Putin və Ərdoğanın son telefon danışığı bir daha göstərdi ki, Ankara Ukrayna-Rusiya münaqişəsində vasitəçilik rolunu davam etdirmək istəyir. Lakin beynəlxalq reallıq və güc tarazlığı Türkiyənin bu prosesdə həlledici təsir gücünə malik olmadığını göstərir.
Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqə qura bilən azsaylı ölkələrdən biridir və bu ona humanitar məsələlərdə - əsirlərin dəyişdirilməsi, mülki şəxslərin qaytarılması, taxıl marşrutlarının idarəsi kimi sahələrdə mühüm köməkçi rol oynamağa imkan verir. Ancaq müharibənin siyasi taleyinə təsir etmək məsələsində Ankaranın imkanları məhduddur.
ABŞ belə Moskvanı sülh planına razı salmaqda çətinlik çəkdiyi, hətta hələ ki bacarmadığı halda, Türkiyənin buna nail olması real görünmür. Türkiyənin Rusiyadan enerji və iqtisadi asılılığı onun Moskva qarşısında təzyiq imkanlarını xeyli zəiflədir. Eyni zamanda, Ukrayna və Avropa üçün əsas təhlükəsizlik təminatçısı ABŞ və NATO olduğundan, Ankaranın bu dairələrə strateji təsir gücü yoxdur. Avropa ölkələri ABŞ-ın təklif etdiyi planın hazırkı variantına müsbət yanaşmırsa, onların Türkiyənin alternativ təkliflərinə daha isti yanaşacağı inandırıcı deyil. Üstəlik, Ukrayna cəmiyyəti və siyasi rəhbərliyi işğal faktını qəbul etməyi mümkün saymır, Türkiyə isə Kiyevi belə bir mövqeyə inandırmaq gücünə malik deyil.
Avropanın da Türkiyəyə etimadı tam deyil. Rusiyaya yaxın iqtisadi münasibətlər, enerji əməkdaşlığı və Ankara-NATO münasibətlərindəki gərginliklər Türkiyənin neytral vasitəçi kimi qəbul olunmasını çətinləşdirir. Bu səbəblərdən Türkiyənin danışıqlara real strateji yön verə bilməsi gözlənilmir. Bununla belə, Ankara dialoq kanallarının açıq qalması, humanitar razılaşmaların əldə olunması, əsir və uşaqların qaytarılması, texniki danışıqlar üçün platforma təmin edilməsi kimi funksional, lakin məhdud sahələrdə rol oynaya bilər.
Nəticə olaraq, Türkiyənin münaqişədə vasitəçi kimi fəaliyyəti dəyərli və faydalı olsa da, münaqişənin əsas konturlarını müəyyən edəcək həlledici qüvvə deyil. Sülhün əsas şərtləri və yekun qərarları Vaşinqton, Moskva, Brüssel və Kiyev arasında formalaşacaq. Ankara isə prosesin dayanmaması və humanitar addımların davam etməsi üçün köməkçi rol oynaya bilər və bu yalnız alqışa layiqdir.
Akif NƏSİRLİ