindədir. Danılmaz faktdır ki, Azərbaycan bu birliyə önəm verdiyini dəfələrlə açıq şəkildə nümayiş etdirib. Bundan sonra da biz hər bir türk dövlətinin güclü olmasında, mədəniyyətinin qorunmasında yaxından iştitrak edəcəyik”.
Günel CƏLİLOVA