Talibanın mərhum lideri Molla Ömərin ölümündən sonra hərəkatda liderlik uğrunda çəkişmələr başlayıb. Ömərin ölümündən sonra onun yerinə Mullah Akhtar Mohammad Mansur gətirilib. Baki-xeber.com xəbər verir ki, o, iyulun 30-da, qrup Ömərin ölümünü təsdiqləyəndən sonra Talibanın yeni lideri elan olunub.
Ancaq yaraqlı qrupun yeni seçilmiş liderinə qruplaşma daxilində ciddi müxalifət var. Hətta yeni yaraqlı lideri Molla Ömərin ölümündə günahlandıranlar da var.
Belə ki, Talibana bağlı Əfqanıstanda fəaliyyət göstərən Tahrik-i İslami Mahaz Fedai Qrupu Molla Ömərin zəhərlənərək öldürüldüyünü iddia edir. Qrupun sözçüsü Kari Həmzə Molla Ömərin Talibanın yeni lideri Molla Ahtar Mansur tərəfindən zəhərli dərmanlar verilərək öldürüldüyünü bildirib: "Molla Ahtar Mansur Molla Ömər xəstələndiyi vaxt Dubaydan zəhərli dərman gətirdərək, Molla Ömərin yaxın mühafizəçisindən dərmanların ona verməsini istəyib. Molla Ömər dərmanları istifadə etdikdən üç gün sonra vəfat edib. Molla Ömər Əfqanıstanın Zabul vilayətində dəfn edildi. O, Taliban rejiminin devrilməsindən sonra heç bir zaman Əfqanıstan xaricinə çıxmayıb.
Molla Ahtar Mansur keçən may ayında Pakistan-Əfqanıstan sərhədində ABŞ kəşfiyyatçıları ilə görüşdü. Görüşdə hər iki tərəf güya Molla Ömərin Pakistan hakimiyyətinə işlədiyini göstərərək, Amerika tərəfindən öldürüldüyünü ortaya atmaqla bağlı razılığa gəliblər. Amerika dəstəyini də alan Molla Mansur Molla Öməri xalq arasında "Pakistan agenti” kimi göstərmək istəyib".
Vaxtilə Qəndəharın valisi olmuş Mullah Mohammad Hassan Rahmani Azad Əfqanıstan Radiosuna deyib ki, Mansuru Taliban liderlərinin kiçik qrupu seçib və indi ona qarşı güclü komandirlərin də daxil olduğu müxalifət var.
Rahmani deyib ki, o öz dəstəsi ilə Molla Ömərin 23 yaşlı oğlu Yaqubun lider seçilməsini istəyib. Mansuru seçənlər Yaqubu bu posta çox gənc hesab ediblər. Rahmani onu da deyib ki, əfqan hökuməti ilə hazırkı sülh danışıqları ilə bağlı qrup daxilində fikir ayrılığı yoxdur. Ömərin ölümündən sonra danışıqlarda fasilə yaranıb.
Molla Ömərin ailəsi də Molla Mənsura beyət etməyəcəyini açıqlayıb.